Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düsen Kaseinov: Məqsədimiz türk mənşəli xalqların birliyini gücləndirməkdir

TÜRKSOY-un məqsədi türk mənşəli xalqların birliyini gücləndirmək, bu xalqların qədim, zəngin mədəniyyətini dünyaya tanıtmaq, eləcə də gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu baxımdan TÜRKSOY tərəfindən türk mənşəli xalqların musiqiçilərindən ibarət xalq çalğı alətləri, eləcə də kamera orkestrləri ümumi mədəniyyətimizi, adət-ənənələrimizi bütün dünyada tanıtmaq üçün vacib rol oynayır.

Bu fikri TÜRKSOY-un Gənclər Kamera Orkestrinin UNSECO-nun baş qərargahında keçirilən konsertində iştirak edən təşkilatın baş katibi Düsen Kaseinov müsahibəsində söyləyib.

Təşkilatın 25 illik yubileyi münasibətilə Kamera Orkestrinin Avropa ölkələrinə turneyə çıxdığını və ilk konsertin Ankarada keçirildiyini bildirən D.Kaseinov deyib: “UNESCO ilə təşkilatımız arasında sıx əməkdaşlıq mövcuddur. Buna görə də bu nüfuzlu beynəlxalq qurumun baş qərargahında konsert verməyi qərar aldıq. Konsertin ərsəyə gəlməsinə görə Azərbaycan, Türkiyə və Qazaxıstanın daimi nümayəndəliklərinə təşəkkür edirik”.

D.Kaseinov qeyd edib ki, belə konsertlər vasitəsilə bütün dünya türk mədəniyyətinə qovuşur. Orkestrin üzvləri türk dünyasının müxtəlif xalqlarına məxsus gənc musiqiçilərdən ibarətdir. Orkestri azərbaycanlı mahir dirijor Mustafa Mehmandarov idarə edir.

Baş katib, həmçinin təşkilatın 25 illik fəaliyyətinə həsr edilmiş sərginin əhəmiyyətinə toxunub. Qeyd edib ki, ötən müddət ərzində TÜRKSOY öz coğrafiyasını və sıralarını xeyli genişləndirib.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

29 Noyabr 2018 17:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə