Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan və Tramp Argentinada görüşəcəklər

Ərdoğan və Tramp Argentinada görüşəcəklər

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Böyük iyirmilər”in Argentinanın paytaxtı Buenes-Ayresdə keçiriləcək sammitində görüşərək müzakirələr aparacaq. Bu barədə jurnalistlərə Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton açıqlama verib. 
C.Bolton əlavə edib ki, Birləşmiş Ştatların dövlət başçısı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşməyi planlaşdırmır. Müşavir deyib: “Xeyr.  Hazırkı məqamda ABŞ ­Prezidentinin ikitərəfli görüşlər qrafikində boş yer yoxdur”.
Bununla bərabər, Ağ evin mətbuat katibi Sara Sanders sözügedən görüşün baş tutmasını istisna etməyib. S.Sanders deyib: “Mən bilirəm ki, dövlət başçısının qrafiki kifayət qədər sıxdır. Lakin belə bir ehtimalı istisna etməyə hazırlaşmıram”. 
Xatırladaq ki, “Böyük iyirmilər”in sammiti bu il noyabrın 30-da başlayacaq və iki gün davam edəcək. 
Türkiyə Prezidenti “Böyük iyirmilər”in sammitində iştirakını başa çatdırandan sonra Paraqvay və Venesuelaya səfər edəcək. R.T.Ərdoğanın Latın Amerikasına səfəri dekabrın 3-də başa çatacaq. 
Yeri gəlmişkən, dünən Türkiyə Prezidenti İstanbulda Qətər Əmiri Təmim bin Həməd Al Tani ilə görüşərək bir sıra mühüm ikitərəfli və regional məsələləri müzakirə edib.   
“Anadolu” agentliyinin müxbiri yazır ki, Türkiyə və Qətər liderlərinin görüşü “Vəhdətdin” sarayında mətbuat üçün qapalı şəraitdə keçib və saat yarım davam edib. 
Qeyd edək ki, Qətər lideri Təmim bin Həməd Al Tani qardaş ölkəyə Türkiyə-Qətər Strateji Əməkdaşlıq Ali Komitəsinin dördüncü iclasında iştirak etmək üçün gəlib.

 

M.HACIXANLI, 
“Xalq qəzeti”

28 Noyabr 2018 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin