Əbədi müstəqilliyə yol açan möhtəşəm gün

Xətai rayonundakı Heydər Parkında 25 il əvvəl Azərbaycan tarixinin yaddaşına əbədi yazılan 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş bayram tədbiri keçirildi.
 
Rayon icra hakimiyyətinin rəhbərliyi, YAP Xətai rayon təşkilatının kollektivi, qonaqlar və ictimaiyyətin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, dövlətçiliyimizin xilaskarı, ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini böyük ehtiramla ziyarət edib önünə tər çiçək dəstələri qoydular.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, 15 iyun sözün əsl mənasında Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və xalqımızın uzun əsrlər həsrətində olduğu azadlığının xilas gününün bayramıdır.
 Natiq qeyd etdi ki, Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyüklüyü, XX əsrin sonu və XXI əsrin əvvəllərində ictimai-siyasi həyatın bir çox sahələrində özünü göstərdi. Ulu öndərin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və istiqlal arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi.
Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan bir dövlət miras qalmışdı. Bütün bu problemlərlə bərabər SSRİ-nin xarabalıqlarında ən qiymətli ərazi kimi Azərbaycana sahib olmaq istəyən bir çox xarici ölkələr də müxtəlif vasitələrlə bu böhranı dərinləşdirməkdə, necə deyərlər, “bulanıq suda balıq tutmaq” arzusunda idilər. Lakin böyük siyasət ustası, tanınmış dövlət xadimi Heydər Əliyev bütün varlığı ilə xalqının, canı qədər sevdiyi Azərbaycanın müstəqillik taleyini qorumağa, dövlətçiliyi xilas etmək missiyasına başladı və az bir zamanda ölkəsini əbədi müstəqillik yoluna çıxardı. 
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da 1993-cü ildə baş vermiş hadisələrin təfərrüatını xatırladaraq bildirdi ki, bir anlıq o böyük dühanın qayıdışını düşüncəmizdən kənara qoysaq, xəyalımızda ağla gəlməyən, fəlakət dənizində batmaqda olan bir Azərbaycan görmüş olarıq. Gərgin, əzablı, qan-qadalı günlərin uzanması, Azərbaycanın təslimə doğru getdiyi 1993-cü ildə xalqda müstəqilliyi itirmək xofu yarananda böyük siyasət ustasına, xalqın əksər hissəsinin xilaskar kimi gördüyü millət atasına üz tutdular.
H.Mirələmov vurğuladı ki, həmin günlər artıq bütün xalq Heydər Əliyevin bu məqamda ölkəyə son dərəcə lazım olduğunu dərk etmişdi. Hətta hakimiyyətə yiyələnib onu eybəcər hala salmış insanlar belə, bu böyük siyasət ustasının xilaskarlıq missiyasına möhtac qalmışdılar. Ona görə də Azərbaycanın böyük faciəsindən və xalqın qəzəbindən qorxub, daim özlərindən iki boy ucada gördükləri böyük Heydər Əliyevin qayıdışına səs verdilər. 
Bayram tədbirində çıxış edən digər natiqlər də 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında geniş söhbət açaraq bildirdilər ki, bu gün ölkədə gördüyümüz inkişaf, tərəqqi və sosial rifah məhz 1993-cü ilin iyun günlərindən başlayır. Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə ciddi dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ağır və gərgin zəhmətdən sonra uğurlar sıralanmağa başladı.
Nəticələr göz qabağındadır. Müstəqilliyimiz əbədiyyət yolunda qətiyyətlə irəliləməkdədir. 15 ildən artıqdır ki, Heydər Əliyevin siyasi varisi, sədaqətli silahdaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz misilsiz uğurları, dövrün qlobal enerji layihələrini gerçəkləşdirməklə, ölkəsini nəinki regionun, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevirmişdir. Təkcə son aylarda gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolunu, Cənub Qaz Dəhlizini, TANAP layihəsini göstərmək kifayətdir ki, 1993-cü ildə səsi heç yerdə eşidilməyən Azərbaycanın 2018-ci ildə beynəlxalq enerji layihələrində əsas söz sahibi olduğu təsdiqini tapsın. 
Tədbirin sonunda rayon incəsənət kollektivlərinin iştirakı ilə möhtəşəm bayram konserti təqdim edildi.
İlqar RÜSTƏMOV,
 “Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında