Biz Suriya olmaq istəmirik!

İyulun 10-da axşam ölkə ictimaiyyətini neçə gündən bəri narahat edən bir çox suala aydın cavab tapıldı. Əslində, Azərbaycanın enerji sistemində baş vermiş qəza ilə eyni vaxtda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizəçisinə atəş açılması, doğrudan da, çoxlu sual doğurmuşdu. Təbii ki, birinci sual belə idi: niyə? Ona görə də hər kəs bu və digər suala cavab axtarır, ölkədə, eləcə də ikinci böyük və qədim şəhərimiz olan Gəncədə nə baş verdiyini bilməyə çalışırdı. 
 
İyulun 10-da axşam saatlarında Gəncədə bir qrup radikalın şəhər icra hakimiyyətinin binası qarşısında toplaşaraq etiraz aksiyası keçirməsi zamanı baş verən hadisə bütün qaranlıq sualların üzərinə işıq saldı. Bu etirazçılar hələ meydana çıxıb nə istədiklərini dilə gətirməmiş iki yüksək rütbəli polis zabitini qətlə yetirdilər. Əcəba, bu adamlar meydana, dövlət idarəsinin qarşısına dərdlərini deməyə, “pozulmuş hüquqlarının bərpasını tələb etməyə” gəlmişdilər, yoxsa adam öldürməyə? 
Hadisə ilə bağlı respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda qeyd olunur ki, iyulun 10-da saat 20 radələrində Gəncə ŞİH-in binası qarşısına 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs toplaşıb və ictimai asayişi kobud şəkildə pozmağa cəhd göstərib. “Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Və nəticədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular”.
Təbii ki, bundan sonra sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçı saxlanılıb. Və əlbəttə, şəhərdə sakitlik tam bərqərar olub. Amma gəlin görək bu etirazçıların məqsədi nədən ibarət olub. Qan töküb ölkəni, insanları vahiməyə salmaqdan? Sabitliyi pozmaqdan? Axı bu polislərin günahı nə idi? Bu suallara cavab axtarırkən istər-istəməz o nəticəyə gəlirsən ki, nəinki bu polis zabitlərinin heç bir günahı olmayıb, hətta Elmar Vəliyev və onun mühafizəçisi də hər hansı günahına görə deyil, məhz haradansa alınmış əmrə görə güllələniblər. 
Nəhayət, dünən Azərbaycanın bəzi KİV-i həlak olmuş polis zabitlərinin şəxsiyyəti haqqında geniş məlumat veriblər. Bu məlumatlardan aydın olur ki, polis polkovniki Balakişiyev İlqar Məmməd oğlu uzun müddət Gəncə Şəhər Baş Polis İdarəsində işləyib. O, ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Gəncə Şəhər Polis İdarəsində ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb. Şəhid polis Heydər Əliyev tərəfindən 2002-ci il iyunun 30-da “İgidliyə görə” medalı ilə təltif olunub. İlqar Balakişiyev ölkədə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə təltif edilənlər arasında olub.
Şəhid polisimiz Səməd 
Abbasov isə bir neçə gün əvvəl ­Prezident İlham Əliyev tərəfindən təltif edilən zabitlərimizdən olub. Belə ki, Səməd Abbasov ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunub. O, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Gəncə üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, “Lefortovo” məhbusu olmuş Seyid Tahir Qarabağinin qardaşıdır. Abbasovlar ailəsi hər zaman Azərbaycan dövlətçiliyini qoruyublar.
Yəni ölkənin nüfuzlu şəxsiyyətləri olan, xidmətdə, dövlətə sədaqətdə fərqlənən bu polis işçilərinin öldürülməsi həmin adamlara bu qədərmi lazım idi? İndi bütün sualların bir cavabı olduğuna şübhə qalmır: xaricdən ölkəni qarışdırmaq istəyirlər! İndi hər bir vətəndaş ayıq-sayıq olmalıdır. Hamı bilməlidir ki, kənardan heç kim onların hüquqları uğrunda mübarizə aparmır və aparmayacaq. Aldanmaq lazım deyil. Bizim bir müdafiəçimiz var, o da Azərbaycan dövlətidir. Qalan bütün yollar Azərbaycanı Suriyanın vəziyyətinə aparır! Bunu isə Azərbaycan xalqı istəmir və heç zaman istəməyəcək!..
Azad KƏRİMLİ, 
Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru, 
respublikanın baş onkoloqu
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında