Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həsən Məmmədovun 80 illik yubileyi qeyd olundu

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, unudulmaz sənətkar Həsən Məmmədovun 80 illiyinə həsr edilmiş elmi sessiya və xatirə tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin "Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında" müvafiq sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin hazırladığı tədbirlər planına uyğun olaraq reallaşıb.

Elmi-sessiya sənətkarın "Yeddi oğul istərəm", "Böyük dayaq", "Alma almaya bənzər", "Axırıncı aşırım", "Dədə Qorqud" və digər filmlərdən kadrların nümayişi ilə başlayıb.

Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Həsən Məmmədovun həm teatr, həm də televiziya ekranlarında yaddaqalan obrazlar yaratmasının peşəkarlıqdan qaynaqlandığını deyib. Qeyd edib ki, görkəmli aktyorun teatr və kino sahəsində yaratdığı obrazlar səhnəyə yenicə qədəm qoymuş gənclər üçün əsl məktəbə çevrilib.

Sonra aktyorun sənət dostları çıxış edərək onun yaradıcılıq yolundan, filmlərdə təkrarolunmaz ifa tərzindən, aktyor ustalığından danışıb, xatirələrini bölüşüblər.

Tədbirdə, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərovanın sənətkarın yaradıcılığı ilə bağlı məruzələri dinlənilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Noyabr 2018 15:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə