Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Özbəkistan şəhərləri qardaşlaşır

Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə Vilayətinin Riştan şəhəri arasında qardaşlaşmış şəhərlər statusu haqqında müqavilə imzalanacaqdır. Sözügedən layihə Özbəkistandakı Azərbaycan səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir. İsmayıllı və Riştan şəhərləri arasında oxşarlıq və yaxın xüsusiyyətlər mövcuddur. Hər iki rayon tarixən ticarət yollarının üzərində yerləşib, öz sənətkarlığı və əl işləri ilə dünyada tanınır.

“Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilmiş İsmayıllı özünün sənətkarlıq ənənələri, rəngarəng əl işləri, ipəkçilik sənəti, zəngin təbiəti, turizm ehtiyyatları, tarixi-mədəniyyət abidələri ilə şöhrət qazanmışdır. İsmayıllı Azərbaycan misgərlik sənətinin, habelə ipəkçilik sənətinin mərkəzidir. Rayonun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan misdən qabların və müxtəlif məhsulların istehsalı həyata keçirilir. 2015-ci ildə Lahıc misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Özbəkistan Respublikasının şərqində yerləşən Rişton rayonu Böyük İpək Yolunun üzərində Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir. Qədim dövrlərdən bəri Orta Asiyadakı unikal şüşəli keramika istehsalı üçün ən böyük mərkəz kimi tanınan Riştanın tarixi bizim eranın II əsrinə təsadüf edir. 1899-cu ildə Parisdə keçirilən keramika sənəti üzrə Dünya Sərgisində Riştan keramika kolleksiyası birinci yerə layiq görülənlər arasında olub.

Riştan keramikaları tarixi və memarlıq abidələrinin müxtəlif çiçək bəzəklərinin mozaikasını bərpa etmək üçün geniş istifadə edilir, bu günə qədər keramika istehsalı, rənglənməsi ənənələri şəhərdə davam etdirilir. Hazırda şəhərdə 3000-dən çox keramika sənətkarı vardır. Riştan ustalarının əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyinin, Moskva şəhərindəki Şərq İncəsənət Muzeyinin, Sankt-Peterbur Etnoqrafiya Muzeyinin, Dövlət Ermitaj Muzeyinin, ABŞ, Böyük Britaniya və Yaponiya muzey kolleksiyalarını bəzəyir.

Bu il  dekabrın 3-dən 4-dək  İsmayıllı rayonundan olan nümayəndə heyəti Fərqanə vilayəti Riştan şəhərində səfərdə olacaq. Nümayəndə heyətinə İsmayıllı Rayon İcra Hakimiyyətinin, müxtəli idarələrin rəhbərləri, habelə Azərbaycanın Özbəkistandakı səfiri, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və jurnalistlər daxil edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Noyabr 2018 12:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə