Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hafiz Quliyev: “Arşın mal alan”ın Türkiyədə yeni quruluşda təqdimatı anşlaqla qarşılandı

Samsun Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası yeni quruluşda nümayiş olunub. Tamaşanı Azərbaycanın Əməkdar incəsənət xadimi, Opera və Balet Teatrının  baş rejissoru  Hafiz Quliyev hazırlayıb. 
H.Quliyev  deyir: “Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu ölməz əsərinə dörd ölkədə – Türkiyə, Rusiya, Belarus və Çinin aparıcı teatrlarının səhnəsində quruluş vermişəm. Bu, Samsun Opera və Balet Teatrında “Arşın mal alan”ın ikinci quruluşu idi. İlk dəfə tamaşanı 2009-cu ildə səhnələşdirmişdim. Həmin tamaşa beş il repertuarda qalaraq böyük maraqla izlənilib. Bu dəfə isə tamaşa yeni traktovkada işlənildi. Tamaşanın yenidən səhnəyə qoyulmasının əsas səbəbi, əlbəttə, tamaşaçı tələbatının olmasıdır. İkinci səhnə variantında isə xeyli dəyişikliklər etdim. Əgər birinci tamaşamız Anadolu türkcəsində səhnələşdirilmişdisə, bu dəfə tamaşada daha çox Azərbaycan dilinə üstünlük verildi... Tamaşanın iki premyerası böyük anşlaqla keçdi. Üçüncü premyera isə noyabrın 17-də gerçəkləşdi”.
Rejissorun sözlərinə görə, yaxın vaxtlarda kollektiv bu tamaşanı Türkiyənin bütün şəhərlərində nümayiş etdirmək məqsədilə qastrola çıxacaq: “Samsun Dövlət Opera və Balet Teatrı  gələn ilin aprel ayında bu tamaşa ilə festivalda iştirak etməyi də planlaşdırır. Tamaşanın aktyor heyəti, bütünlüklə, türk aktyorlarından ibarətdir. Səhnə əsərini italiyalı dirijor Marco Morrone idarə edirdi. Gün ərzində 8-9 saat məşq etməklə tamaşa 25 günə tamamlandı. Onu da qeyd edim ki, tamaşa yeni traktovkada, tam yeni tərtibatda, bütün geyimlər və səhnə dekorasiyası Azərbaycan milli ornamentlərinə uyğun olaraq hazırlanıb”.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

23 Noyabr 2018 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə