Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının müasir tələblər səviyyəsində qurulması prioritet vəzifədir

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya kursu seçməsi, 12 noyabr 1995-ci il tarixli Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ədliyyə sistemində əsaslı islahatların aparılmasını, bu orqanın bir sıra funksiyalarının təkmilləşdirilməsini və fəaliyyət dairəsinin genişləndirilməsini vacib məsələlər kimi önə çıxarmışdır. Davamlı olaraq aparılan islahatlar respublikamızın dövlət quruluşu sistemində ədliyyə orqanlarının layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi məqsədinə yönəlmişdir.
Ümumiyyətlə, ulu öndərimizin rəhbərliyi altında 1993–2003–cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, bu müddətdə çoxsaylı qanun və digər normativ–­hüquqi aktlar qəbul olunmuşdur. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Bütün sahələrdə əhalinin rifahının, vətəndaşlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ulu öndərin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 31 iyul 2002–ci il tarixli fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının səyyar qaydada da aparılması müəyyən edilmiş, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Xatırladım ki, 2003–cü ildən keyfiyyətcə yeni mərhələdə davam etdirilən məhkəmə–hüquq islahatları çərçivəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini reallaşdıran əsas orqanlardan birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev nazirliyin fəaliyyətinin normativ–hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə 18 aprel 2006–cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq etmişdir. Yeni Əsasnaməyə uyğun olaraq nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq–mühafizə orqanı statusu verilmiş, onun fəaliyyət istiqamətləri genişlənmiş, konkret hüquq və vəzifələri müəyyən edilmişdir.
Ədliyyə sisteminin inkişafı ölkəmizdə aparılan genişmiqyaslı islahatların və respublikamızın hərtərəfli tərəqqisinin məntiqi davamıdır. Belə ki, dövlət başçısının rəhbərliyi ilə son 15 ildə ardıcıl islahatlar aparılaraq ölkəmizin iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə artmış, yoxsulluq təxminən 10 dəfəyədək azalmışdır.
Hazırda ölkəmizin bilavasitə təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələri uğurla həyata keçirilir. Azərbaycan bu il 3-cü kosmik peykini orbitə buraxaraq dünyada sayı məhdud olan kosmik ölkələr sırasında mövqeyini daha da möhkəmləndirmiş və iqtisadi rəqabətqabiliyyətliliyinə görə qabaqcıl ölkələr sırasında qərarlaşmışdır. “Doing Business 2019” hesabatında Azərbaycan 190 dövlət arasında 25-ci yerə yüksəlmiş, qlobal səviyyədə ən islahatçı 10 ölkədən biri kimi müəyyən edilmiş, inkişaf etməkdə olan 80 ölkə arasında isə inklüziv inkişaf indeksinə görə 3-cü olmuşdur.
Xüsusilə, Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında 2018-ci ildə iqtidara ictimai etimad kateqoriyası üzrə 137 ölkə arasında 20-ci pillədə olması xalq-iqtidar birliyinin bariz təzahürü olmuşdur.
Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni reallaşdıran Ədliyyə Nazirliyi üzərinə düşən bir sıra vəzifələrlə bərabər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını da uğurla reallaşdırır. 
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilmiş, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılaraq 75 il ərzində toplanmış 15 milyondan çox akt qeydi nəhəng iş sayəsində elektron formata keçirilərək bu sistemə daxil edilmişdir.
Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalmış, qeydə alınmış doğumların sayı isə 45 faiz artmışdır.
Doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik elektron xidmətlər istifadəyə verilmişdir.
Təsadüfi deyil ki, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşmüşdür.
Aparılan islahatlar çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin səmərəliliyinin artırılması və onun müasir tələblər səviyyəsində qurulması da daim xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə dövlət qeydiyyatını tənzimləyən yeni normativ–hüquqi aktların hazırlanaraq təsdiq olunması, geniş hüquqi maarifləndirmə işinin aparılması, bununla məşğul olan şəxslərin peşə hazırlığının artırılması məqsədilə seminar və təlim məşğələləri keçirilmişdir.
Məlumdur ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial–müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır, təkrar şəhadətnamələr verirlər. 
Xüsusi vurğulamaq istərdim ki, son illərdə dövlət səviyyəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində səmərəli və məqsədyönlü iş aparılır. Bu baxımdan Nazirlər Kabinetinin 2011–ci il 
12 may tarixli “Adın, ata adının və ­soyadın dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı mühüm əhəmiyyətə malikdir. Həmin qərarla adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları təsdiq edilmişdir. Eyni zamanda, qərarla “SSRİ vətəndaşlarının familiyalarını, adlarını və atalarının adlarının dəyişdirilməsinə dair xahişlərə baxılması haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin 27 sentyabr tarixli qərarı ləğv edilmişdir. Ümumilikdə, qərar adın, ata adının, soyadın verilməsi, soyadsonluğuna dəyişiklik edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi kimi məsələləri tənzimləyir.
Ədliyyə Nazirliyinin təklifi ilə doğumun dövlət qeydiyyatının təkmilləşdirilməsi ilə bağlı 20 aprel 2010–cu il tarixli qanunla Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 326–4.3 maddəsinə edilmiş dəyişikliyə görə, üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyənləşdirilən müddətdə müraciət olunmamasına görə xəbərdarlıq edilir və ya 10 manat civarında cərimələnir. Yeri gəlmişkən, onu da bildirim ki, qanunvericiliklə müəyyən olunmuş müddət bir aydır.
Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.

 

Aysel KİŞİYEVA,
 Nərimanov rayon qeydiyyat şöbəsinin baş məsləhətçisi

23 Noyabr 2018 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə