Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi parad bunu bir daha sübut etdi
Hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz böyük əhəmiyyət kəsb edən iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də çox əhəmiyyətli uğurlar əldə edib. Bu səbəbdən dünyanın bir sıra tanınmış hərbi ekspertləri, beynəlxalq təşkilatları Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna sahib olması həqiqətini dəfələrlə vurğulayıblar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad da bir daha sübut etdi ki, ordumuz regionun ən qüdrətli və mübariz hərbi gücüdür.
 
Ədalətin, sülhün bərpasına yönələn güc nümayişi
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi paraddakı nitqində “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Bu gün bu silahların kiçik bir hissəsi paradda nümayiş etdiriləcək”, -deməsi həm tədbir iştirakçılarında, həm də onu canlı izləyən milyonlarla insanda böyük maraq oyatmışdı. Hər kəs səbirsizliklə həmin texnika və silahların nədən ibarət olduğunu bilmək üçün maraqla gözləyirdi. 
Və həmin an gəldi. Dünya azərbaycanlıları, ədalət, sülh tərəfdarları hərbi paradı qürurla, fəxrlə, sevinclə, bəzən isə göz yaşları ilə izlədi. Çünki biz bütün bunlara heç də asan nail olmamışdıq. Biz ordumuzun bu səviyyəyə yüksəldilməsi üçün böyük məhrumiyyətlərə sinə gərmiş, dövlət başçımızın, Ali Baş Komandanın Vətən, torpaq, millət sevgisindən güc alan qətiyyəti, diqqəti, qayğısı sayəsində düşmənlərimizin həsəd apardığı qüdrətli Silahlı Qüvvələrimizi yaratmışıq. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyətinin Azadlıq meydanında atdığı inamlı addım təcavüzkar “dövlət”in paytaxtını silkələyir, düşmənin canına vəlvələ salırdı. 
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunması dostları sevindirir, düşmənlərimizi isə xar edirdi. Zirehli avtomobillər üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə olunan raket kompleksləri paradı izləyənlərin böyük marağına səbəb olmuşdu. Ona görə ki, qüdrətli ordumuz 2016-cı ilin Aprel döyüşləri zamanı məhz bu silahla 30-dan artıq düşmən tankı və digər zirehli döyüş texnikasını məhv etmişdi. Bu gün həmin silahın adı gələndə belə, ermənilər gizlənməyə yer axtarırlar.  
Hər bir anı yaddaşlarımıza həkk olunan paradda hərbi texnikanın keçidi zamanı Azərbaycanın hərbi sənayesi tərəfindən istehsal edilmiş və ya modernləşdirilmiş yeni silah-sursatların, o cümlədən mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş “MARAL-1” və “MARAL-2” zirehli avtomobillərini qürurla izlədik. 
Yeniliklər bununla bitmədi. Çöl şəraitində qərargah və kəşfiyyat orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş və yerüstü müşahidə stansiyası qoşunların döyüş düzülüşündə fəaliyyət göstərərək kəşfiyyat məlumatlarının əldə edilməsinə, real vaxt rejimində idarəetmə məntəqələrinə ötürülməsi üçün ideal hərbi texnikanın -- zirehli komanda-qərargah və kəşfiyyat avtomobillərində quraşdırılan və kabinədən idarə olunan “LORENS”in meydana çıxması ordumuzun hərbi-texniki imkanlarının kifayət qədər artdığını göstərirdi. 
Hava kəşfiyyatının aparılması və taktiki səviyyədə düşmənin canlı qüvvəsinin və yüngül zirehli texnikasının zərərsizləşdirilməsi, müşahidə və kəşfiyyat, artilleriya dəstəyi və xüsusi əməliyyatlarla bağlı qarşıya qoyulmuş vəzifələrin icrası üçün yüksək dəqiqliyi ilə seçilən “ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP” pilotsuz uçuş aparatları, eyni zamanda, uzun müddət havada qalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, orta ölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatlarının meydanda görünməsi əsl sensasiya idi.  Ona görə ki, bu, ən inkişaf etmiş ölkələrə xas olan istehsal sahəsidir. Ona görə ki, həmin pilotsuz uçuş aparatları ancaq dünyanın qabaqcıl ölkələrinin ordularında mövcuddur. Ermənistan kimi geridə qalmış, iqtisadi böhran içində çapalayan dilənçi bir ölkənin “ordu”sunda ancaq oyuncaq aparatlar ola bilər. Cənubi Qafqaz regionunda özünün iqtisadi inkişafı, nüfuzu, geostrateji əhəmiyyəti və diplomatik çevikliyi ilə xüsusi seçilən ölkə olan Azərbaycan öz imkanları ilə pilotsuz təyyarələri istehsal etməklə, həmçinin satın almaqla bir daha sübut etdi ki, artıq o, dünya gücləri sırasına da yüksəlməyə qadirdir.
Hələ bu harasıdır. Hava məkanında patrul funksiyasını yerinə yetirərək hədəfi aşkar etdikdə “mərmi-təyyarəyə” çevrilərək yer hədəflərini yüksək dəqiqliklə məhv etmək imkanına malik “HAROP” aparatlarının  (hərbçilər onu “kamikadze” də adlandırırlar) meydandan keçidi də maraqla izlənildi. Bu aparatlar Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurub. 
Zirehli-tank texnikası, özüyeriyən artilleriya qurğuları, müasir, modernləşdirilmiş piyadaların döyüş maşınları, dünyada ən döyüşkən tank kimi tanınan “Т-90S” tankı, Hava Hücumundan Müdafiə silahları sistemləri, yüksək mobilliyi ilə seçilən “BUK-МB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit-raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yubiley ərəfəsində Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik özüyeriyən artilleriya qurğusu, 300 millimetrlik yaylım atəşli reaktiv sistemləri, raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 301 millimetrlik və 624 millimetrlik əməliyyat-taktiki raket kompleksləri də hərbi paradda nümayiş olundu. 
Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin balansında olan yüngül çoxməqsədli, yüksək manevr qabiliyyətinə malik “BELL-412”, dənizdə və su hövzələri üzərində axtarış-xilasetmə tapşırıqlarının yerinə yetirilməsi, həmçinin dəniz desantının su hövzələrinə çıxarılması üçün təyin olunan “KA-32”, çoxfunksiyalı hərbi-nəqliyyat təyinatlı “Mi-24 QRİFİN”, şəxsi heyətin və müxtəlif yüklərin daşınması, iriölçülü yüklərin xarici asqılarda nəqli üçün təyin olunan “Mi-17-1V” döyüş-nəqliyyat, eləcə də “LAHAT”, “SPAYK NLOS” tipli raketlərlə silahlanmış “Mi-17”, habelə “Mİ-35” və “Mİ-24” helikopterlər müxtəlif düzülüşlərdə hərəkət edərək Azadlıq meydanının üzərindən keçdi. Təlim-döyüş təyyarəsi uçuş heyətinin səriştələrinin artırılması və idarəolunmayan raket və bombalarla döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün təyin edilən “L-39”, yaxın və orta məsafələrdə hava döyüşlərinin aparılması üçün nəzərdə tutulan “MiQ-29”, təyyarələrə, yerüstü hədəflərə idarəolunmayan raket, müxtəlif növ bombalar və 30 millimetrlik top ilə həmlə imkanına malik “Su-25” təyyarələri müxtəlif düzülüşlərdə hərəkət edərək yüksək pilotaj fiqurları nümayiş etdirdilər. 
Məhz bu paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Onlar paytaxt səmasında üçrəngli bayrağımızın möhtəşəm əksini yaratdılar. Bu zaman qəlbimiz sevinclə doldu, hər bir azərbaycanlı ordumuzla bir daha fəxr etdi, arzumuz o oldu ki, çox yaxın vaxtlarda Azərbaycan qartalları Qarabağ səmasında da belə boy göstərsinlər. 
 
Azərbaycanın düşmənlərə qəti mesajı: işğal faktı ilə barışmayacağıq!
 
Təntənəli hərbi paradda geniş məzmunlu nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin milli maraqlarına, beynəlxalq prinsiplərə əsaslanaraq, düşmənlərimizə və bütün dünyaya konkret mesaj verdi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik...” . 
İşğal altında saxlanılan Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaqdır və ola da bilməz. Bu, dövlətimizin başçısı, Ali Baş Komandanın dəyişməz mövqeyidir.
Bu gün ədalət prinsipini özünün əsas qayəsi hesab edən və beynəlxalq hüquq normalarının real həyatda tətbiqini məqsəd kimi qarşıya qoyan istənilən dövlət və ya beynəlxalq təşkilat Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məsələsində qətiyyət nümayiş etdirir, problemin yoluna qoyulması ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyir. Mütərəqqi Avropa siyasətçiləri belə hesab edirlər ki, Cənubi Qafqaz regionunun dünyaya inteqrasiyası, bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi üçün münaqişənin qısa zamanda həlli artıq zərurətə çevrilib. Çünki bu gün Azərbaycan  Qərb ölkələrinin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir və onun ərazi bütövlüyünün bərpası həll edilmədiyi müddət ərzində ümumavropa maraqlarının regiondakı təminatı tam mümkün deyil.  Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi  qətiyyətli mövqe beynəlxalq ictimai rəydə rəğbətlə qarşılanır. Dövlətimizin problemin həllinə dair mövqeyini həm vasitəçi ölkələrin rəhbərləri, həm beynəlxalq təşkilatlardakı müzakirələr çox konkret şəkildə ifadə edir:  “Bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtilə həll olunacaqdır”. Xarici ekspertlər Azərbaycan Prezidentinin bu qətiyyəti barədə söz açarkən daha çox bir arqumenti əsas kimi önə çəkirlər: “O, təkcə dövlət başçısının deyil, 50 milyonluq bir xalqın ürək sözlərini dilə gətirdiyinə görə qətiyyətli və güclüdür”. Tamamilə haqlı yanaşmadır. Çünki bugünkü Azərbaycan iqtidarı, sözün həqiqi mənasında, xalqımızın mənafeyini və mövqeyini ifadə edir. Özü də təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda deyil, bütün məsələlərdə. Ona görə də Prezident İlham Əliyevin problemin həlli barədə söylədiyi fikirlər həmişə cəmiyyətimizdə böyük məmnunluq hissləri yaradır. 
Azərbaycan Prezidenti çıxışında deyib: “Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Belə olan halda əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir. Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var”.
Bu gün artıq dünya ictimaiyyəti də yaxşı bilir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymamaqla yanaşı, münaqişə zonasındakı status-kvonu mümkün qədər çox saxlamaq üçün əlindən gələn bütün fitnəkarlıqlara əl atır.  Təcavüzkar ölkənin keçmiş və indiki rəhbərliyi məsələnin həlli ilə bağlı aparılan müzakirələrdə əvvəldən razılaşdırılmış məsələlərə yenidən qayıdaraq danışıqlar prosesini pozmağa çalışır. Buna görə də ədalətli mövqedən çıxış edən Azərbaycanın çoxsaylı səyləri cavabsız qalır. Ermənistan rəhbərliyi öz ölkəsinin maraqlarını düşünürsə, onda anlamalıdır ki,  onların bu iyrənc siyasəti forpost dövlət üçün çox ağır nəticələrə gətirib çıxaracaqdır. Ölkədə iqtisadi böhran daha da dərinləşəcək, insanların yaşayış vəziyyəti daha da ağırlaşacaqdır. Azərbaycan isə gündən-günə həm iqtisadi, həm də hərbi baxımdan daha da güclənəcək və istənilən halda ermənilər məğlubiyyətlə üzləşməli olacaqlar.
Prezident İlham Əliyevin dediyi kimi,Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır. 
 
Böyük Qələbənin müjdəsi – Günnüt zəfəri
 
Silahlı Qüvvələrimizin 100 illiyi ərəfəsində – may ayının sonlarında ölkə ictimaiyyəti növbəti qələbə xəbərinə sevindi.  1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətraf ərazilər düşməndən azad edildi, ordumuz mühüm strateji yüksəklikləri fəth etdi. Əgər Aprel döyüşlərində ordumuz 2 min hektar sahəni işğaldan azad etmişdisə, bu dəfə demək olar, 5 dəfədən çox ərazi düşməndən geri alındı. Bu, Azərbaycan Ordusunun daha da gücləndiyini, döyüş qabiliyyətinin artdığını növbəti dəfə təsdiq etdi. Bu, həm də təcavüzkar ölkəyə ciddi bir xəbərdarlıq idi: “Sülh yolu” dalana dirənsə, Azərbaycan Ordusu hər dəfə daha geniş miqyasda, daha böyük ictimai rezonans doğuran hərbi əməliyyatlar keçirəcəkdir. Təbii ki, hər dəfə məğlub tərəf yenə Ermənistan olacaqdır. 
Erməniləri ən çox təşvişə salan digər bir mühüm məsələ isə Günnüt zəfəri ilə birlikdə təcavüzkar ölkə ərazisindəki bir sıra strateji nəqliyyat yollarının, obyektlərin ordumuzun atəş hədəfinə çevrilməsidir. Bu baxımdan hündürlüyü 1648 metr olan Qızılqaya Azərbaycanın Ermənistanla dövlət sərhədində mühüm strateji əhəmiyyətə malik olan özəl bir zirvədir. 
Ermənistanın mərkəzindən Qarabağa gedən əsas magistral yolunun ordumuzun nəzarətinə keçməsi haqqında rəsmi məlumatlar yayılmışdır. Həmin əraziləri, az qala, qarış-qarış tanıdığım üçün bu gerçəkliyin əhəmiyyətini bir daha nəzərə çatdırmaq istərdim. Məsələnin mahiyyətini daha yaxşı anlamaq üçün qeyd edək ki, İrəvandan Dağlıq Qarabağa gedən yeganə magistral yol Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə çatmamış Arazdəyən adlanan kənddən sol tərəfə dönərək dağlıq ərazi ilə Çanaxçı-Yelpin-Çivə-Arpa kəndlərindən keçməklə, Yexeqnadzor-Paşalı istiqamətində, indiki Ermənistanın Sisiyan rayonuna çatır və oradan da Gorus-Laçın yolu ilə Şuşaya istiqamətlənir. Qızılqaya yüksəkliyindən həmin strateji şose yolunun Çanaxçı-Yelpin-Çivə-Arpa kəndi ərazisindən keçən hissəsi çox aydın görünür. Ona görə də Qızılqayanın və Günnüt kəndinin fəthi hərbi cəhətdən də son dərəcə əhəmiyyətlidir və Azərbaycan Ordusunun sonrakı həmlələrinə real zəmin yaradır. 
Dövlətimizin başçısı təntənəli mərasimdəki çıxışında ordumuzun Günnüt zəfəri barədə deyib: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində – keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki,  Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin... Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər... 
Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, əgər Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etmək üçün Silahlı Qüvvələrimizə “İrəli!” əmrini verərsə, ordumuz qısa zamanda ərazi bütövlüyümüzü təmin edəcək, Naxçıvanın Günnüt kəndində olduğu kimi, Dağlıq Qarabağda, Xankəndində, Şuşada, Laçında da üçrəngli bayrağımız zirvələrdə dalğalanacaqdır. 
Rauf KƏNGƏRLİ,
Naxçıvan şəhəri 
 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında