Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirçay sutəmizləyici qurğularının inşası üzrə işlərin 80 faizi yerinə yetirilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirir. 
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublikanın qərb bölgəsinin içməli və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi ətraf şəhər və rayonların içməli su ilə təminatı üçün böyük imkanlar yaradıb.
Ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetr olan su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Anbarın potensial ehtiyatı böyük olduğundan  dayanıqlı içməli su təchizatı üçün etibarlı mənbə hesab edilir. Üstəlik, burada toplanan yerüstü suların təbii durulmadan keçməsi onun təmizlənməsində əlavə üstünlüklər yaradır.  
Bütün bunlar nəzərə alınaraq, Şəmkirçay su anbarının yaxınlığında  məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğunun tikintisinə qərar verilib. Şəmkirçay sutəmizləyici qurğular kompleksinin tikinti layihəsinə qum filtrləri, reagent təsərrüfatı, hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, 1 ədəd transformator, xlorator qurğusu və  inzibati bina daxildir. 
Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq. Buradan götürülən su qum süzgəclərdə təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. Yeni yaradılacaq mənbə hesabına Şəmkir, Samux, Gəncə şəhərləri və magistral kəmərlərin marşrutu üzərində yerləşən yaşayış məntəqələri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.  
Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 kilometr olan magistral su kəmərinin tikintisi artıq yekunlaşmış,  bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Bununla yanaşı, qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. 
Qeyd edək ki, Gəncə və Şəmkir şəhərləri üçün alternativ mənbə hesab olunan Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Bu da 3 şəhərdə və ətraf kəndlərdə 400 minədək insanın  keyfiyyətli və dayanıqlı içməli su təminatına imkan yaradacaq. “Azərsu” ASC-nin sifarişi ilə inşa edilən Şəmkirçay sutəmizləyici qurğularının inşası üzrə işlərin 80 faizi yerinə yetirilib və tikinti-quraşdırma işlərinin yaxın 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biridir. Bu layihə ərzaq təhlükəsizliyi, insanların həyat şəraitinin, maddi rifah halının yaxşılaşdırılması, bölgənin içməli suya olan tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyətlidir. 

23 Noyabr 2018 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə