Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tahir Mirkişili: Konvensiya Azərbaycanın mövqeyi ilə üst-üstə düşür

Tahir Mirkişili: Konvensiya Azərbaycanın mövqeyi ilə üst-üstə düşür

 Xəbər verildiyi kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin statusu haqqında Konvensiyanı imzalayıblar. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər – Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, siyasi ekspert Tahir Mirkişili bu sənədə münasibət bildirərkən dedi ki, dövlət başçıları tərəfindən imzalanan konvensiya regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək. Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb və bunun üçün ayrıca sazişlər tələb olunur: “Azərbaycan-Rusiya-Qazaxıstan və Qazaxıstan -Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq bu ölkə də ümumi qaydalara imza atdı. Məlum olduğu kimi, hazırda İran ciddi sanksiyalar altındadır. Belə bir vəziyyətdə qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Qonşu İran üçün ən önəmli olan təhlükəsizlik məsələsi konvensiyada öz əksini tapıb”.
T.Mirkişili bildirdi ki, bu məsələ ilə bağlı 22 il ərzində 5 sammit keçirilib. Avqustun 12-də Aktauda keçirilən V Zirvə toplantısında isə Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırıldı. Deputatın fikrincə, 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Həmin Konvensiyanı bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil: ” Belə ki, konvensiyadakı “dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda, Xəzərin suyunun və təkinin tərkibi, forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi”.
Deputat qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çox önəmlidir və Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun davamı olan Xəzər dənizində tranzit nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir.
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

13 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin