Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birdəfəlik ödənişlər vərəsələrin bank hesablarına köçürülür

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişin (11 000 manat) verilməsi prosesi davam edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiya tərəfindən birdəfəlik ödəmənin verilməsi üçün artıq 447 şəhid hərbi qulluqçu üzrə 585 vərəsə müəyyənləşdirilib. Eyni zamanda, bu vəsaitin vərəsələrə ödənməsi üçün qərarlar qəbul olunub. Qəbul edilən qərarlara əsasən birdəfəlik ödəmələr həmin vərəsələrin bank hesablarına köçürülür. Onlardan bu günədək artıq 300-ə yaxın vərəsəyə ödəniş edilib. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

Qeyd edək ki, bu əməliyyatlarda şəffaflığı qorumaq məqsədlə ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmas baş vermir. Birdəfəlik ödəmə vərəsələrin bank hesabına köçürülərkən onların məlumatlandırılması təmin edilir, onlara bu barədə onların əlaqə telefonlarına sms vasitəsilə müvafiq bildiriş göndərilir. 

Eyni zamanda, hazırda notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş sənədlərin, o cümlədən onlarla bağlı vərəsəlik şəhadətnamələrinin nazirliyə elektron qaydada təqdim olunması və nazirlikdəki  işçi qrupu tərəfindən bu sənədlərə baxılması işləri davam edir. Məlumatların daxilolma ardıcıllığına uyğun olaraq, onların qeydiyyata alınma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş də vərəsələrə göndərilir. Sənədlərə baxılması zamanı hər hansı vərəsənin sənədlərində çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlər aparılmaqla belə sənədlər qaydaya salınır.

Xatırladaq ki, dövlət başçısının fərmanına əsasən 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnun olduğu müəyyən edilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Noyabr 2018 14:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə