Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şəki, mən səni sevirəm”

Rasim Ocaqov – 85

“Şəki, mən səni sevirəm”

Bu başlığı təsadüfən seçməmişik. Milli kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Rasim Ocaqovun yubleyi nünasibətilə keçirilən qısametrajlı bədii və sənədli filmlər, eyni zamanda foto layihələri müsabiqəsi belə adlandırılmışdı.
Biz də istədik ki,bu yubiley münasibəti ilə görkəmli operator və rejissorun həyat yoluna nəzər salaq. 
Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olub. Uşaqlığı müharibənin amansız illərinə düşüb. “Tütək səsi” filmində uşaqlığına işıq salmış və bir daha bu mövzuya qayıtmamışdır. Heç rejissor da olmayacaqdı Ocaqov, geoloq olmaq istəyirdi. Amma bir dəfə Şəkidə təsadüfən rastlaşdığı kinoçəkənlərin işinə elə vuruldu ki, ozünü Moskvada o zamanın ən ali kinematoqrafiya məktəbi olan ÜİDKİ-nin auditoriyasında imtahan verən gördü.
Şəkidən başlayan həyat yolu onu böyük kino sənətinə doğru aparırdı və Pasim 1951-1956-cı illərdə Moskvada ÜİDKİ-nin kinooperatorluq fakültəsində təhsil aldı. Kafedra müdiri Qolovnyanın ən sevimli tələbəsi olmaq nəsib oldu bu gəncə. Təyinatı da hər bir kino işçisinin arzusu ola biləcək “Mosfilm”ə verildi. Amma anasının təkidi qalib gəldi. Bakıya qayıtmalı oldu.
R.Ocaqov 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1973-cü ildən quruluşçu rejissor kimi fəaliyyət göstərdi. 
Bu qısa bioqrafik məlumat onu deməyə əsas verir ki, R. Ocaqov bütün yaradıcı ömrünü kino sənətinə, milli mədəniyyətimizin inkişafına həsr edib.
İlk işinə 1956-cı ildə “Uzaq sahillərdə” filmində ikinci operator kimi başlasa da, qəfildən tələbəlik illərini birgə keçirdiyi və onun istedadına yaxşı bələd olan Əjdər İbrahimbəyovdan Yaltadakı çəkiliş meydançasına məktub gəlir. “Təcili Bakıya qayıtmalısan, yeni çəkəcəyim “Onun böyük ürəyi” filminə quruluşçu operator təyin olunmusan”. Bu film Ocaqovun operator kimi ən möhtəşəm əsəri oldu. Onun iri planları filmin əsas mahiyyətini açırdı. Və bu film gənc oğlan üçün böyük şans idi. Elə hər şey də buradan başlandı. Onun karyerası, hətta gələcək həyatı da.
O, daha əvvəl 1957-ci ildə operator kimi “Bir məhəlləli iki oğlan” filmində işləmişdi. Filmdə baş operator Marqarita Pilixina idi. “Onun böyük ürəyi” (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir filmə çevrilmişdi. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı. Hansı epizodu hansı rakursdan çəkməyi yaxşı öyrənmişdi. Onun operator olduğu filmlərdə elə çəkilişlər var ki, onları yalnız professional sənətkar yarada bilərdi. Operator kimi özünəməxsus dəst-xətti var idi. Geniş planları ustalıqla fimlə gətirir, onları filmin ahənginə uyğunlaşdırırdı. R.Ocaqovun operatoru olduğu filmlərdə bütövlük, tamlıq var. İstər naturadan, istərsə də dekorasiyadan çəkdiyi kadrlar hadisələrin tamamlanmasına xidmət edir. O, qəhrəmanları elə rakurslardan çəkirdi ki, bu kadrlar onların xarakterinin açılmasına yardımçı olurdu.
Operator kimi işləyəndə bəzən rejissorların da görə bilmədiyi anları lentə köçürürdü. Hətta ona zarafatla deyirdilər ki, “o elə hazır rejissordur”. Amma o, həqiqətən rejissor oldu. İncəsənət İnstitutunun rejissorluq fakültəsini də bitirdi. 1975-ci ildə yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” (“Qatır Məmməd”) filmini tamamlamaq ona həvalə edildi. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. 
Film ekranlara çıxanda müəyyən iradlar deyilsə də, bütövlükdə onun uğurlu alındığı mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi “Tütək səsi” filmi oldu. “Tütək səsi” öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiyi “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” filmlərində R.Ocaqov müasirlərinin dolğun obrazını yaratmaqla tamaşaçıları həyata həssas yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır. 
Onunla birgə işləyən sənət dostları bu böyük sənətkar haqqında xoş sözlər deyirlər. Məsələn, kinooperator Rafiq Qəmbərov yazır: “Rasim Ocaqov elə bir rejissor idi ki, onun qarşısında kimsə söz deməyə çəkinirdi. Çox zəhmli idi. Əvvəlcədən hansı epizod nə qədər olacaq, necə çəkiləcək, metrajı, saniyəsinə qədər hamısını dəqiqliklə bilirdi. Onun filmində improvizasiya nüanslı ola bilərdi: yəni özü “sözü belə demə, başqa cür de” deyə bilərdi. Rasimin işi tərəzi kimi idi. O kino istehsalını yaxşı bilirdi deyə, hər şeyə diqqət yetirirdi “.
Özünü hər yaşında onun tələbəsi, yetirməsi və əsəri hesab edən Fəxrəddin Manafov Rasim Ocaqovun sənətinə vurğunluğunu onun özünə məxsus bu kəlmə ilə xarakterizə edir: “Biz xoşbəxt adamlarıq. Öz sevimli işimizlə məşğul olmağımız az deyilmiş kimi, hələ buna görə bizə pul da ödəyirlər”.
Beləcə, özünü həmişə xoşbəxt sənətkar, ailə başçısı, ata, baba, dost, yaradıcı qrupuna, aktyorlarına sadiq hesab edən Rasim Ocaqov 2006-cı ildə 73 yaşında dünyasını dəyişdi. Azərbaycan kinosunda Rasim Ocaqov erası isə da başa çatmadı. Çünki onun ekran əsərləri hələ yüz illər boyu xalqın ürəyində yaşayacaq.
Bir rejissor kimi lazım olan bütün yüksək titulları qazanmışdı. O, Azərbaycan SSR-nin Xalq artisti, Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı idi.
2013-cü ildə Bakıda Rasim Ocaqovun yaşadığı binaya onun xatirə lövhəsi vurulmuşdur. 

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

22 Noyabr 2018 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin