...Getməz söz yarası

Söz yarası qılınc yarasından, güllə yarasından ağır olur. Özü də çox ağır. Söz “gülləsini” heç “əməliyyatla” yarıb çıxarmaq da olmur. Söz yarası sağalmır, izi qalır, ömrünün sonuna kimi səni incidir. Güllə yarasına nə var, bir müddət incidir, sonra keçib gedir, yenidən işinə-gücünə qayıdırsan, elə bil, heç olmayıb...
 
Neçə gündür mətbuatda, sosial şəbəkələrdə Gəncəni, Elmar Vəliyevi tanıyıb tanımayanlar, baş vermiş terror hadisəsi haqqında rəsmi açıqlamalardan savayı heç nə bilməyənlər, nə gəldi, necə gəldi yazırlar. Gəncəni sonuncu dəfə 8-10 il qabaq görən də yazır, ora ayağı ömründə bir dəfə dəyməyən də, burada doğulub boya-başa çatan da. Qoy yazsınlar. Bizim ölkədə yazmayan yoxdur. Söz azadlığı, plüralizm, demokratiyadır... Bir də ki, Azərbaycanın ikinci böyük bir şəhərində, sabitliyin, əmin-amanlığın hökm sürdüyü ölkədə birdən-birə güllə səsləri eşidilib. Sanki açıq, sakit səmada şimşək çaxıb. Adamlar narahat olmağa başlayıb və təbii ki, sözə, xəbərə, fikrə-mülahizəyə ehtiyac yaranıb.
Amma yazanda gərək ədalətli olasan, vicdan hissini itirməyəsən. Xüsusilə Moskvada, Londonda, İstanbulda əyləşib “vətənpərvər” və ya “Gəncəsevər” obrazı yaratmaq, bəzən adamları təxribat xarakterli sözlərlə çaşdırmaq heç kimə başucalığı gətirmir. Şəhər icra hakimiyyətinin məsul işçisi Gülnar Fazilqızının sosial şəbəkədə bir paylaşımına diqqət yetirin: “Bir neçə saatdır “Ganjanews.az” saytının facebook səhifəsindəki paylaşımların altına yazılan şərhləri izləyirəm. Bir şəxs var, hələ ki, adını qeyd etmirəm, lazım bilsəm, yazacağam. Yamanca “canfəşanlıq” edir. Keçib profilinə baxmışam: Təhsil aldığı yer: 158 nömrəli orta məktəb.Təhsil aldığı yer: 18 saylı peşə liseyi. Təhsil aldığı yer: Fatih Universiteti. Yaşadığı yer: Podosinki, Моskva vilayəti, Rusiya.
Maraq üçün gəncəli olduğunu iddia edən bu şəxsin təhsil aldığı orta məktəbin səhifəsinə keçdim. 158 nömrəli tam orta məktəbin yerləşdiyi yer kimi Ermənistan göstərilir. Gəncədəki peşə liseylərinin isə heç biri 18 saylı deyil.
Gəncəli ola bilər, amma nə orta, nə də ali təhsilini Gəncədə almayıb. Yazı tərzinə baxıram, heç deyəsən ümumiyyətlə təhsil almyıb. Ən əsası Gəncədə yaşamır. Bu insanın belə şərhlər yazaraq insanları təhqir etmək kimi bir haqqı varmı? Özü də gəncəli kimi...Məncə, yox!...” Zənnimcə, əlavə şərhə də ehtiyac yoxdur.
Bəri başdan bildirmək istəyirəm ki, Gəncədə son terror hadisəsini, demək olar ki, hamı pisləyir. “Yaxşı oldu” deyənləri, bu hadisəni törədəni tərifləyənləri barmaqla saymaq olar və onları hamı tanıyır. Əlikramlar, Orduxanlar, Millilər... “Sapı özümüzdən olan baltalar” da var, necə deyərlər, “ələkçiyə qıl verənlər” də, pusquda duranlar da, adlarını müxalifətçi qoyanlar da. Amma bu hadisə göstərdi ki, nəinki gəncəlilər, Azərbaycanın bütün bölgələri bu sui-qəsdi lənətlədi, hər biri şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhətinə görə narahat oldu, ona tezliklə sağalmağı, iş başına qayıtmağı arzuladı...
Elmar Vəliyev şəhər və rayon rəhbərləri içərisində bəlkə də yeganə icra başçısıdır ki, adı bu qədər hallanır. “Hallanır” sözünü bəri başdan, çəkinmədən ona “şər-böhtan atılır” cümləsi ilə əvəz etməyə hazıram. Özü də əməlli-başlı təhlil aparmışam və fikirlərim “replika” şəklində bir neçə dəfə “Xalq qəzeti”ndə dərc olunub. Ölkə Prezidentinin Gəncəyə səfərləri ərəfəsində, şəhərdə gedən yüksək səviyyəli beynəlxalq tədbirlər vaxtı, nəhəng, çoxlarına nağıl kimi gələn obyektlərin, sosial tikililərin istifadəyə verilməsi günlərində bu basqılar, heç bir fakta söykənməyən mülahizələr, başqa sözlə, şər və böhtanlar yağışdan sonra köbələk kimi çoxalır. Bu qənaətə gəlmişəm ki, Elmar Vəliyevin yüksək təşkilatçılığına, qabiliyyətinə, istedadına sanki bir paxıllıq hissi yaranıb. Özü də bu hiss sadə adamlar arasında deyil, ilk növbədə, müəyyən dairələrdə, vəzifə kürsülərində daha da irəliləmək istəyən adamlar arasında əmələ gəlib. İnkişafımızı sevməyən bəzi müxalif qüvvələri də istisna etmirəm.
İndi bu yazıda 2011-ci ildən üzü bəri, yəni Elmar Vəliyevin ölkə Prezidenti tərəfindən Gəncəyə rəhbər təyin edilməsindən sonra şəhərdə görülən misilsiz işlər haqqında danışmaq istəməzdim. Ona görə ki, çox yazmışıq, təqdir etmişik, qədim Nizami yurdunda görülən işləri dəfələrlə nümunə kimi göstərmişik. Amma bir faktı cəsarətlə, çəkinmədən qeyd etmək istəyirəm ki, hətta rəsmi olmayan istənilən bir məclisdə, xeyirdə-şərdə, adamların gur toplaşdığı yerlərdə, ailədaxili söhbətlərdə belə, hamı Prezidentimizin belə bir kadrı Gəncəyə başçı təyin etdiyinə görə hədsiz minnətdarlıq edir,ona ən xoş sözlərini deyir. Bilirsiniz niyə? Çünki Gəncə indi o Gəncə deyil. Qədim şəhərin bu günü ilə hər birimiz qürurlanırıq. Əvvəllər qonaq çağırmağa ehtiyat etdiyimiz halda, indi addımbaşı qarşımıza xarici turistlər çıxır və bu da bizi hədsiz sevindirir. Elə bir şəhər və ya rayon göstərin ki, qısa vaxt ərzində Avropanın Gənclər Paytaxtı elan edilsin, MDB-nin Mədəniyyət Mərkəzi olsun, 2019-cu ildə yenə də Avropanın idman paytaxtına çevrilsin. Bilirsiniz, bunların heç biri öz-özünə yaranmır. Şəhərə, onun insanlarına doğmalıq, vətənpərvərlik hissləri yoxdursa, bunlar da olmayacaq. Təbii ki, Gəncə möhtərəm prezidentimizin gücü, diqqəti, qayğısı, gəncəlilərə olan hədsiz sevgisi və məhəbbəti sayəsində Gəncə olub. Yenə şəhər və rayon adı çəkin ki, son 15 ildə ölkə başçısı oraya 16 dəfə səfər etmiş olsun. Yoxdur belə bir yer! Bəli, ölkə rəhbərinin köməyi olmasaydı, bu gün nəinki hər bir gəncəli, hətta yaşayış yerindən asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, sözün həqiqi mənasında, qürurlanmazdı. Amma Prezidentimizin tapşırıqlarını ləyaqətlə həyata keçirmək, öz qabiliyyətini, istedadını nümayiş etdirmək, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək, tapşırılan işləri yüksək səviyyədə icra etmək hər adama qismət olmur. Bax, Elmar Vəliyev məhz belə kadrlardandır. Özü həmişə deyir ki, “mən sadəcə icraçıyam, cənab Prezident imkan yaratmasa, düqqət-qayğı göstərməsə Gəncədə heç nə edə bilməzdim”...
Təsadüfə (bəlkə də mən təsadüf deyirəm) baxın ki, Elmar Vəliyevin uğurlu fəaliyyəti haqqında növbəti fikirlərim ona edilən sui-qəsddən bir gün qabaq, qəzetimizin 2 iyul tarixli saytında dərc olunub və həmin yazıdan bir hissəni olduğu kimi verirəm: “Həmişə olduğu kimi, yenə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dəsti-xətti, zövqlülüyü hər addımda hiss olunur. Yenə də hər daşın-kəsəyin, əkilən hər ağacın, gül kolunun, ucaldılan hər abidənin yanında Elmar Vəliyevi görmək olur. Özü nəzarət edir, özü göstəriş verir, özü nəyinsə yerini dəyişdirtdirir, xoşuna gəlməyəndə sökdürür, yenidən tikdirir. Bax, şəhərin indiki rəhbərini burada işlədiyi bütün dövrlərdə hamı belə görüb, belə tanıyıb.
 Elmar Vəliyevin zövqünə həmişə heyran qalmışam. İndiyədək Gəncədə tikilən, yenidən qurulan, salınan nə varsa, hamısı bu zövqün məhsuludur. Hətta bəzən ən mürəkkəb memarlıq kompleksinə elə əlavələr, düzəlişlər edir ki, layihənin müəllifi heyran olur. İnanın səmimiyyətimə, bunlar gəlişigözəl sözlər deyil. Bu insana sanki İlahidən elə bir fitri istedad verilib ki, qibtə etməmək sadəcə mümkün deyil. O, sanki yaratmaq, tikmək, qurmaq üçün bu dünyaya gəlib. Zövq də ki, yuxarıda dediyim kimi, öz yerində”.
Terror hadisəsindən bir neçə gün sonra, “sapı özümüzdən olan baltalar”ın, konkret desəm, təxribatçıların Elmar Vəliyevə hücumlarını gördükdə özümün Facebook səhifəmdə bu fikirləri yenidən paylaşdım və yazdım ki, “bu cümlələr iyulun 2-də, məlum sui-qəsddən bir gün qabaq “Xalq qəzeti”nin saytında dərc olunub. Amma 100 gün, 1000 gün,10000 gün keçsə də onun altından yenidən qol çəkməyə hazıram”. 
Elmar Vəliyevi mən ən müxtəlif situasiyalarda görmüşəm. Dörd il əvvəl elə bu günlərdə Gəncədə baş verən, dəhşətli dağıntılar törədən tufandan sonra gecə saat 3-də yorğun-arğın jurnalistlərin qarşısına çıxaraq “əhaliyə bildirin ki, dağıdılmış 1000-dən çox evin dam örtüyü, su basmış 100-dən artıq ev qısa vaxtda bərpa ediləcək” – deməsi, vahimə içərisində olan əhaliyə müraciəti, onların əksəriyyətinin evinə məhz özünün baş çəkməsi, müvafiq strukturlara operativ tapşırıqlar verməsi,fəlakətin fəsadlarının qısa müddətdə aradan qaldırılmasına nail olması yadımdan çıxmır, çıxmayacaq da. Şəhər icra hakimiyyəti başçısının vətəndaş qəbulları zamanı kimsəsiz, imkansız insanlara elə oradaca kömək etməsini, mənzil, torpaq sahəsi verməsini, müalicə xərcini ödəməsini və bu diqqət və qayğıdan kövrəlib ağlayanların sevinc ğöz yaşlarını mən necə unuda bilərəm?! Öz böyüklüyünə görə dünyanın 5 parkından biri olan, Prezidentimizin “möcüzə” adlandırdığı, hazırda bütün gəncəlilərin və qonaqların axışdığı Heydər Əliyev Park Kompleksinin, möhtəşəmliyi ilə göz oxşayan Filarmoniya binasının, şəhərin hər iki istiqamətdən girişinin, Gəncə qapılarının və hamısının adlarını çəkə bilmədiyim onlarla, yüzlərlə obyektin tikintisi zamanı səhərdən axşamatək fəhlələrin yanından tərpənməyən bu başçının Günəşin yandıraraq, şaxtanın-soyuğun qarsaraq, mis rənginə saldığı sifətini yaddan çıxara bilmərəm axı?
Elmar Vəliyev uşaqla-uşaqdır, böyüklə-böyük. Həssasdır, diqqətcildir, qayğıkeşdir. Daim ziyalılarla bir yerdədir, ictimaiyyət arasındadır. Sözündə də bütövdür. Yaxşıya yaxşı, pisə pis deməyi bacarır və bunu heç kimdən gizlətmir. Bəzən sərtdir. Xüsusilə vətəndaşlara bəzən laqeyd münasibətə görə tabeliyindəki işçiləri yeri gələndə danlayır, hətta cəzalandırır da. Lakin heç kim incimir, küsmür, əksinə, işinə daha məsuliyyətli olur. Çünki onun incə qəlbinə, ürəyinin böyüklüyünə, genişliyinə, kin-küdurət saxlamadığına bələddirlər. Elmar Vəliyev səliqəli, nizam- intizamı sevən rəhbər işçidir. Səsinin ahəngini qaldıran kimi bəzi ağzıgöyçəklər bunu təhqir kimi qələmə verməyə çalışır, başçının artan nüfuzuna xələl gətirmək istəyirlər. Başqa nöqsan tapmayıb bundan öz çirkin əməllərini həyata keçirmək üçün istifadə etmək istəyənlər var. Dəfələrlə müşahidə etmişəm. Elmar Vəliyev heç kimi boş yerə danlamır, irad tutmur. Şəhər fəallarının yığıncağında mikrafon lazımınca işləməyib, məsul şəxsə iradını bildirib. Aparat işçisi keçiriləcək tədbir haqqında kifayət qədər məlumat verməyib, onu danlayıb... Bilirsiniz, evin böyüyü övladı tərifləyər də, danlayar da, qayğı da göstərər. Elmar Vəliyev də Gəncə kimi bir “ev”in böyüyüdür. Özü də elə bir “ev”in ki, onu yuxusuz gecələri, əzab-əziyyəti, zəhmətkeşliyi, sonsuz məsuliyyəti ilə bu vəziyyətə gətirib çıxarıb. Gərək ədalətsiz olmayasan, dedi-qodu gəzdirməyəsən və bir də ki, necə deyərlər, “mərdi qova-qova namərd etməyəsən”.
Bu günlər Elmar Vəliyevə dəstək olanlar, sözgəzdirənlərə öz sözlərini deyənlər Gəncədə və respublikamızın hər yerində minlərlə, on minlərlədir. Bu adamlar Elmar Vəliyevi yaxından tanıyan, onun insani və iş keyfiyyətinə yaxşı bələd olanlardır. Sosial şəbəkələri, qəzetləri, saytları, xəbər agentliklərini nəzərdən keçirsəniz, bütün bunların şahidi olacaqsınız. Hamı Elmar müəllimin sağalıb tezliklə qayıtmasını səbirsizlikə gözləyir. YAP Gəncə təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, AMEA-nın Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, icra hakimiyyətinin məsul işçiləri Həsən Məmmədov, Gülnar Fazilqızı, tanınmış jurnalistlər Rəfiqə Sadıqova, Əminə Yusifqızı, Qalib Rəhimli və onlarca ziyalı, sadə vətəndaş bu günlər böyük bir ordunun işini görürlər, bütün imkanlardan istifadə edib əsl həqiqəti yazırlar. Söz, qiybət yarışına çıxanlar yavaş-yavaş əsl həqiqəti biləndən sonra meydandan geri çəkilirlər.
Hazırda Gəncədə tam sabitlik hökm sürür. Şəhər əvvəlki ahəngini qoruyub saxlayır. Axşamlar icra hakimiyyətinin qarşısındakı Baş Meydanda, yuxarıda adını çəkdiyimiz Heydər Əliyev Park Kompleksində, Xan bağında, İstiqlal parkında və son 7-8 ildə salınmış, yenidən qurulmuş 30-dan çox istirahət-əyləncə guşəsində gecədən xeyli keçənədək gəzib dolaşırlar.
...Dedik ki, söz bəzən güllədən güclü və təsirli olur. Gərək onu söyləyəndə ədalətli olasan, haqqı-nahaqqa qurban verməyəsən. Gəncədə törədilən terror hadisəsi göstərdi ki, adamlar yaxşı ilə pisi bir-birindən seçməyi, dövləti və dövlətçiliyi qorumağı bacarır və yeri gələndə öz sözlərini deyirlər. Atalarda belə bir məsəl də var: “Söz var el içində, söz var ev içində”. Gəncədə atılan güllə bir şəhərdə bir şəhər rəhbərinə açılan güllə deyildi. Bu, inkişafımıza, sabitliyimizə, şöhrətimizə atılan güllə idi.Yaxşı ki, sözümüz-gücümüz bir oldu və atılan güllə sözün və sözü bir olanların tapdaqları altında qaldı...
Hamlet QASIMOV, 
Əməkdar jurnalist, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında