• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi anlaşma reallaşdı

Tarixi anlaşma reallaşdı

Prezident İlham Əliyevin Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammitində çıxışı böyük maraqla qarşılandı. Dövlətimizin başçısı Xəzəryanı dövlətlər arasında bağlanmış anlaşmaların önəmindən danışdı.
Qeyd etdi ki, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini verib. Həmin Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanması, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılması da diqqətə çatdırıldı.
Ölkə başçısı Azərbaycanın 260-dan çox gəmisi olan donanmaya malik olduğunu və Avrasiya üçün əsas tranzit rolunu oynadığını bildirdi, habelə ölkəmizin neft-qaz sahəsindəki uğurlarından da söhbət açdı.
Ölkəmizin Sərhəd Xidmətinin Xəzəryanı dövlətlərin müvafiq qurumları ilə ikitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlığı barədə məlumat verən dövlətimizin rəhbəri dənizdə qanunsuz fəaliyyətin profilaktikası və aradan qaldırılması üzrə birgə tədbirlərin həyata keçirildiyini bildirdi. 
Azərbaycanın regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verdiyini bildirən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin regional təhlükəsizliyə təhdid olduğunu dedi: "Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur". 
Dövlət başçısı xatırlatdı ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının təxminən 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb: "Ermənistan qətnamələrə əməl etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistan işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının çoxsaylı tarixi, memarlıq və dini abidələrini məhv edib. İşğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 digər rayon tarixi və əzəli Azərbaycan torpağıdır. Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
Möhtərəm Prezidentimiz sammitdə qəbul edilən qərarların Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra daha sürətlə inkişaf etdiriləcəyinə, regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Dilarə CƏBRAYILOVA, 
Milli Məclisin deputatı

 

13 2018 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin