2012-ci ildə ölkənin sosial, iqtisadi inkişafı

 

 

 

 

Ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən bütün sosial və iqtisadi öhdəliklərin tam yerinə yetirilməsi, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin və yoxsulluğun minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan dinamik inkişaf qorunmuş və  2012-ci ildə də davam etmişdir.

1)  Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və dəyəri nəzərə alınmaqla.

2)  Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini  keçmə tarixi) üst-üstə düşmədiyi üçün ixracın  həcminə xam neft və təbii qazın  hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilmiş həcminə dair məlumatlar daxil edilmişdir.

Ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici-ümumi daxili məhsul istehsalı 2,2 faiz və ya müqayisəli qiymətlərlə 1,1 milyard manat artaraq 54,0 milyard manata çatmış, onun əhalinin hər nəfərinə həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) olmuşdur.

 

İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyəri 9,7 faiz artaraq  ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 faizdən 52,7 faizədək yüksəlmiş, neft-qaz istehsalı və emalı sahələrinin payı isə 47,3 faiz təşkil edərək 5,0 faiz azalmışdır.

Eyni zamanda, 2012-ci ildə sənayenin qeyri-neft sahələrində əlavə dəyər 11,7 faiz,  turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 18,8 faiz, tikintidə 18,0 faiz, informasiya və rabitədə 15,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,8 faiz, sosial və digər xidmətlər sahəsində 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,0 faiz artmışdır.

ÜDM-in 50,0 faizi sənayedə, 9,2 faizi tikintidə, 6,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitədə, 13,8 faizi sosial və digər xidmət sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı isə 6,2 faiz təşkil etmişdir.

Sənayenin qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələr və sənaye məhsulu istehsal edən fiziki şəxslərin-fərdi sahibkarların səyi nəticəsində 2011-ci illə müqayisədə 2012-ci ildə qeyri-neft sənayesi istehsalı 7,8 faiz artmışdır. Bununla yanaşı,  neft sektorunda 4,2 faiz azalma müşahidə olunmuşdur. Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma, 18,9 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,0 faizini təşkil etmiş, ümumi istehsalın 91,8 faizi sənaye mallarının (əmtəələrin), 8,2 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.

Mədənçıxarma bölməsində istehsalın həcmi 25,6 milyard manat olmaqla əvvəlki ilin səviyyəsindən 4,2 faiz aşağı olmuşdur.

Sahənin əsas məhsulu olan xam neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kubmetr təşkil etmiş, qaz hasilatı 5,4 faiz artmış, neft hasilatı isə 5,3 faiz azalmışdır.

Bu məhsullardan əlavə  36,7 min ton bentonit, 382,1 min ton inşaat üçün əhəng daşı, 1,6 ton qızıl, 625,8 kq gümüş və s. istehsal edilmişdir.

Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 6,4 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Sahədə 5,4 faizlik artımın əsas hissəsi qida məhsulları istehsalının hesabına yaranmış, onlardan kolbasa məmulatlarının istehsalı 2,6 faiz artaraq 2,0 min ton, duru bitki yağlarının istehsalı 64,5 faiz artaraq 63,1 min ton, marqarin istehsalı 15,2 faiz artaraq 23,1 min ton, kərə yağı istehsalı 1,4 faiz artaraq 21,8 min ton təşkil etmişdir.

Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən 112,9 milyon manatlıq məhsul, o cümlədən sahənin əsas məhsullarından 21,9 min ton pambıq lifi, 15,3 min ton pambıq iplik, 2,0 min kv. metr xalça və xalça məmulatları, 107,6 min ədəd kostyumlar və s. məhsullar istehsal edilmişdir.

Neft məhsullarından avtomobil benzinin istehsalı 0,1 faiz, ağ neftin istehsalı 0,8 faiz, neft bitumunun istehsalı isə 8,4 faiz artmışdır. Bununla yanaşı, dizel yanacağının istehsalı 4,9 faiz  azalaraq 2368,9 min ton, sürtkü yağlarının istehsalı 30,8 faiz azalaraq 62,9 min ton olmuşdur.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 222,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə rezin və plastmas məmulatların istehsalı 2,3 dəfə artmış, kimya sənayesində 18,7 faiz, əczaçılıq məhsullarının istehsalında isə 3,3 faiz azalma müşahidə olunmuşdur. Əsas kimya məhsullarından  propilenin istehsalı 24,1 faiz və lak-boya məmulatlarının istehsalı 7,7 faiz artmış, polietilenin istehsalı 10,5 faiz, izopropil spirtinin istehsalı isə 33,2 faiz azalmışdır. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 3,1 dəfə, məsaməli poliuretan lövhələrin istehsalı 1,5 dəfə artmışdır.

Tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 16,8 faiz artaraq  315,4 milyon manat təşkil etmiş, o cümlədən sement istehsalı 38,0 faiz  artaraq 2,0 milyon ton, tikinti gipsi istehsalı 48,7 faiz artaraq 149,1 min ton, hörmə üçün hazır beton qarışığı istehsalı 11,6 faiz artaraq 1,2 milyon ton, asfalt istehsalı 1,6 dəfə artaraq 559,2 min ton olmuşdur.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 436,8 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 15,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 42,2 faiz artmışdır. İl ərzində sahə üzrə 1,3 min ton və ya 2,4 dəfə çox çuqun tökmə, 229,0 min ton polad tökmə məhsulları, 61,8 min ton polad borular istehsal edilmişdir.

Kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 330,5 milyon manat olmuşdur. Əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 1,7 dəfə artmışdır. İl ərzində 190 ədəd güc transformatorları, 5,2 min ədəd məişət soyuducuları istehsal edilmiş, televizorların istehsalı  27,2 faiz  artmışdır.

Maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 153,3 milyon manat olmaqla 161 ədəd yük avtomobili, 542 ədəd minik avtomobili, 618 ədəd traktor və s. məhsullar istehsal edilmişdir.     

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən  il ərzində 1,7 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ölkədə 20,5 milyard kVt-saat və ya 6,8 faiz çox elektrik enerjisi istehsal olunmuş, onun 8,5 faizi su elektrik stansiyalarının, 91,5 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.

Su təchizatı, tullantıların təmizlənməsi  və emalı bölməsində məhsul və xidmətlər istehsalı 1,3 faiz artmışdır.

Dünyanın ən nüfuzlu beynəlxalq agentliklərinin investisiya reytinqinə görə ölkəmiz 144 ölkə arasında 46-cı, MDB ölkələri arasında isə birinci yerdədir.

Müstəqillik illərinin ən yüksək investisiya fəallığı 2012-ci ilə təsadüf edir. Bütün maliyyə mənbələrindən ölkə iqtisadiyyatına 20,3 milyard manat (25,8 milyon ABŞ dolları) və ya 2011-ci ilə nisbətən 17,9 faiz çox investisiyalar yönəldilmişdir. Daxili investisiyaların həcmi 12,1 milyard manat (15,5 milyard ABŞ dolları), xarici investisiyaların həcmi isə 8102,7 milyon manat (10,3 milyard ABŞ dolları) olmuşdur. Bütün investisiyaların 19,4 milyard ABŞ dolları qeyri-neft sektoruna, 6367,6 milyon ABŞ dolları isə neft sektoruna yönəldilmişdir. Birbaşa xarici investisiyaların həcmi 25,4 faiz artmış və 5382.3 milyon ABŞ dolları təşkil etmişdir.

Ölkəyə investisiyaların cəlb edilməsi ilə yanaşı, artıq 10 ildən çoxdur ki, Azərbaycan başqa dövlətlərin iqtisadiyyatına sərmayə yönəltməklə investisiyalarını ixrac edən ölkələr arasında öz mövqelərini ilbəil möhkəmləndirir. Belə ki, 2012-ci ildə investisiyaların ixracı 1128,8 milyon dollar təşkil edərək əvvəlki ilin səviyyəsindən 2,0 dəfə çox olmuşdur. 

2012-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15,4 milyard manat vəsait yönəldilmiş, onun 61,1 faizi və ya 9407,4 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 18,5 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 18,2 faiz çox olmuşdur. Dövlət  müəssisə və təşkilatları əsas kapitala 9098,9 milyon manat, qeyri-dövlət müəssisələri isə 6308,0 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 6655,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 8697,3 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 6915,4 milyon manat (ümumi vəsaitin 44,9 faizi), bank kreditləri 746,6 milyon manat (4,8 faizi), büdcə vəsaitləri 6716,5 milyon manat (43,6 faizi), büdcədənkənar fondların vəsaitləri 563,9 milyon manat (3,7 faizi), əhalinin şəxsi vəsaitləri 393,4 milyon manat (2,5 faizi), sair vəsaitlər 71,1 milyon manat (0,5 faizi) təşkil etmişdir.

2012-ci ildə əsas kapitala yönəldilmiş bütün vəsaitin 36,4 faizi sənaye sahələrinin inkişafına, 16,8 faizi nəqliyyat və anbar təsərrüfatına, 9,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,0 faizi mənzil tikintisinə), 7,9 faizi dövlət idarəetməsinə, 5,1 faizi təhsilə, 5,0 faizi istirahət, əyləncə və incəsənətə, 4,2 faizi kənd təsərrüfatına, 3,5 faizi ticarətə, 3,0 faizi tikintiyə, 2,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 2,1 faizi informasiya və rabitəyə, 1,6 faizi peşə, elmi və texniki fəaliyyətə, 1,4 faizi səhiyyəyə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,5 faizi maliyyə və sığorta fəaliyyətinə, 0,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilmişdir.

2012-ci ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3258,9 milyon manat təşkil edərək, əvvəlki ilə nisbətən 23,4 faiz çox olmuşdur.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2012-ci ildə əsas kapitala  yönəldilmiş xarici vəsaitin 2933,0  milyon manatı (90,0 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya Respublikası və Fransa investorlarına məxsusdur.

Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi davam etmişdir. 2012-ci ildə Bakı şəhərində Metal konstruksiyalar zavodu, Bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bərk məişət tullantılarının yandırılması zavodu, “Baku Crystal Hall” İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, “Qafqaz Baku City Hotel and Rezidences” və “JW Marriott Absheron”, “Four Seasons” otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, “Bakcell Arena” Stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzi zavodları, Ağsu rayonunda Ağsu çayı üzərində körpü, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Beyləqan rayonunda Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu, Bərdə rayonunda Çörək istehsalı müəssisəsi, Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsi, Cəlilabad rayonunda un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Füzuli rayonunda “Qarabağ Broyler” fabriki, Soyuducu anbar kompleksi, Şahmat Məktəbi, Su Elektrik Stansiyası, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, İmişli rayonunda “Araz” Damazlıq quşçuluq fabriki, “Kraun-Co” Taxıl anbarı kompleksi və Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, “Qusar-1”   Kiçik Su Elektrik Stansiyası, “Zirvə”   və “Qaya” otelləri, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Saatlı rayonunda  Şahmat Məktəbi, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Şəki rayonunda “Shaki Palace” oteli, Taxıl anbarı və dəyirman kompleksi, Tərtər rayonunda Süd emalı zavodu və Soyuducu anbar kompleksi, Tovuz rayonunda “Ayan Palace” oteli, Yevlax rayonunda Regional İnformasiya Mərkəzi, Avtovağzal kompleksi və digər obyektlər, bundan əlavə, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1757,4 min kvadrat metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 996 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 47468 şagird yerlik ümumtəhsil məktəbləri, 1115 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub istifadəyə verilmişdir.

Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına yardımın verilməsi, habelə  istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə olaraq 40 manat yardımın verilməsi  və bütövlüklə sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması, cins mal-qaranın satışı və s.) ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmiş və nəticədə ölkənin aqrar bölməsi 2012-ci ili uğurla başa vurmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4844,6 milyon manat olmuş və 2011-ci ildəkinə nisbətən 6,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 5,8 faiz, heyvandarlıq məhsulları üzrə isə 7,6 faiz artmışdır.

Kənd təsərrüfatının ümumi məhsulunda bitkiçilik məhsullarının xüsusi çəkisi 50,8 faiz, heyvandarlıq məhsullarının isə müvafiq olaraq 49,2 faiz olmuşdur.

Bitkiçilik. 2012-ci ildə qarğıdalı da daxil olmaqla 1030,8 min hektar sahədən, hər hektardan orta hesabla 27,2 sentner olmaqla, ilkin çəkidə 2802,2 min ton taxıl məhsulu toplanmış və 2011-ci ilə nisbətən onun istehsalı 14,0 faiz və ya 343,8 min ton artmışdır.

2012-ci ildə xam pambığın istehsalı 57,0 min ton olmuş və 2011-ci illə müqayisədə 9,4 faiz azalmışdır. Pambıq istehsalının azalmasına  əkin sahəsinin 2011-ci ildəki 42,8 min hektardan 2012-ci ildə 29,2 min hektara qədər azalması təsir göstərmişdir. Əkin sahəsinin azalmasına baxmayaraq, məhsuldarlıq 15,5 sentnerdən 19,5 sentnerədək yüksəlmişdir.

Tütün istehsalı 2011-ci ilə nisbətən 19,3 faiz artaraq 4,3 min tona çatmışdır.

Ölkədə 2012-ci ildə 3,6 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış və həmin sahələrdən təkrar əkinlər də daxil olmaqla (ilkin çəkidə) 175,7 min ton məhsul götürülmüşdür.

Ötən il sahələrdən 968,5 min ton kartof, 1216,2 min ton tərəvəz məhsulu toplanmış və əvvəlki ilə nisbətən kartof istehsalı 3,2 faiz, tərəvəzin istehsalı  0,1 faiz artmışdır. Bostan məhsullarının istehsalı 10,5 faiz azalaraq 428,0 min ton təşkil etmişdir.

2012-ci ildə meyvə və giləmeyvə istehsalı 2011-ci ilə nisbətən 44,2 min ton (5,8 faiz), üzüm istehsalı 14,0 min ton (10,2 faiz) və çay yarpağı istehsalı 33,8 ton (6,3 faiz) artaraq müvafiq olaraq 810,0 min tona,  151,0 min tona və 567,9 tona çatmışdır.

Heyvandarlıq.  Heyvandarlıq kənd təsərrüfatının vacib sahələrindən biridir və son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər mal-qaranın məhsuldarlıqlarının yüksəldilməsinə və baş sayının sabitləşdirilməsinə səbəb olmaqla yanaşı, məhsul istehsalına da öz müsbət təsirini göstərmişdir.

2013-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 2712,7 min baş iri buynuzlu mal-qara, 8665,2 min baş qoyun və keçi mövcud olmuşdur. İri buynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,1 təşkil etmişdir.

2012-ci ildə diri çəkidə 493,4 min ton ət, 1719,6 min ton süd,          1226,7 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2011-ci illə müqayisədə 7,5 faiz, süd istehsalı 6,0 faiz, yumurta istehsalı 21,3 faiz və yun istehsalı 1,6 faiz artmışdır.

Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru dayanıqlı inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, yeni avtomobil yollarının çəkilişi, yenidənqurulması və s. işlər davam etmiş, həyata keçirilmiş transmilli layihələr sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.

2012-ci ildə  yük nəqliyyatı ilə 210,6 milyon ton və ya əvvəlki illə müqayisədə 3,5 faiz çox yük daşınmış, qeyri-neft yüklərinin həcmi isə 7,5 faiz artmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56,1 faizi avtonəqliyyat, 27,1 faizi boru kəməri, 10,9 faizi dəmir yolu, 5,9 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.

2007-2012-ci illərdə nəqliyyat sektorunda yük daşınmasının dinamikası, min ton

Ötən il qeyri-dövlət bölməsində yük daşınması 3,9 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,1 faiz təşkil etmişdir.

İl ərzində nəqliyyatçılar 1,6 milyard nəfərə və ya 2011-ci illə müqayisədə 8,4 faiz çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,6 faizi avtomobil, 12,1 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişlər.

Dəmir yolu nəqliyyatı ilə 22,9 milyon ton yük daşınmışdır. Orta hesabla sutkada 685 vaqon yüklənmiş, 559 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27,0 min ton, Qərb istiqaməti üzrə 6,5 min ton və Cənub istiqaməti üzrə 4,3 min ton yüklənmə işi yerinə yetirilmişdir.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 12,4 milyon ton təşkil etmişdir. Yüklərin 60,5 faizini neft yükləri, 39,5 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. 2012-ci il ərzində dəniz limanlarında 11,9 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və 0,4 faiz artım olmuşdur. İşlənmiş yüklərin 86,8 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 1,8 faiz artmış, idxal yüklərin həcmi isə 11,0 faiz azalmışdır.

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 118,1 milyon ton yük, 1,4 milyard sərnişin daşınmış və əvvəlki illə müqayisədə müvafiq olaraq 7,6 və 8,7 faiz artım müşahidə olunmuşdur. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 7,7 faiz, sərnişin dövriyyəsi isə 9,7 faiz artmışdır. İl ərzində  ölkədəki avtonəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 98,3 min ədəd artaraq 1135,9 min ədəd təşkil etmişdir. Əhalinin hər 1000 nəfərinə düşən avtomobillərin sayı 124 ədəd olmuşdur. Avtomobillərin 84,4 faizini minik avtomobilləri, 11,4 faizini yük avtomobilləri, 2,6 faizini avtobuslar, qalan hissəsini isə xüsusi təyinatlı və digər avtomobillər təşkil etmişdir.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 195,6 milyon nəfər olmaqla onların sayı 7,1 faiz artmışdır.

Hava nəqliyyatı ilə 1,6 milyon və ya 14,3 faiz çox sərnişin daşınmış, daşımanın 98,5 faizi dövlət bölməsinə, 1,5 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmiş,  yük daşınmasında 16,8 faiz artım qeydə alınmışdır.

Magistral neft kəmərləri ilə 43,3 milyon ton neft nəql edilmişdir. Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və ötən il ərzində bu kəmər vasitəsilə 32,9 milyon ton neft ötürülmüşdür. Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,1 milyon ton tranzit Türkmənistan nefti nəql edilmişdir.

Magistral qaz kəmərləri ilə 19,3 milyard kub-metr və ya 3,1 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 20,8 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 4,0 milyard kubmetr qaz ötürülmüşdür.

2012-ci ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 56,9 milyon ton və ya 5,5 faiz çox yük, 260,9 milyon nəfər və ya 8,0 faiz çox sərnişin daşınmışdır. Yüklərin 21,3 milyon tonu və ya 37,5 faizi dəmir yolu nəqliyyatı, 10,4 milyon tonu və ya 18,2 faizi dəniz nəqliyyatı, 25,2 milyon tonu və ya 44,3 faizi avtomobil nəqliyyatı ilə daşınmışdır. Yük daşımaları fəaliyyətindən 443,2 milyon manat, sərnişin daşınmasından isə 92,0 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 16,1 faiz və 10,8 faiz artmışdır.

İnformasiya və rabitə sektoru öz inkişaf sürətinə görə iqtisadiyyatın digər sahələrini qabaqlamış, ötən ildə  təsərrüfat subyektlərinə və əhaliyə 1,4 milyard manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 15,9 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faiz təşkil etmişdir.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 60,4 faizi mobil telefon rabitəsindən yaranmış və 2011-ci illə müqayisədə bu xidmətlərin həcmi 12,2 faiz artaraq 859,9 milyon manat təşkil etmişdir.

2012-ci ildə əmtəə bazarının dinamik inkişafı davam etmiş, pərakəndə ticarət şəbəkəsində satılmış əmtəələrin  həcmi 2011-ci ilin səviyyəsini 9,6 faiz üstələyərək 17,6 milyard manat olmuş,  real artımın 76,1 faizi hüquqi və fiziki şəxslərə məxsus ticarət müəssisələrinin, 23,9 faizi yarmarka və bazarların  fəaliyyəti sayəsində yaranmışdır. İstehlak bazarından alınmış məhsulların 55,4 faizini ərzaq məhsulları, 44,6 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 2,1 faiz, qeyri-ərzaq mallarının satışı isə 20,7 faiz artmışdır. Ərzaq məhsulları alınmasına çəkilmiş xərclərin 19,5 faizini  tərəvəz məhsulları, 17,9 faizini meyvə və giləmeyvə, 15,2 faizini ət və quş, 7,8 faizini çörək məmulatları, 8,9 faizini qənd və qənnadı məmulatları, 7,6 faizini kərə yağı, süd və süd məhsulları təşkil etmişdir. Qeyri-ərzaq malları alınmasına ödənilmiş vəsaitin 22,4 faizi paltar və trikotaj, 16,1 faizi neft məhsulları, 6,7 faizi avtomobillər, 5,6 faizi ayaqqabı, 5,4 faizi elektrik malları, 6,5 faizi tikinti materialları alınmasına sərf edilmişdir.

2012-ci il ərzində əhalinin  alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunmuş, pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakini orta hesabla ayda 158,5 manatlıq və ya 2011-ci il ilə müqayisədə 13,2 manat çox əmtəə almışdır. Hər bir nəfərə pərakəndə satışın 61,5 faizi ticarət müəssisələrinin payına düşmüşdür. 

2012-ci ildə pərakəndə ticarət dövriyyəsinin quruluşu

2012-ci ildə iaşə dövriyyəsinin həcmi 2011-ci illə müqayisədə 18,8 faiz artaraq 680,0 milyon manata çatmışdır.

Özəl sektorda iaşə dövriyyəsinin 47,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşür. Ötən illə müqayisədə hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 20,1 faiz artaraq 325,7 milyon manat olmuşdur.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,0 faiz üstələyərək 5,8 milyard manata çatmışdır. Artımın 60,9  faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə 4,4 milyard manatlıq və ya 6,3 faiz çox pullu xidmətlər göstərilmiş, hər bir ölkə sakini orta hesabla ayda 52,9 manatlıq və ya 3,8 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.

Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ildə xarici ölkələrlə 33,6 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 9,7 milyard dollarlıq idxal və 23,9 milyard dollarlıq ixrac əməliyyatları aparılmış, 14,2 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2011-ci ilə nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 10,7 faiz, o cümlədən ixracın həcmi 13,8 faiz, idxalın həcmi isə 3,1 faiz azalmışdır.

Xarici ticarət dövriyyəsinin beşdə dörd hissəsindən çoxu (81,8 faizi) İtaliya, Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Hindistan, İndoneziya, Almaniya, İsrail, Yunanıstan, Böyük Britaniya, Çin, Gürcüstan, Tayvan (Çinin əyaləti), Ukrayna, Bolqarıstan və Çexiya dövlətlərinin hesabına formalaşmışdır.

Ölkəmizə idxal olunmuş malların 15,8 faizi Türkiyənin, 14,3 faizi Rusiyanın, 8,1 faizi Almaniyanın, 7,4 faizi Amerika Birləşmiş Ştatlarının, 6,5 faizi Çinin, 5,6 faizi Ukraynanın, 5,1 faizi Böyük Britaniyanın, 3,5 faizi  Qazaxıstanın,  2,7 faizi İtaliyanın, hər birində 2,5 faiz olmaqla Yaponiya və Koreyanın, hər birində 1,9 faiz olmaqla Fransa və  Braziliyanın, 1,8 faizi  İranın, 1,6 faizi Niderlandın, 1,4 faizi İsveçrənin, hər birində 1,3 faiz olmaqla Gürcüstan və  Avstriyanın, 14,8  faizi  isə digər ölkələrin  payına düşür.

İxrac olunmuş malların 23,2 faizi İtaliyaya, 7,9 faizi Hindistana,  hər birində 7,4 faiz olmaqla Fransa və İndoneziyaya, 7,0 faizi İsrailə, 6,7 faizi Amerika Birləşmiş Ştatlarına, hər birində 4,0 faiz olmaqla  Almaniya və Rusiyaya,  3,5 faizi   Yunanıstana, 2,7 faizi Tayvana (Çinin əyaləti), hər birində 2,5 faiz olmaqla Türkiyə və Bolqarıstana, 2,4 faizi Gürcüstana, 2,1 faizi Çexiyaya, 1,8 faizi İraqa, 1,6 faizi Malayziyaya, hər birində 1,4 faiz olmaqla  Tailand, Xorvatiya və Böyük Britaniyaya, qalan 9,1 faizi isə digər ölkələrə göndərilmişdir.

Bununla yanaşı, statistik məlumatlara əsasən xarici ticarət dövriyyəsinin həcmi 43,8 milyard ABŞ dollarına bərabər olmuş və 2011-ci il ilə müqayisədə  4,5 faiz azalmışdır. Əmtəə dövriyyəsinin ümumi həcminin 78,0 faizini, yaxud 34,2 milyard dollarını ixrac olunmuş mallar təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin  40,2 milyard dolları, yaxud  91,7 faizi, o cümlədən ixracın 32,9 milyard dolları (96,3 faizi) Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr istisna olmaqla digər dövlətlərin payına düşmüşdür. 2011-ci ilə nisbətən bu ölkələrlə ticarət dövriyyəsi və ixrac olunan malların həcmi  0,1 faiz artmışdır.

2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2009-2012-ci illər ərzində ölkədə 361,1 min yeni, o cümlədən 275,3 min daimi iş yeri açılmışdır. Təkcə 2012-ci ildə 120,4 min, o cümlədən 95,7 min daimi iş yerləri yaradılmış, bu da işsizliyin səviyyəsinin aşağı salınmasını şərtləndirən əsas amillərdən biridir. İşsizlik səviyyəsi 0,2 faiz bəndi azalaraq 5,2 faizə enmişdir.

Maliyyə Nazirliyinin operativ məlumatlarına görə 2012-ci ildə dövlət büdcəsinə 17,3 milyard manat daxil olmuş, büdcədən müxtəlif sosial və iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 17,1 milyard manat xərclənmişdir. Büdcə gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə  10,1 faiz və ya 1,6 milyard manat, xərcləri 11,1 faiz (1,7  milyard manat) artmış, büdcənin profisiti ÜDM-in 0,3 faizi səviyyəsində olmuşdur.

Büdcə gəlirlərinin 13,0 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 13,7 faizi əlavə dəyər vergisindən, 4,7 faizi fiziki şəxslərin gəlir vergisindən,   3,1 faizi aksiz vergisindən, 3,4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,4 faizi digər vergilərdən daxil olmuş, 59,7 faizi isə  vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.

Büdcə vəsaitlərinin 6960,7 milyon manatı (40,7 faizi)  iqtisadiyyatın inkişaf etdirilməsinə, 1710,0 milyon manatı (10,0 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1879,9 milyon manatı (11,0 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir.

2013-cü il yanvar ayının 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən 12,7 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz çox kreditlər verilmişdir. Qüvvədə olan kreditlərin 32,5 faizi dövlət, 65,0 faizi özəl banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşmüşdür. Kreditlərin 69,5 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,9 faizinin ödənilmə vaxtı keçmişdir.

2013-cü il yanvar ayının 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz artaraq 5113,4 milyon manata çatmışdır. Əmanətlərin 2963,9 milyon manatı və ya 58,0 faizi milli, 2149,5 milyon manatı xarici valyutada qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 29,9 və 16,9 faiz artmışdır. Əmanətlərin 74,1 faizi özəl banklarda yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart  tarixli “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında”  Fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsinə başlanmışdır. Belə ki, 2012-ci ilin iyun ayından ilin sonunadək  1448,9 min əmanətçiyə 554,7 milyon manat və ya orta hesabla hər əmanətçiyə 382,8 manat vəsait ödənilmişdir. 

2012-ci ildə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2011-ci ilə nisbətən 1,1 faiz bahalaşmışdır.

Ərzaq məhsullarından  “Yağ və piylər” qrupu məhsullarının qiymətləri 0,3 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu məhsullarının qiymətləri 0,1 faiz  ucuzlaşmış, “Balıq məhsulları” qrupu 3,4 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu 0,5 faiz, “Meyvələr” qrupu 6,1 faiz, “Tərəvəzlər” qrupu məhsullarının qiymətləri isə 3,8 faiz bahalaşmışdır.

Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri üzrə dəyişiklik müşahidə olunmamışdır.

İstehlak qiymətləri indeksi və istehlak qiymətlərinin bazis indeksinin dəyişməsi,  faizlə

Hüquqi şəxslərin sayı 2012-ci il ərzində 4,4 faiz artaraq, 2013-cü il yanvarın 1-i vəziyyətinə 79 min olmuşdur.

Artım iqtisadiyyatın “İnformasiya və rabitə”, “Peşə, elmi və texniki fəaliyyət”, “Təhsil”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Maliyyə və sığorta fəaliyyəti” bölmələrində daha nəzərəçarpacaq dərəcədə olmuşdur.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Tikinti”, “Emal sənayesi” bölmələri müəssisələrinin hüquqi şəxslərin Dövlət registrindəki xüsusi çəkisi daha yüksək olmuşdur.

Xüsusi mülkiyyəti olan hüquqi şəxslərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”,  “Tikinti”, “Emal sənayesi” və “Peşə, elmi və texniki fəaliyyət” bölmələrinin payına düşmüşdür.

Statistik vahidlərin Dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ, Almaniya və digər ölkələrin sahibkarları  tərəfindən yaradılmışdır.

2013-cü il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı 432 mindən çox olmuşdur. Bu dövrdə fərdi sahibkarların çox hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (39,7 faiz), “Nəqliyyat və anbar təsərrüfatı” (17,3 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,6 faiz) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (11,3 faiz) sahələrində qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin 83,0 faizini kişilər, 17,0 faizini isə qadınlar təşkil etmişdir.

2012-ci ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13.8 faiz artaraq 34,7 milyard manata, hər nəfərə düşən gəlirlərin məbləği isə 12,2 faiz artaraq 3784,3 manata çatmışdır. Gəlirlərin 61,0 faizi son istehlak xərclərinə, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 29,3 faizi isə yığıma yönəldilmişdir.

Əhalinin sərəncamında qalan gəlirlər 31,7 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 13,8 faiz artmışdır.

2012-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 396,0 manat təşkil etmişdir. Neft sektorunda aylıq əmək haqqı 1413,8 manat, qeyri-neft sektorunda 367,9 manat, dövlət bölməsində 332,0 manat, özəl bölmədə 496,3 manat təşkil etmişdir.

Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,6 faiz bəndi azalaraq 6,0 faizə enmişdir.

Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ötən il pensiyaların və sosial müavinətlərin məbləği artırılmışdır.

İlkin məlumatlara əsasən, 2013-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1270,5 min nəfər olmuş və ölkə əhalisinin 13,8 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 151,7 manata çatmış və orta əmək haqqının 38,3 faizini təşkil etmişdir.

Cari ilin əvvəlinə 317 min nəfər sosial müavinət, 35 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 133,6 min ailənin 589,9 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2012-ci  il ərzində birdəfəlik müavinət alanların sayı 120,7 min nəfər olmuşdur.

2012-ci ildə səhiyyə sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsi və müasirləşdirilməsi istiqamətində böyük işlər həyata keçirilmişdir. Belə ki,     84 tibb müəssisəsində təmir-tikinti işləri aparılmış, onlardan 38-də (Bakı şəhərində - 21, regionlarda -17) təmir-tikinti işləri başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir. Bütün müəssisələr ən müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz  olunmuşdur.

İlkin məlumatlara əsasən, 2013-cü ilin əvvəlinə ölkədə 32 min həkim və 57,9 min orta tibb işçisi çalışan 524 xəstəxana və 1697 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərmiş və əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşmüşdür.

Ekologiya məsələlərinin dövlətin daim diqqət mərkəzində olması ətraf mühitin qorunması istiqamətində aparılan işlərə böyük təkan verir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ötən il Xaçmaz rayonunda sahəsi 11,8 min hektar olan Samur-Yalama Milli Parkı yaradılmışdır. 2013-cü ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,3 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 365,2 min hektar olan 24 yasaqlıq mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2012-ci ildə 1709 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində, habelə atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər yeddi müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınmışdır. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 821 nəfər vəzifəli şəxs və vətəndaşdan 1379,5 min manat məbləğində cərimə tutulmuşdur.

Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.

2013-cü ilin yanvar ayının  1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1629 dövlət və  37 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 115 min uşaq və ya 1-5 yaşlı uşaqların 16,0 faizi tərbiyə alır.

2012/2013-cü tədris ilinin əvvəlinə ölkənin 4488 dövlət və  20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6985 uşağın təhsil aldığı 18 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərir.

Son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən ümumi təhsil müəssisələrində bu göstərici 20,3 faizdən 18,2 faizə, kənd yerlərində isə 17,0 faizdən  14,2 faizə düşmüşdür.

Dövlət ümumi təhsil müəssisələrinin sayında lisey və gimnaziyalar şəbəkəsinin inkişafı davam edir. 2012/2013-cü tədris ilinin əvvəlinə şagirdlərinin sayı 52 min nəfərdən artıq olan 81 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir. 

Dövlət Statistika Komitəsi tərəfindən 2012-ci ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 87,2 faizi, o cümlədən şəhər yerlərində 96,2 faizi, kənd yerlərində isə   84,1 faizi kompüterlərlə təmin olunmuşdur.

Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 3,3 min ədəd və ya 7,8 faiz artaraq, 45,8 minə çatmışdır. Hazırda hər   28  şagirdə orta hesabla bir kompüter düşür. Cari tədris ilinin əvvəlinə 79,6 faiz şəhər, 35,9 faiz kənd ümümi təhsil müəssisələrinin internetə çıxışı, 28,3 faiz şəhər, 6,1 faiz kənd ümümi təhsil müəssisələrinin isə elektron poçtu olmuşdur.

2012/2013-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 55954 tələbə təhsil almış, onların üçdə iki hissəsini qadınlar təşkil etmişdir.

Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 145584 nəfər olmuşdur ki, onların da 48,0 faizini qadınlar təşkil edir.

2012-ci ildə ölkənin ali təhsil müəssisələrinə 33,3 min nəfər tələbə qəbul olunmuş və qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yeni - geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilmişdir. Boloniya Deklarasiyasının tələblərinə tam cavab verən bu yeni siyahının təsdiq olunması Azərbaycan ali təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası yolunda atılan mühüm addımlardan biridir. 

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 38,1 faizi təqaüd alır. Tələbələrin aldığı təqaüdün orta məbləği bakalavr səviyyəsi üzrə 71 manat 50 qəpik, magistratura səviyyəsi üzrə 77 manat, əlaçılığa görə müvafiq olaraq 88 manat və 93 manat 50 qəpik olmuşdur.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 46 xarici ölkənin 4441 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmənistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edirlər.

2012/2013-cü  tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2270 nəfər təşkil etmişdir. Xaricdə təhsil alan gənclərin 61 faizi Bakı, 39 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.

Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” uğurla həyata keçirilir. 2013-cü ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 143 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 19 minə yaxın mütəxəssis məşğul olur ki, onların da 63,6 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi vardır.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir, onların yarıdan çoxunun  alimlik dərəcəsi vardır.

2013-cü ilin əvvəlinə Milli Elmlər Akademiyasının  53 akademiki və 103 müxbir üzvü olmuşdur.

Azərbaycan dövləti digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı sahəsində  də uğurlu addımlar atır və milli mədəniyyətin inkişafını dövlət siyasətinin prioritet məsələlərindən biri hesab edir. Bu gün Azərbaycanda 36 milyon kitabxana fondu olan  3883 kütləvi kitabxana, 2767 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi, 3 konsert zalı və 366 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir. 2012-ci ildə muzeylərə gələnlərin sayı 1,8 milyon nəfər, teatrlara gələnlərin sayı 0,5 milyon nəfər olmuşdur. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir. Hazırda Azərbaycanda 28 dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqları mövcuddur. 2012-ci ildə ölkədə sosial sferanın bütün sahələrində olduğu kimi, idman və bədən tərbiyəsi sahəsində də sürətli inkişaf prosesi müşahidə olunmuşdur.

Azərbaycanda idmanın daha da inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni Olimpiya idman komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London Olimpiadasında, Dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə 2012-ci il ölkədə “İdman ili” elan edilmişdir. Ötən il idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmiş, Astara rayonunda Olimpiya İdman Kompleksi və Bakıda “Azəryol” voleybol klubunun idman bazası istifadəyə verilmişdir.

İlkin məlumatlara görə, 2013-cü ilin əvvəlinə ölkədə idman qurğularının sayı 10 minə çatmış, idmanla məşğul olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, dama, basketbol, boks və tennis kimi idman növlərinə daha çox maraq göstərilir.  Ölkə idmançıları  2012-ci  ili  də  uğurla  başa  vurmuşlar. Müxtəlif  beynəlxalq  yarışlarda qazanılmış 735 medalın  255-i qızıl, 244-ü gümüş, 236-sı isə bürünc əyarlıdır. Olimpiya  idman  növləri üzrə qazanılan medalların sayı  273-dür. Bununla yanaşı, idmançılarımız 2012-ci ilin  ən mötəbər idman tədbiri olan XXX London Yay Olimpiya Oyunlarında böyük uğurla çıxış edərək 2  qızıl, 2  gümüş,  6 bürünc medal qazanmış və Azərbaycanın olimpiya yığması bu göstərici ilə   204 ölkə arasında 30-cu olmuşdur. XIV London Paralimpiya Oyunlarında ölkəmizin yığma komandası 4 qızıl, 5 gümüş, 3 bürünc medal qazanmaqla iştirakçı komandalar arasında 27-ci yeri tutmuşdur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2012-ci ildə ölkədə əhalinin hər 100 min nəfərinə düşən qeydə alınmış cinayətlərin sayı 268-dən 239-a qədər azalmışdır.

Qeydə alınmış cinayətlərin 276-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 372-si qəsdən sağlamlığa ağır zərər vurma, 18-i işgəncə vermə, 19-u adam oğurluğu (evlənmək məqsədilə qız oğurluğu) cinayətlərinə aiddir. 265 cinayət hadisəsi xarici ölkələrin, onların 45-i MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilmişdir.

2012-ci ildə ölkənin avtomobil yollarında 2892 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Baş vermiş qəzalar nəticəsində 4163 şəxs zərər çəkmiş, onların 1166 nəfəri həyatını itirmiş, 2997 nəfəri yaralanmışdır. 2013-cü il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 121,4 min nəfər və ya 1,3 faiz artaraq 9356,5 min nəfər təşkil etmişdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir.

İlkin məlumatlara əsasən ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,8 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,5 yaş təşkil edir.

2012-ci il ərzində ölkədə 174,5 min nəfər doğulmuş, onların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil etmişdir. Körpələrin 2134-ü əkiz, 39-u üçəm doğulmuşdur.

2012-ci ildə rəsmi orqanlar tərəfindən 79,1 min nikah və 11,1 min boşanma qeydə alınmış və  əhalinin hər 1000 nəfərinə hesabı ilə 2011-ci ilə nisbətən nikahların sayı 9,7-dən 8,6-ya qədər azalmış, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalaraq dəyişməmişdir. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında 23,7 yaş olmuşdur. Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər Vətənə qayıdır, ölkədən gedənlərin sayı isə ilbəil azalır. 2012-ci ildə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,2 min nəfər gələn və 0,2 min nəfər ölkədən gedən qeydə alınmışdır. İmmiqrantların 75,0 faizini Rusiya Federasiyasından, 10,5 faizini Qazaxıstandan, 3,4 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 55,3 faizini, 24,8 faizini, və 4,9 faizini həmin ölkələrə gedənlər təşkil etmişlər.

 

Dövlət Statistika Komitəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

  • Vətənin dilbər guşəsi – İsmayıllı...

    Vətənin dilbər guşəsi – İsmayıllı...

  • İnkişafın və yüksəlişin Füzuli təcrübəsi

    İnkişafın və yüksəlişin Füzuli təcrübəsi

  • Elə ki çatdın Qazaxa...

    Elə ki çatdın Qazaxa...

  • Tərtər: uğurlu addımlar daha böyük hədəflərdən xəbər verir

    Tərtər: uğurlu addımlar daha böyük hədəflərdən xəbər verir

Çox oxunanlar



Təqvim

Hava haqqında