Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRTAC-ın Uşaq Bilik Portalı Şamaxı məktəblilərinə təqdim olunub

Portalın məqsədi uşaqların biliklərini zənginləşdirmək üçün Azərbaycan internet məkanında böyük məlumat bazası formalaşdırmaqdır

Noyabrın 23-də Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimat mərasimi keçirilib.
Tədbirdə rayon məktəblərinin 150 nəfərdən çox şagirdi, müəllimlər və valideynlər iştirak ediblər. Mərasimi açan Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev müasir dövrdə internet resurslarının məktəblilərin dünyagörüşünün formalaşmasında, maariflənməsində, daha geniş biliklər əldə etməsində, eləcə də asudə vaxtlarının səmərəli təşkilində artan rolundan danışıb.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova isə çıxışında dövlət-gənclər siyasətindən söz açıb, məktəblilərin savadlı və bacarıqlı yetişməsində müasir informasiya resurslarının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, belə resurslardan biri də etibarlılığı ilə seçilən AZƏRTAC-ın Uşaq Bilik Portalıdır. Portalda tarix, mədəniyyət, elm və digər sahələr, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar toplanıb. G.Ələkbərova təqdimat mərasiminə ­150-dən çox şagirdin qatılmasını məktəblilərin portala böyük marağının göstəricisi kimi qiymətləndirib.
Sonra AZƏRTAC-ın Uşaqlar üçün informasiya bölməsinin müdiri İradə İsayeva Uşaq Bilik Portalına aid təqdimatla çıxış edib. Azərbaycanın informasiya məkanında AZƏRTAC-ın aparıcı xəbər mənbəyi olduğunu vurğulayan İ.İsayeva bildirib ki, agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun təşəbbüsü ilə 2013-cü ildə yaradılmış Uşaq Bilik Portalı hər gün Azərbaycan və rus dillərində məktəblilərə lazımi məlumatlar, ədəbiyyat nümunələri, cizgi və bədii filmlər, əyləncəli materiallar təqdim edir.
Portalın yaradıcı əməkdaşlarının məktəb və liseylərdə görüşlər keçirməsinin ənənə halı aldığını bildirən İ.İsayeva deyib ki, bu görüşlərdə müəllim və şagirdlərin portal barədə rəyləri, təklifləri öyrənilir və nəzərə alınır. Uşaqlar portal tərəfindən təşkil edilən yaradıcılıq müsabiqələrində həvəslə iştirak edirlər. Təsadüfi deyil ki, hazırda portala baxış sayı bir milyonu ötüb. Portalda uşaqlar Azərbaycan ədəbiyyatından dastanlar, tapmacalar, nağıllar, hekayələr, görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı məlumatlar oxuya, düşündürücü və əqli inkişafa kömək edən oyunlar oynaya bilərlər. Portalı yaratmaqda AZƏRTAC-ın məqsədi uşaqların hər sahədə biliklərini zənginləşdirmək üçün Azərbaycan internet məkanında böyük məlumat bazası formalaşdırmaqdır. Burada, eyni zamanda, uşaq psixologiyası və pedaqoji məsələlərlə bağlı mütəxəssis rəyləri, uşaqlar üçün tədbirlər barədə gündəlik afişalar da yerləşdirilir. Onu Facebook və Instagram səhifələrində də izləmək mümkündür.
Təqdimatdan sonra çıxış edən Şamaxı Rayon Təhsil Şöbəsinin metodisti Nişanə Eyyubova, şəhər 10 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Sadıqova diqqətə çatdırıblar ki, məktəblinin cəmiyyətdə layiqli yer tuta biləcək hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi müəllimlərin qarşısında duran əsas vəzifədir. Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün, ən azı, böyüklər qədər uşaqlar da, virtual məkandan özlərini ifadə vasitəsi kimi istifadə edirlər. Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. AZƏRTAC-ın Uşaq Bilik Portalı bu baxımdan məktəblilərin etibarlı və yaxın dostu sayıla bilər.
Daha sonra ­AZƏRTAC-ın və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqə komissiyasının müəyyənləşdirdiyi 5 ən yaxşı inşa yazı işinin müəllifinə – Şəhriyar qəsəbə tam orta məktəbin X sinif şagirdi Nəşrin Mövliyevaya, 10 saylı məktəbin XI sinif şagirdi Müşgünaz Məlikliyə, Göylər kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Kəmalə Cəbrayılovaya, Şamaxı Avropa liseyinin IX sinif şagirdi Badam Sadayevaya və Qaravəlli kənd tam orta məktəbin X sinif şagird Gülnar Məlikovaya AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi və Rayon Təhsil Şöbəsi adından diplom və hədiyyələr verilib.
Tədbir şagirdlərin hazırladıqları bədii proqramla başa çatıb.
Təqdimat mərasimində məktəblilərə Uşaq Bilik Portalının bukletləri paylanılıb.

23 Noyabr 2018 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə