“Təmiz Binəqədi” layihəsi çərçivəsində yeni istirahət parkı istifadəyə verilmişdir

 Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisindəki Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olmuşdur. Yeni istirahət parkı “Bakı 2015" birinci Avropa Oyunlarının ərəfəsində paytaxtın Binəqədi rayonunda həyata keçirilməsinə başlanılan “Təmiz Binəqədi” adlı sosial layihə çərçivəsində istifadəyə verilmişdir.

Layihənin əsas məqsədlərindən biri də qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması, rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmağa xidmət edir.

Yeni parkın açılışı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi bələdiyyəsi ilə birgə təşkil etdiyi tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etmişlər. Tədbir kiçik yaşlı uşaqların parkın açılışını bildirən rəmzi lenti kəsməsi ilə başlamışdır. Açılış mərasimi sülh və əmin-amanlıq rəmzi sayılan göyərçinlərin havaya buraxılması ilə müşayiət olunmuşdur.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbir iştirakçılarını bu əlamətdar hadisə münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. İ.Süleymanov paytaxtın şimal qapısında icrasına başlanılan “Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə sakinlərə ətraflı məlumat vermişdir. Natiq “Bakı 2015” birinci Avropa Oyunları ərəfəsində reallaşan tədbirin ciddi əhəmiyyət daşıdığını və hər bir rayon sakininin bu ictimai faydalı işə öz töhfəsini verməsinin zəruriliyini qeyd etmişdir.

Yeni istirahət parkının açılış mərasimi tanınmış incəsənət ustalarının ifasında zövqoxşayan musiqi parçaları ilə davam etmişdir. Sakinlərin böyük coşqu ilə qarşıladıqları konsert proqramında səslənən mahnıların sədaları altında rayonun azyaşlı sakinləri - körpə fidanlar bir-birindən gözəl rəqslər nümayiş etdirmiş, öz ifaları ilə tədbirə əlavə rəng qatmışlar. Konsert proqramı əməkdar artist Ədalət Şükürovun ifası ilə yekunlaşmışdır.

Sonda atəşfəşanlıq olmuşdur.

Mərasimin iftarqabağı keçirilməsini nəzərə alan tədbirin təşkilatçıları sakinlərə oruclarını açmaq üçün şirniyyat, xurma və su paylamışlar.

Sakinlər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Təmiz Binəqədi” layihəsinin əhəmiyyətindən danışmış və yeni istirahət parkının onların istifadəsinə verilməsindən razılıqlarını bildirmişlər.

 

V. BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında