Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İraq türkmanlarının şair və alimləri ilə görüş

Milli Kitabxanada ədəbi ictimaiyyətin İraq türkmanlarının şair və alimləri ilə görüşü keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru, professor  Kərim Tahirov açaraq qonaqları salamlamış və Azərbaycan türkmən xalqının eyni tarixi köklərə bağlılığından, ədəbi-bədii əlaqələrindən, dilinin, ədəbiyyatının zənginliyindən və oxşar cəhətlərindən danışmışdır. O bildirmişdir ki,  Azərbaycan xalqının dilinə doğma və yaxın şirin bayatıları olan İraq Kərküklərindən, həmin bayatıları dilimizin əzbərinə çevirən, kərkük folklor yaradıcılığının tədqiqində, ədəbiyyatının təbliğində böyük xidmətləri olan professor  Qəzənfər Paşayevin yaradıcılığından, İraq türkman folkloru haqqında yazdığı çoxcildli kitablar haqqında geniş söhbət açmış, eyni zamanda, çoxsaylı xidmətlərinə görə "Əməkdar elm xadimi" adını alması münasibətilə onu  təbrik etmişdir.

Daha sonra Əməkdar elm xadimi, proessor Qəzənfər Paşayev çıxış edərək İraq türkmanlarını soydaşlarımız, qan qardaşlarımız, can qardaşlarımız adlandırmış və tarixən Qaraqoyunlu, Ağqoyunlu dövründə bir bayraq altında yaşadığımızı söyləmişdir. Professor çıxışında dahi şairlərimiz Füzulinin, Nəsiminin İraqda doğulub, yazıb yaratdığını, əlaqələrimiz genişləndikdən sonra Azərbaycanla İraq türkmanlarının arasında yaxın bağlarımızın olduğunu, ədəbiyyatımızın, dilimizin, məişətimizin, adət-ənənələrimizin eynilik təşkil etdiyini söyləmişdir .

Türkmaneli  Mədəniyyət Mərkəzinin direktoru Mustafa Ziya çıxış edərək uzun illər Azərbaycanla türkman xalqının bir-birindən uzaq qaldığını söyləmiş və tədqiqatlarında Azərbaycan bayatıları və türkmən hoyratlarını morfoloji cəhətdən müqayisə etdiyini bildirmişdir.

"Türkmaneli" qəzetinin redaktoru Nicat Kövsəroğlu çıxışında türkmənlərin oğuz türklərinin bir parçası olduğunu söyləmiş, tarix boyunca bütövlüyümüzü qorumaq üçün professor Qəzənfər Paşayevin aramızda körpü yaratdığını və bu körpünü qırılmaz etmək üçün mütəmadi olaraq Azərbaycan yazıçı və ziyalılarının məqalələrinin "Türkmaneli" qəzetində dərc olunduğunu bildirmişdir. Nicat Kövsəroğlu kərkük dilində ərəb əlifbasında yazıb yaratdıqlarını, yer adlarının təhrif olunaraq yaddaşlardan silindiyini söyləmiş və bu mövzuda yazdığı “Kərkükdən yarpaqlar” adlı kitabını ictimaiyyətə təqdim etmişdi.

                  

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

28 Noyabr 2018 15:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə