Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Türkiyədən, Türkməndağından Qarabağa könül körpüsü" adlı tədbir keçirilib

Bakının Binəqədi rayonundakı 283 nomrəli tam orta məktəbində "Türkiyədən, Türkməndağından Qarabağa könül körpüsü" adlı tədbir keçirilib.

Tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan, Suriya türkmənlərinin tanınmış sənətçisi, araşdırmaçı-yazarı, “Türkvizyon”un qalibi, “Diriliş Ərtoğrul” serialının aktyoru Adil Şan və əslən Cənubi Azərbaycandan (İran) olan, hazırda Türkiyədə yaşayan araşdırmaçı-yazar Sara Pourla görüşə həsr olunub.

Məktəbin direktoru Tünzalə Zeynalova  qonaqları salamlayaraq, Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayevaya və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovaya belə bir maraqlı tədbiri məktəbdə təşkil etdiklərinə görə təşəkkür edib.

Qənirə Paşayeva hər iki qonağı Bakıda görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, Adil Şan nəinki mənsub olduğu Bayırbucaq, Türkməndağı, Hələb türklərinin səsini dünyaya çatdırır, o, dəyərli vətənsevər ziyalı olaraq, bütövlükdə türk dünyasını təmsil edir, onun problemlərinə və uğurlarına da diqqətlə yanaşır. Adil Şanın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verən deputat qonağın əslinin Güney Azərbaycana bağlı olub, Cənubi Azərbaycandan (İran) Suriyaya köç etmiş bir nəslə mənsub olduğunu diqqətə çatdırıb və bildirib ki, Adil Şan istər yazdığı kitablarla, istərsə də ictimai fəaliyyəti ilə hər zaman türk dünyasını narahat edən problem və məsələləri gündəmə gətirən ziyalıdır. Onun “Diriliş Ərtoğrul” serialında canlandırdığı ozan obrazı təkcə Türkiyədə olan tamaşaçıları arasında deyil, Azərbaycanda da bu serialı izləyənlər arasında rəğbətlə qarşılanıb. Millət vəkili Q.Paşayeva Suriya türkmənlərinin keçmişi, bugünü, yaşadığı acılar barədə geniş danışıb, Suriyadan zorla öz evlərindən didərgin salınan Türkmən köçkün qardaş-bacılarımızla Türkiyədə keçirdiyi görüşlər barədə ətraflı məlumat verib və “bu insanlar bizim qardaş-bacılarımızdır, onların yanında olmaq bizim bir vəzifəmizdir”,-- deyib. Q.Paşayeva “A. Şanın bir neçə gün əvvəl Azərbaycana səfəri, keçirdiyi görüşlər, tədbirlər Suriya türkmənləri ilə Azərbaycan arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək və hər zaman sizi və türkmən qardaş-bacılarımızı görməyə şad olarıq”,-- deyib.

Araşdırmaçı-yazar Sara Pourun da əslən Cənubi Azərbaycandan olduğunu diqqətə çatdıran millət vəkili Q.Paşayeva onun özgüvən, işığa doğru getmək, müsbətə doğru dəyişmək və hədəfə çatmaq üçün ustad dərslərdən aldığı bilgilərinin hər kəs üçün, özəlliklə gənclər üçün maraqlı olacağını deyib. Tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fəda edən Qarabağ qazilərimizin də iştirak etdiyini deyən millət vəkili Q.Paşayeva "bu cür tədbirləri Ali Baş Komandanımız cənab İ.Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda qeyd edək"-- deyib.

Suriya türkmənlərinin dünəni, bugünü və gələcəyi ilə bağlı geniş məruzilə ilə çıxış edən yazar Adil Şan daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb.  

 Sara Pour gənclərə özünəgüvən hissinin gücləndirilməsi ilə bağlı tövsiyyələrini verib, onları arzularından vaz keçməməyə, qarşılarına qoyduqları hədəflərə doğru özünəinam hissi ilə çatmağa çağırıb.

Sonra tədbir Adil Şanın konserti və Sara Pourun maraqlı çıxışı, həyat hekayələrini anlatmaqla davam edib.

Tədbirdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri, Arzu Bağırova, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu, qazilərimiz və digər tanınmışlar iştirak ediblər.  Görüşün sonunda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB  və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB tərəfindən Adil Şana və Sara Poura mükafat təqdim edilib, məktəbə  Azərbaycanla bağlı hədiyyələr təqdim olunmuşdur.

Tədbirdə qazilərimizin və qazilərdən ibarət futbol komandasının nümayəndələrinə Q.Paşayeva və A.Bağırova hədiyyələr təqdim ediblər, onları son uğurları münasibətilə təbrik edib, "hər zaman yanınızdayıq",-- deyərək, daha böyük uğurlar diləyiblər.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Noyabr 2018 12:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə