Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı və Abşeron yarımadasının ekoloji durumunun yaxşılaşdırılmasına diqqət artırılacaq

Son illər ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində çox uğurlu addımlar atılır. Bir çox layihələr reallaşdırılır, ekologiya ilə bağlı dövlət proqramları icra olunur, meşə zolaqları, yaşıllıqlar salınır, içməli su problemi qismən həll olunur. Bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Prezident İlham Əliyev demişdir: “Ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür, təhlil aparılır. İlk növbədə, neftlə çirklənmiş ərazilər təmizlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq göstəriş verilib, vəsait ayrılıb”. 
Bakı və Abşeron yarımadasının ekologiasının sağlamlaşdırılması sahəsində işlər mütəmadi olaraq davam etdirilir. Bu məsələ daim dövlət başçımızın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında ekoloji problemlərin həllinə mühüm yer verilmişdir. Elə Nazirlər Kabinetinin iclasında da dövlət başçısı bu məsələni xüsusi olaraq vurğulamışdır: “Abşeron ­yarımadasında neftlə çirklənmiş yerlər tam təmizlənəcək, həmin yerlərdə bağlar, yaşıllıqlar, göllər salınacaq. Bu işlər gedir, gələn il də nəzərdə tutulur. Xəzərin sahilində yeni təmizləyici qurğuların yaradılması istiqamətində işlər gedir. Burada da vəziyyət bizi tam qane edə bilməz. Havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək”.
Məlum olduğu kimi, ölkə başçısı 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etmişdi. Bundan sonra bütün ölkədə olduğu kimi, Bakı və Abşeron yarımadasının ekoloji problemlərinin həllinə də diqqət artırılmışdır. 
Məlumat üçün bildirək kİ, ölkə əhalisinin təqribən 40 faizi və sənaye potensialının 70 faizii Abşeron yarımadasında cəmləşdiyindən respublikamızda həlli vacib olan ekoloji problemlərin əksər hissəsi də bu ərazidə toplanmışdır. ­Abşeron ­yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi 33 min hektar, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi 10,6 min hektar təşkil edir. 
Ekoloji problemləri yaradan əsas səbəblər neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin yaranması, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından ibarətdir.
Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı şəhəri ərazisində il ərzində təqribən 560 milyon kubmetr həcmində tullantı suları formalaşır. Bu suların 164 milyon kubmetri bioloji, 23 milyon kubmetr mexaniki təmizləmədən keçdiyi halda, 373 milyon kubmetr tullantı suları təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılır. Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.
Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunmaması ilə bağlıdır. Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərindən biridir. Son illər nəqliyyat vasitələrinin sayının artması, havaya atılan zərərli maddələrin tutulması üçün qaztəmizləyici və toztutucu qurğuların azlığı, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Abşeron yarımadasında ümumi sahəsi 3325 hektara qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 milyonkubmetr çirkab suları axıdılır. Həmin göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.
Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir. Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının ərazilərindədir. Bundan başqa, neft-qazçıxarma və neft emalı müəssisələrində formalaşmış 142 min 300 ton neft tərkibli şlam müəssisələrin ərazilərində saxlanılır. Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənaətbəxş hesab edilir.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcəyi və Abşeron ­yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacağı şübhəsizdir.
Bunlardan əlavə, mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Abşeron yarımadasında yerləşən göllərin və digər sututarların ekoloji vəziyyətinin sağlamlaşdırılması” layihəsi işlənib hazırlanmışdır. Abşeronda yeni meşə zonalarının salınması, torpaqların təmizlənməsi istiqamətində son illər səmərəli iş aparılır. Cənab Prezident bu xüsusda demişdir : “Bakı və Abşeron yarımadasında milyonlarla yeni ağac əkiləcəkdir”. Nazirlər Kabinetinin iclasındakı nitqində cənab Prezident zeytunçuluğun inkişafına diqqət yetirilməsinin vacibliyini xüsusi vurğulayıb: “Mən regional inkişafla bağlı konfransların birində bəzi kənd təsərrüfatı məhsullarının istehsalını, istehlakını sadalayarkən özüm də o arayışı görəndə təəccüb etdim ki, biz xaricdən zeytun idxal edirik. O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir. Ona görə, çox ciddi göstəriş verildi ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun”. 
Bəzi hallarda Abşeronda, eləcə də Bakı şəhərində yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi ilə bağlı hallara yol verilir. Cənab Prezident iclasda bir daha bu məsələyə toxunaraq dedi: “Ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.
Bakı və Abşeron yarımadasında torpaqların, habelə Xəzər buxtasında suların çirklənməsində uzun illərdir davam edən neft hasilatının da rolu var. Qeyd olunmalıdır ki, ötən dövrlərdə neft hasilatı zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması heç də prioritet məsələ deyildi. Ancaq Azərbaycan Prezidentinin ekoloji problemlərin aradan qaldırılmasına yönələn siyasəti bu yanaşmanı dəyişdi. İndi neft hasilatı ilə məşğul olan şirkətlər qarşısında ətraf mühitin çirklənməsinə yol verməmək ciddi vəzifə kimi qoyulub. Azərbaycan Dövlət Neft Şirkəti üçün də bu məsələ əsas prioritetlərdən birinə çevrilib. Ötən bir neçə il ərzində şirkət Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində bir neçə pilot layihə həyata keçirib. SOCAR tərəfindən yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin neftayırma zavodlarında istehsalat prosesləri zamanı formalaşan tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi nəticəsində Xəzər dənizinə, eləcə də, ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azaldılması sahəsində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. 
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edir. Bununla da göl öz təbii-tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaqdır. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, Böyükşor dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilirdi. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda göllərin bərpası üzrə tədbirlər planının olması Azərbaycan dövlətinin vətəndaşların sağlamlığı, ekoloji durumun yaxşılaşdırılması istiqamətində gördüyü işlərin ardıcıl xarakter daşımasının təsdiqidir. Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasını tarixi layihə adlandıran Prezident İlham Əliyev onun ekoloji əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycanda son illər həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri də Bakıda məişət tullantılarının yandırılması üçün ən yeni texnologiyalara əsaslanan zavodun tikilməsidir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirmir. Bu zavodun yaradılması uzun illər boyu Bakının məişət tullantılarının açıq havada yandırılması və şəhərətrafı boş ərazilərə atılması nəticəsində meydana gələn ciddi ekoloji problemlərin həlli istiqamətində mühüm addımdır.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

23 Noyabr 2018 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə