Ən son xəbərlər
Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində öz yurdundan didərgin düşən qaçqın və məcburi köçkün həmvətənlərimizin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasına Birinci vitse-prezident Mehriban Əliyeva da ciddi diqqət və həssaslıqla yanaşır. Bu barədə komitədən məlumat verilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, məcburi köçkünlər üçün tikilən qəsəbələrin hər birində tibb məntəqələri fəaliyyət göstərir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin müayinə, müalicə, əməliyyat xərclərini öz üzərinə götürərək, onların sağlamlığının bərpası üçün zəruri tədbirlər görür.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 29-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin tibbi müayinədən keçirilməsini təşkil edib.
Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 23 nəfərdən ibarət həkim briqadası qəsəbədəki tibb məntəqəsində məcburi köçkünlərlə yanaşı, yerli sakinlərə də ixtisaslaşmış tibbi yardım göstərib. Briqadanın tərkibindəki kardioloq, nefroloq, endokrinoloq, qastroenteroloq, ginekoloq, lor, nevropatoloq, pediatr və digər ixtisaslaşmış həkimlər ümumilikdə 500-ə yaxın vətəndaşı müayinə ediblər.
Müayinədən keçmiş şəxslərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.
Aksiyada iştirak edən məcburi köçkünlər və qəsəbə sakinləri yaradılan şəraitə görə dövlət başçısına təşəkkür ediblər.
Qeyd edək ki, humanitar tibbi aksiyanın məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə