Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məişət zorakılığının qurbanlarına tibbi yardımın göstərilməsi” mövzusunda dəyirmi masa

Dünən, noyabrın 27-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) məişət zorakılığının qurbanlarına tibbi yardımın göstərilməsi üzrə müvafiq səhiyyə müəssisələri işçilərinin təlimatlandırılması ilə bağlı dəyirmi masa keçirilib.

Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətlərində çalışan tibb işçilərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açıb. O, gender zorakılığı ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər, aparılan sorğu və hazırlanan metodik vəsaitlər barədə geniş məlumat verib.

Tədbirdə gender əsaslı fiziki və psixoloji zorakılığın mənfi təsirləri, zərər çəkən şəxslərin aşkar edilməsi, onlarla davranış qaydası barədə məlumat verilib. Psixoloji və fiziki zorakılığa məruz qalmış şəxslərin müəyyən müalicə proseslərindən keçməsinin vacib olduğu bildirilib.

Səmərəli fikir mübadiləsi şəraitində keçən dəyirmi masada təkliflər və tövsiyələr dinlənilib, iştirakçılara müvafiq çap materialları paylanılıb.

Qeyd edək ki, tədbir  “Məişət zorakılığının qarşısının alınması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən imzalanmış birgə fəaliyyətin həyata keçirilməsi barədə Tədbirlər Planı”nın (2016-2018-ci illər üzrə) “Gender zorakılığı və uşaqlara qarşı zorakarlıq üzrə müvafiq səhiyyə müəssisələri işçilərinin təlimatlandırılması” bəndinin icrası məqsədilə həyata keçirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Noyabr 2018 15:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə