Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Xarici ölkələrin fəal qadınları Ermənistana qarşı etiraz səslərini ucaltmalıdırlar

Q.Paşayeva: Xarici ölkələrin fəal qadınları Ermənistana qarşı etiraz səslərini ucaltmalıdırlar

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın  fəal qadınları ilə görüşüb Bu ölkələrin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə  ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Fəal qadınlar təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Görüşlər zamanı Milli Məclisin deputatı Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Deputat Qənirə Paşayeva görüşləri zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Q.Paşayeva görüşdüyü fəal qadınlara Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar da hədiyyə edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Noyabr 2018 11:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin