“Heydər Əliyev və tarixi qayıdış”

Suraxanı rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilir. Novbəti tədbir – “Heydər Əliyev və tarixi qayıdış” mövzusunda konfrans rayondakı Heydər Əliyev Mərkəzi, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi, rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən təşkil olunub. 
 
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdikdən sonra, Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində ümummilli liderimizin xatirəsinə həsr edilən poçt markaları və kitab sərgisi ilə tanış olub və mərkəzin sifarişi ilə hazırlanan “Xilaskar” filminə baxıblar. 
Dövlət himni səsləndirildikdən sonra konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir.
Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. 
İlqar Abbasov daha sonra vurğulayıb ki, ümummilli liderimizin siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Möhtərəm dövlət başçımız ulu öndərin siyasətini yaradıcı şəkildə gerçəkləşdirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.
Ümummilli liderimizin ideyalarının reallaşmasında, müstəqilliyinin dönməz və əbədi edilməsində cənab İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir. 
Konfransda çıxış edən Milli Məclisin deputatları Əli Hüseynli, Rafail Cəbrayılov, Fəzail Ağamalı, Sevinc Fətəliyeva, Ağacan Abiyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov bildiriblər ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşüb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. 
Sonda dahi öndərimizin zəngin irsinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən açıq dərslərin tədrisində fərqlənən müəllimlər, rayonun ictimai həyatında fərqlənən şəxslər, habelə ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən inşa yazı və rəsm müsabiqəsinin qalibləri rayon icra hakimiyyəti başçısının fəxr fərmanı və təşəkkürnaməsi ilə təltif olunublar. 
Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında