Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olunub

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olunub

Türkiyənin Antalya şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

Filmin nümayişi “İslahatçı Gənclər” İctimai Birliyi və Serik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Filmin təqdimatında ictimai-siyasi xadimlər, ziyalılar, hər iki ölkədən dəvət olunmuş deputatlar, Antalyanın aktiv gəncləri və KİV təmsilçiləri iştirak ediblər.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı filmi Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyətinin bütün məqamlarını mükəmməl şəkildə əks etdirən uğurlu ekran əsəri adlandırıb. O bildirib ki, bugünkü müasir və güclü Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. Qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dünya miqyasında nüfuzlu ölkəyə çevrilib.

Fərid Şahbazlı Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkərək, filmdə Azərbaycanı müstəqilliyə aparan çətin və ağır yolda qardaş ölkə -- Türkiyənin dəstəyini xüsusi vurğulayıb.

Serik Bələdiyyəsinin sədri Ramazan Çalık filmin əhəmiyyətindən danışıb. Bələdiyyə sədri son illər iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq əlaqələrindən bəhs edərək bu birliyin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O, həmçinin müasir Azərbaycanın sürətlə inkişafının bütün dünyanın nəzər nöqtəsində olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında Xalq Cümhuriyyətinin tarixi keçmişindən danışaraq çağdaş Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində böyük uğurlara imza atan ölkəmizin tarixinin filmdə yüksək səviyyədə əks olunduğunu qeyd edib.

Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, süqutunun səbəblərini, eləcə də müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonra qonaqlar Cümhuriyyət tarixindən bəhs edən fotolardan ibarət sərgi ilə tanış olublar.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

22 Noyabr 2018 14:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə