Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır

İyunun 26-da Bakıda keçirilən hərbi parad bunu bir daha sübut etdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi paraddakı nitqindən
 
Bakı, 26 iyun 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Ordumuzun  yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında  keçirilən təntənəli hərbi paraddakı nitqində  ordu quruculuğu və dövlətimizin hərbi qüdrəti haqqında kifayət qədər ətraflı danışdı və çoxsaylı faktlara, rəqəmlərə istinad etdi. Həmin nitqin hər bir cümləsi müasir Azərbaycan həqiqətlərinin dilə gətirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2003-cü ildən bu günə qədər bizim hərbi xərclərimiz 15 dəfə artmışdır. Hərbçilərin xidmət şəraiti yaxşılaşır. Son illər ərzində onlarla hərbi şəhərcik yaradılmışdır. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya əsaslı təmir edilib. 

 
Dövlət  başçımız xatırlatdı ki, hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilmiş qərar əsasında 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Bu gün bizim hərbi hissələrimizdə 20 mindən çox mülki vətəndaş çalışır. Əvvəllər bu işlərdə əsgərlər işləyirdilər. Biz əsgərləri məişət işlərindən azad etdik. Eyni zamanda, mülki vətəndaşlar üçün 20 mindən çox iş yeri yaradılmışdır. Fikrimizcə, Çar Rusiyasından və Sovet dönəmindən miras qalmış bəzi halların, xüsusilə, əsgərlərin məişət işlərinə cəlb edilməsinin  tamamilə aradan qaldırılması həm ordunun öz funksiyasını daha yüksək səviyyədə yerinə yetirməsinə zəmin yaradır, həm də dövlətin sosial siyasətinin mühüm tərkib hissələrindən  olan işsizliyin aradan qaldırılmasına xüsusi töhfələr verir. 
… Təbii ki, Azərbaycanın qədim dövlətçilik tarixi olduğu kimi, milli hərb sənətimizin və ordumuzun da tarixi kifayət qədər zəngindir. Çünki  Azərbaycan dövlətiçiliyinin   bütün dövrlərində ordumuz da mövcud olub. Babəkin azadlıq  mücadiləsindən, Şah İsmayıl Xətainin  zəfər yürüşlərindən, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini və hüquqlarını qorumaq üçün formalaşdırılmış hərbi dəstələrdən, 1994-cü ildəki “Horadiz əməliyyatı”ndan tutmuş bugünkü modern, qüdrətli Azərbaycan Ordusuna qədər keçən bütün əsrlərdə, illərdə  bizim hərb sənətimizin mükəmməl səhifələri formalaşdırılıb. Doğrudur, sovet dönəmində  müstəqil ordumuz yox idi. Amma həmin 70 ildə də Azərbaycan hərb sənəti kifayət qədər inkişaf etdirilib. Xüsusən, 1969-1982-ci illərdə -- ulu öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü qüdrətli ordumuzun çox möhkəm bazası formalaşdırılmışdı. 
Azərbaycan xalqının ümummilli liderinin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və  bunu özü də məmnunluqla xatırlayırdı.
… Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin respublikamızdakı səfirlərinin, hərbi attaşelərin, beynəlxalq təşkilatların əməkdaşlarının, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərlərinin, müharibə veteranları və paytaxt ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi  hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edirdi.
Qeyd edildi ki, təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunur.
Prezident İlham Əliyev Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndənin  iştirak etdiyi tədbirdə Ermənistana və onun havadarlarına olduqca qətiyyətli mesajlar göndərdi.  “Azərbaycan işğalla heç vaxt barışmayacaq”,  - deyən dövlət başçımız qətiyyətlə bəyan etdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir”. 
Təbii ki, ən müasir hərbi şəhərciklər və yüksək peşəkarlığa malik şəxsi heyət hələ qüdrətli ordu demək deyil. Ordunun qüdrətini sübut edən əsas  meyarlardan biri də maddi-texniki bazanın möhkəmliyi , müasir silah-sursatın əldə edilməsi, onlardan istifadənin mənimsənilməsidir. Məhz bu amilləri əsas götürən dövlət başçımız paraddakı nitqində dedi:  “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Bu gün bu silahların kiçik bir hissəsi paradda nümayiş etdiriləcək”.
Cənab Prezidentin düşmənlərimizə və bədxahlarımıza ünvanladığı mesajların bəziləri də məhz silahlanmadakı yeniliklərlə bağlı idi: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Biz bütün bunları niyə görə edirik? Dövlət başçımızın da dediyi kimi, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində factor  amil kimi çıxış edir: “Belə olan halda,  əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir. Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var”.
Azərbaycan Ordusunun ­1994-cü ildə Horadizdə, 2016-cı ildə Lələtəpədə, 2018-ci ildə Naxçıvanda əldə etdiyi uğurların əsas təməllərindən birinin də  şəxsi heyətin vətənpərvərlik ruhunun olduğunu xatırladan dövlət başçımız  dəfələrlə hərbi hissələrdə vəziyyətlə tanış olarkən əsgər və zabitlərin  çox yüksək vətənpərvərlik ruhunun şahidi olduğunu dilə gətirir: “ İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı -- Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir”. 
Əminik ki, Milli Ordumuzun bu keyfiyyətləri getdikcə daha da yüksələcək və işğal altındakı torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpasını tezləşdirəcəyik. 
İttifaq MİRZƏBƏYLİ, 
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında