Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar universitet “Çin səddi”ni də keçdi…

Aqrar universitet “Çin səddi”ni də keçdi…

Azərbaycan Dövlət Aqrar Universitetinin Çin Xalq Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı davam edir. Bu günlərdə həmin ölkənin Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun bir qrup əməkdaşı məhz bu əlaqələrin daha da genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması məqsədilə universitetə səfər etmişdir.

Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov rəhbərlik etdiyi ali məktəbin tarixi, müasir vəziyyəti, aqrar təhsilə dövlət qayğısı, beynəlxalq əməkdaşlıq, o cümlədən Çin Xalq Respublikasının ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələri, müəllim və tələbə mübadiləsi, ipəkçilik sahəsində mütəxəssis hazırlığı və elmi araşdırmaların aparılması barədə  danışmışdır. 

Rektor həmçinin Çin Xalq Respublikasının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində son illərdə universitetin 40-a yaxın əməkdaşının bu ölkədə keçirilən təlimlərdə iştirak etməsi, ADAU-nun mühəndislik fakültəsində kompüterlərlə təchiz olunmuş xüsusi auditoriyanın yaradılması, ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vey Cinhuanın universitetə səfəri barədə qonaqlara məlumat vermişdir.     

İnstitunun diektor müavini xanım Vang Xiangyu qəbula görə nümayəndə heyəti adından rektora dərin təşəkkürünü bildirərək ADAU ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi, ipəkçilik sahəsində birgə elmi-tədqiqat işlərinin və kadr hazırlığının aparılmasının prioritet istiqamətlərindən danışmışdır.        

Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası, auditoriyaları, tələbə evləri və mərkəzləri, laboratoriyaları ilə yaxından tanış olmuşlar. 
Məlumat üçün bildirək ki,  1903-cü ildə əsası qoyulmuş, özündə 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni birləşdirən Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası ilə ADAU arasında 2017-ci ildə əməkdaşlıq memorandumu imzalanıb. İnstitut Şandon əyalətində ipəkçilik sahəsinin innovasiyalı inkişafı ilə məşğul olan yeganə elmi-tədqiqat müəssisəsidir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

29 Noyabr 2018 14:03 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə