Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir

Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 10 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı deyib ki, Fətullah Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Ankara ümid edir ki, TÜRKPA-ya üzv ölkələr bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirəcəklər. B.Yıldırımın sözlərinə görə, türkdilli ölkələr bu təhlükəyə qarşı birgə müqavimət göstərə biləcəklər. Ona görə də, bu ölkələr bir-biri ilə münasibətləri daha da möhkəmləndirməlidirlər. 
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da FETÖ terror təşkilatının pozucu fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. O, FETÖ terrorçularını dəstəkləyən bəzi Qərb dövlətlərinin liderlərinə xəbərdarlıq edərək deyib ki, bu terror təşkilatını dəstəkləmək Avropaya baha başa gələcək.
Dövlət başçısının fikrincə, FETÖ terrorçularını dəstəkləyən ölkələr demokratiyadan danışmaq hüququnda deyillər: “Mən avropalı dostlarımı əmin edirəm ki, vaxt gələcək sizin gizlətdiyiniz Gülən hərəkatı terrorçuları sizin ölkələrinizdə sabitliyi pozmaq üçün silaha əl atacaqlar”. 
Xatırladaq ki, Fətullah Gülənin başçısı olduğu FETÖ terror təşkilatının tərəfdarları 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd ediblər. Türk xalqının və dövlət qurumlarının qətiyyəti sayəsində çevrilişin qarşısı alınıb. Lakin bu zaman 300-ə yaxın insan həlak olub, 1491 nəfər yaralanıb. 
Sonda bildirək ki, Fətullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatındakı böyük malikanədə yaşayır. Ankara dəfələrlə Vaşinqtondan onun ekstradisiya olunmasını tələb etsə də, hələlik bu məsələ öz müsbət həllini tapmayıb. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

22 Noyabr 2018 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin