Yevlax: Yüksəlişin miqyası ildən-ilə genişlənir

Regional inkişaf proqramlarının son 13 ildə hərtərəfli tərəqqiyə qovuşdurduğu bölgələr sırasında öncüllüyü ilə seçilən Yevlax yeni ilin ilk günlərində daha abad görünür, rayon mərkəzi əzəmət və gözəlliyi ilə cilvələnirdi. Şəhərin giriş qapısı sayılan “dördyol” deyilən ərazi bir çox elementləri ilə son illərin əsrə bərabər inkişaf və yeniləşməsinin əsas məzmununu və yönlərini əks etdirirdi.

Buradan başlayıb hər səmtə şaxələnən yaraşıqlı, ürəkaçan mənzərələrin xoş təəssüratı ilə mərkəzi meydana çatdığı bu yüksəlişin baş qərargahı olan Yevlax Şəhər İcra Hakimiyyətinə gəldik. İlin- günün bu vədəsinin əsas mövzusu ötən ilin necə başa vurulması, yeni ilin hansı hədəflərə yön alması olduğundan yolboyu rastımıza çıxan tanıdığımız və tanımadığımız adamlarla apardığımız söhbətlərin davamı olaraq RİH-də də ötən ilin hesabat sənədləri, cari ildə qarşıda duran vəzifələrlə maraqlandıq, materiallar topladıq. Sonda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla görüşdük. Başçı qazanılmış nailiyyətlərdən doğan məmnunluqla ötən ilin əsas sosial-iqtisadi göstəricilərini yığcam şərh etdi:

– Yola saldığımız 2016-cı il quruculuq-abadlıq işlərinin miqyasının genişləndirilməsi, iqtisadi- sosial inkişafın sürətlənməsi baxımından Yevlax üçün də uğurlu olmuşdur. Prezident İlham Əliyevin daimi diqqət və qayğısını əməli işə çevirən, reqional inkişaf proqramının müddəalarını və digər önəmli layihələri inamla gerçəkləşdirən yevlaxlılar əvvəlki illərdə olduğu  kimi, ötən il də bütün sahələrdə nailiyyətləri artırmışlar. Quruculuq, abadlıq, tikinti işləri il boyu davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, mövcud problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.

Bu günlər əldə olunmuş nəticələr dəqiqləşdirilir, ötən ilin daha əhatəli hesabatı hazırlanır. Əldə olan fakt və rəqəmlər, bir sıra sahələrin nəticələri nailiyyətlərimizin sevindirici olduğunu söyləməyə imkan verir. İlin əvvəlki 3 rübündə ümumi daxili məhsulun həcmi 397,3 milyon manat idi. Bu, əvvəlki illə müqayisədə 33 milyon manat və yaxud 9,1 faiz çoxdur. Ümumi daxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunun payına düşür. Artım, əsasən, istehsalın və xidmətlərin yüksəlməsi hesabına olmuş, məhsulun 7,2 milyon manatını sənaye, 59,8 milyon manatını kənd təsərrüfatı, 20,4 milyon manatını tikinti, 255 milyon manatını ticarət, 4,5 milyon manatını nəqliyyat, 1,0 milyon manatını rabitə, 49,3 milyon manatını digər xidmətlər təşkil etmişdir.

Keçən il rayonda hər nəfərə 3145,7 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilə nisbətən 232,9 manat və yaxud 8 faiz çoxdur. İstehsal və xidmətlərin artımı ümumi rifahı yüksəltmək üçün təminat yaratmışdır. Orta aylıq əməkhaqqı 240 manat təşkil etmiş, əvvəlki illə müqayisədə 14 manat artmışdır. Əhalinin pul gəliri 218,5 milyon manatı ötərək əvvəlki ildəkindən 18,1 milyon manat və yaxud 9 faiz çox olmuşdur. Adambaşına pul gəlirləri 1730 manatı ötmüş və ya 8 faiz artmışdır. 1284 iş yeri açılmışdır. Onlardan 861-i daimidir. Ümumilikdə, 2004-2016-cı illərdə rayonda 12389-u daimi olmaqla 19516 iş yeri yaradılmışdır.

Pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 2015-ci illə müqayisədə 17,2 faiz və yaxud 37,4 milyon manat çoxdur. Əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 29 yeni obyekt yaradılmış, onlar müasir dizaynla tikilərək şəhərin ümumi görkəminə uyğunlaşdırılmışdır.

Müsahibimiz daha sonra qeyd etdi ki, Prezident İlham Əliyevin kəndin ümumi yüksəlişinə, ölkənin varidatını artırmağa yönəldilmiş siyasətinə uyğun olaraq, ötən il aqrar sahədə də əsaslı tədbirlər həyata ­keçirilmişdir. Torpaq mülkiyyətçilərinə yanacaq sərfinə görə ödəncin vaxtında verilməsi təmin edilmiş, onlara güzəştli şərtlərlə 3751,4 ton mineral gübrə satılmışdır. Əkinlərə kifayət qədər su verilməsi üçün Yevlax Suvarma Sistemləri İdarəsi kanallar üzərindəki 104 hidrotexniki qurğuda cari təmir işləri aparmışdır. 340 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənmişdir. 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülmüşdür. Nemətabad kəndinə 700 metrlik beton kanal çəkilmişdir. “Sarıtəpə” “Üzgün” və “Qaroğlan” nasos stansiyalarında da  təmir-bərpa işləri aparılmışdır.

Bu tədbirlər 2016-cı ilin  məhsulu üçün 245 hektarda kartof, 554 hektarda tərəvəz, 7100 hektarda təzə yonca, 10 min 70 hektarda taxıl, o cümlədən 5170 hektarda buğda əkib becərməyə imkan vermişdir. 59,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə  8 ton ət, 10 ton süd,  79 min ədəd yumurta çox istehsal edilmişdir.

Hesabat materiallarından məlum oldu ki, son illərdə Yevlaxda aparılan genişmiqyaslı quruculuq- abadlıq işlərinin davamı olaraq ötən il də bir sıra ünvanlarda tikinti və təmir işləri aparılmışdır. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 21,5 milyon manat olmuşdur. Yevlax  Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, şəhid və Qarabağ müharibəsi əlillərinin ailələri üçün 11 fərdi yaşayış evi istifadəyə verilmişdir. Daha 4 fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulmuşdur. Yevlax şəhərində Koroğlu, Bakıxanov, Zərdabi, Elbrus Məmmədov, Həzi Aslanov, Xətai, Nüşabə, Ərəş, Axundov, Hüseyn Cavid, Arif Əsgərov, Rəşid Behbudov, Məhəmməd Hüseynov, Əliağa Şıxlinski, Baxşəli İmanov, Mirzə Sadıqcan və digər küçələrdə abadlıq işləri aparılmışdır.

Bunlardan əlavə, il ərzində Kür çayı sahilində 5 ulduzlu hotelin, 11 saylı Ərazi Vergilər Departamentinin, İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, 100 yerlik 2 mərtəbəli uşaq bağçasının, Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi aparılmışdır. Nemətabad və Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunmuş və istilik sistemi çəkilmişdir. İrəvanlı şəhərciyində isə məktəb binası əsaslı təmir edilmiş  və istilik sistemi quraşdırılmışdır. Heydər Əliyev prospektində, Qanboy Quliyev və Füzuli küçələrində bir neçə yaşayış binasının damı əsaslı təmir olunmuş, örtüyə metal kirəmit vurulmuş,  fasadlarda təmir işləri aparılmışdır.

Ümumi uzunluğu 8200 metr, sahəsi 49 min kvadratmetr olan avtomobil yollarına 9700 kubmetr çınqıl örtüyü verilmişdir. Bakıxanov küçəsində 560 metr, Koroğlu küçəsində 480 metr avtomobil yoluna asfalt örtüyü salınmış, 1260 metr səki daşları düzülmüşdür. 32-ci məhəllədə yeni tikilən yaşayış evlərinə 560 metr uzunluğunda yol salınmışdır. 6 kəndin ərazisindən keçən Mingəçevir – Aran qəsəbəsi avtomobil yolunda təmir- genişləndirmə işləri aparılmışdır. Aran qəsəbəsində avtomobil yolunun kənarlarına 720 metr səki çəkilmişdir.

Əhalinin zəruri xidmətlərə tələbatının ödənilməsi, içməli su, elektrik enerjisi, qaz və istiliklə təchiz edilməsi üçün əvvəlki illərdə aparılmış işlər də uğurla davam etdirilmişdir. Sukanal İdarəsi istehlakçılara 707 min manatlıq xidmət göstərmişdir. Əhalinin içməli su ilə təminatında,  çirkab, yağış sularının şəhərdən kənarlaşdırılmasında problemlər olmamışdır.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Malbinəsi kəndində 2, Qaramanlı kəndində 3, Rüstəmli kəndində 1, Yevlax şəhərinin Çənlibel ərazisində 1 subartezian quyusu qazılaraq istismara verilmişdir. Artezian və subartezianların, kanalizasiya və nasos stansiyalarının istismarı nəzarətdə saxlanılmışdır. Havarlı kəndinə Mingəçevir sutəmizləyici qurğusundan içməli su xətti çəkilmiş və 587 abonentə smart su sayğacları quraşdırılmışdır. 12 kənddə əhalini ekoloji cəhətdən içməli su ilə təmin etmək məqsədilə modul tipli sutəmizləyici qurğuların quraşdırılması və  xətlərin çəkilməsi üçün texniki sənədlər hazırlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdur.

Yevlax şəhərində, qəsəbə və kəndlərdə əhalinin və istehsalat sahələrinin fasiləsiz  elektrik enerjisi  ilə təmin olunması həyata keçirilmişdir. Elektrik şəbəkəsində 1 milyon 190 min manatlıq tikinti işləri görülmüşdür. Qaraməmmədli və Rüstəmli kəndlərinin əhalisini və  2100 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən “Bakı” nasos stansiyasının elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə 6,5 kilometr 35 kv-luq elektrik  xətti çəkilmiş və transformator yarımstansiyası quraşdırılmışdır.

Bunlardan əlavə, 24 kompleks transformator məntəqəsi quraşdırılmış, 37,9 kilometr hava xətləri, 44 kilometr magistral, 12,9 kilometr abonent, cəmi 56,9 kilometr izolyasiyalı (SİP) elektrik xətləri çəkilmişidr. 2000-dən çox elektrik dayağı dəyişdirilmişdir. Əkin sahələrini suvarma suyu ilə təmin edən  Meyvəli-1 və Meyvəli-2 nasos stansiyalarının elektrik xətlərində yenidənqurma işləri aparılmışdır.

Son vaxtlar Yevlax şəhərində və kəndlərdə qazlaşdırma işləri sürətlə aparılmış, ümumi abonenetlərin 95 faizi təbii yanacaqla təmin olunmuşdur. Şəhər də daxil olmaqla 50 yaşayış məntəqəsindən 43-ü qazlaşdırılmışdır. İlboyu 4 kənddə 1043 abonentə təbii qaz verilmişdir. 3990 metr  müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, 23 yeni qaztənzimləyici quraşdırılmışdır.

Əvvəlki  ilə nisbətən əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin səviyyəsi və həcmi artmışdır. Abonentlərə 1 milyon 447 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir. Bu da əvvəlki ilə nisbətən 55 min manat və ya 4,2 faiz çoxdur.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərə  bilik verilməsi, istedadlı şagirdlərin aşkar edilməsi, təlim-tərbiyənin yüksəldilməsi, hərbi-vətənpərvərlik tərbiyəsi işinin yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilmişdir. Körpələr evi-uşaq bağçalarının da maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılmışdır. Yeni dərs ilinə hazırlıqla əlaqədar şəhər 4 nömrəli, Yuxarı Qarxun, Nemətabad, Nərimanabad, Qaroğlan, Cırdaxan, Bünyadabad kənd məktəblərində, Uşaq-Gənclər İdman məktəbində cari təmir işləri aparılmışdır.

2016-cı ildə ali məktəblərə qəbulda son 10 ildə ən yüksək göstərici qazanılmışdır. 316 məzun ali məktəblərə qəbul olunmuşdur ki, onlardan 20 nəfəri 600-dən, 33 nəfəri 500-dən çox bal toplamışdır. Yevlax şəhər 3, 5, 8, 9, nömrəli, Aran qəsəbə 1 nömrəli, Qoyunbinəsi, Kövər, Xaldan, Balçılı, Gülövşə kənd tam orta məktəblərin məzunları ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə etmişlər. Ali hərbi məktəblərə 8 nəfər, C.Naxçıvanski adına hərbi liseyə 2 nəfər daxil olmuşdur.

Əhalinin sağlamlığına qayğı  tibb müəssisələrinin daim diqqətində olmuş, bu istiqamətdə bir sıra işlər görülmüşdür. Gigiyena və Epidemiologiya Mərkəzinin, tibb müəssisələrinin birgə, səmərəli fəaliyyətinin nəticəsidir ki, rayon üzrə yoluxucu xəstəliklərin sayı azalmış, malyariya, qarın yatalağı, qida zəhərlənməsi halları olmamışdır. Pilot şəhəri seçilmiş Yevlaxda icbari tibbi sığortaya keçidlə əlaqədar bir sıra təşkilati işlərə başlanılmışdır. Bu işlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşmasına xidmət edəcək, tibb müəssisələrinin maddi-texniki səviyyəsini yüksəldəcəkdir.

Mədəni-maarif işlərinin də səviyyəsi yüksəlmiş, mədəniyyət və turizm şöbəsi bu istiqamətdə bir sıra  tədbirlər görmüşdür. Mədəniyyət kollektivləri ümumrayon tədbirlərində, “N” saylı hərbi hissələrdə müxtəlif  maraqlı konsert və tamaşalar təşkil etmişdir.

Göründüyü kimi, Prezident ­İlham Əliyevin  regionların hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğu önəmli vəzifələr əvvəlki illərdə olduğu kimi, ötən il də Yevlaxda ardıcıl olaraq yerinə yetirilmiş, bütün sahələrdə yüklsəliş və artım əldə edilmişdir. Davamlı inkişafın sürət və miqyası yeni ilin ilk günlərindən növbəti hədəflərə yönəldilmişdir. Qarşıda duran vəzifələr daha əhatəli və çəkilidir. Yevlaxlılar ötən illərin uğur estafetini bu il də möhkəm saxlayacaqlarına əmindirlər.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında