Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İncəsənətin səlahiyyətli səfiri

Tahir Salahov – 90

Onu çox  yerdə  belə  tanıyırlar. Dünya  şöhrətli  Azərbaycan rəssamı  Tahir  Salahov ömrünün  90-cı ilində yenə də molbert arxasında  yaradıcılığını davam etdirir. Əsərləri  dünyanın   ən məşhur muzeylərinin  əbədi  eksponatına  çevrilmişdir. 
Onun   tablolarına  tamaşa edəndə  sanki,  sehrli  bir  dünyaya  düşürsən. Məşhur  fransız  modelyeri Pyer Karden yazırdı : "Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir."  Dünyanın məşhur  rəssamları Azərbaycanımızın bu fenomen  sənətçisi haqqında  kifayət  qədər  xoş  sözlər  söyləmişlər. 
Onun haqqında təkcə Azərbaycan  dilində  deyil,  dünyanın  bir   çox  dillərində  kitablar, kataloqlar, plakatlar,  albomlar  nəşr olunmuş, elmi məqalələr yazılmışdır.  Bu  gün də  sənətşünas  alimlər  tədqiqatlar aparır, onun əsərlərini müxtəlif istiqamətlərdən  təhlil edirlər. Bu əsərlər  bizim  sənət  salnaməmizin  çox  qiymətli nümunələridir.
Yubileydə  insanın arxaya baxıb  qazandıqlarını yad etməsi  təbii  haldır. Bu gün  Tahir müəllimin geriyə baxıb  fəxr etməyə haqqı var. Onun adı qarşısında bir sıra titullar qeyd edilir... Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı... Böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Mahir fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltiflərinə layiq görülüb. Rusiyanın ikinci və üçüncü dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatları olan "İstiqlal", “Heydər Əliyev” ordenlərinə,  Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb. 2015-ci ildə Fransanın  I  dərəcəli Fəxri  Legion  ordeni ilə  təltif olunmuşdur.
Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının üzvüdür.  Qeyd edək ki, “Ölməzlər Akademiyası” adlanan Fransa Zərif Sənətlər Akademiyasına keçmiş SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də Tahir Salahovdur. O, ­ABŞ-ın  bir neçə  şəhərinin və Montana  ştatının  fəxri vətəndaşıdır.
 Bu  böyük  sənətkarın 90  illik ömür yolu  1928-ci il  noyabrın  29-da Bakıdan başlamışdır. Atası Teymur  Salahov  məsul   vəzifələrdə çalışıb. 1937-ci il sentyabrın 
29-da Teymur Salahovu həbs edib, ona trotski-zinovyevçi əks-inqilabçı təşkilatın üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb xalq düşməni damğası vurublar, doqquz aydan sonra isə güllələyiblər.
Atası güllələndə Tahirin cəmi 9 yaşı var  idi... Və o, doyunca ata qayğısı görə bilmədi... Bu itkidən nə qədər sarsılsa da, öz yolu ilə irəliləməkdən usanmadı. Ailənin  bütün  qayğıları  anasının üzərinə düşmüşdü. Tahir müəllim  xatirələrində yazır: “Anam bizi – 5 uşağı təkbaşına çətinliklə böyütdü. İyirmi il ərzində bizim evə heç bir kəs gəlmədi, təbii ki, hamı “xalq düşməni”nin ailəsinə baş çəkməkdən qorxurdu. Heç kim bizə əl uzatmağa cürət etmirdi. Biz, uşaqlar təcrid olunmuş şəraitdə böyüyürdük...”
Bütün  çətinliklərə baxmayaraq, 1950-ci ildə Tahir Salahov Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdi, amma "xalq düşməninin oğlu" olmağı ona Sankt-Peterburqadakı instituta daxil olmağa mane oldu. Bakıdakı müəllimlərinin tövsiyəsilə o, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna daxil ola bildi  və 1957-ci ildə institutu bitirdi. Ona  şöhrət gətirən  ilk əsəri "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi oldu. 
Sənətkar Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.
T.Salahov  1973-cü ildə  SSRİ  Rəssamlar  İttifaqının  birinci katibi seçilib. 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun kafedra müdiri olub. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan Dövlət İncəsənət İnstitutunda, eləcə də V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.
"Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" əsərləri, Heydər Əliyevin portreti istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb və Tahir Salahovu məşhurlaşdırıb… Onun yaratdığı tabloları izlədikcə, bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkarlardan Qara  Qarayevin, Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də milli  rəssamlıq  sənətimizə  qiymətli töhfədir.
Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, tutduğu ustalıq zirvəsindən asılı olmayaraq, bir sadəlövhlüyü əks olunur. Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu təsviri sənətdə "Sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir.
T.Salahov kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevir. Əsərlərini izlədikcə, özünü də tabloda əks olunan mühitdə görməmək mümkün deyil. Bir-birindən fərqli mövzulara müraciət edib, o fərqliliyi fırçaya alması isə tamaşaçının qəlbinə daha həlim yol tapır.
Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008–ci ildə buraxılan iki təqvimə də daxil edilib. Söhbət "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", eləcə də “Odlar Yurdu triptixi”  silsiləsindən   "Atəşgah", "Xəzər bu gün" və "Qız qalası" əsərlərindən gedir.
T.Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir mərhələ təşkil edən bu əsərlər onun portretlər qalereyasını daha da zənginləşdirib. Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü, UNESCO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse–prezidentidir. 1997–ci ildə Rusiya İncəsənət Akademiyasının vitse–prezidenti seçilib.
Böyük  fırça ustası  bu  gün də   öz  möhtəşəm  yaradıcılığı ilə  nəinki  Azərbaycan mədəniyyətini, eyni  zamanda,  dünya mədəniyyət  xəzinəsini  zənginləşdirir.

 

Elçin ORUCOV,  
Əməkdar mədəniyyət işçisi,
 rəssam

23 Noyabr 2018 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə