• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Tacikistan üçün Qafqaz regionunda mühüm tərəfdaşdır

Azərbaycan Tacikistan üçün Qafqaz regionunda mühüm tərəfdaşdır

Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik. Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan – Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir.

Emoməli RƏHMON
Tacikistan  Respublikasının Prezidenti

 

Azərbaycanın beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir. Bunu ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artması, həmçinin nüfuzlu beynəlxalq agentliklərin reytinq cədvəllərində  respublikamızın adının ilbəil irəliləməsi də təsdiqləyir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin xarici səfərləri, həmçinin beynəlxalq təşkilatların tədbirlərində iştirakı,  səfər çərçivəsində imzalanan sənədlər, ölkəmizin maraqlarının müdafiəsinə, habelə Ermənistanın işğalçılıq siyasətinin, dünya birliyinin hələ də bu ədalətsizliyə laqeyd  yanaşmasının kəskin tənqid edilməsi respublikamıza olan marağı daha da artırıb.
Son illər qarşılıqlı səfərlərin sayı daha da artıb. Bu fakt da Azərbaycanın  dünya birliyində əlaqələrinin möhkəmləndirilməsinin göstəricisidir. Hər dəfə xarici ölkə rəhbərlərinin Azərbaycana rəsmi səfəri böyük maraqla izlənilir. Çünki belə səfərlər zamanı  səmərəli  danışıqların aparılması ilə yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra zəruri sənədlər də imzalanır. Tacikistan Prezidenti Emoməli Rəhmonun bu günlərdə ölkəmizə reallaşan səfəri zamanı əhəmiyyətli danışıqlarla bərabər, çoxşaxəli tərəfdaşlığa hüquqi baza yaradan sənədlər də imzalandı.
Azərbaycan ilə Tacikistan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkə  keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olan dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur. Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdir. Bundan sonra iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Bu əlaqələr, əsasən, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.
Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etdirilməsi  yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2007-ci ilin martında  Düşənbə şəhərində  imzalanmış "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində  mühüm rol oynamışdır. Bu sənədə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın Avrasiyada sülhün və stabilliyin möhkəmləndirilməsinə, həmçinin digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcəyinə zəmin yaratmışdır. 
Son illər dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar, həmçinin imzalanan sənədlər bu ümidləri doğrultmuşdur. Tacikistan Prezidentinin avqustun 10-da ölkəmizə baş tutan rəsmi səfəri  iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafından xəbər verir. İstər dövlət başçılarının təkbətək və istərsə də geniş tərkibdə keçirilən görüşlərində, həmçinin mətbuata bəyanatlarla çıxışlarında  ikitərəfli siyasi dialoqun əhəmiyyəti, qarşılıqlı maraq kəsb edən mühüm və aktual beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etmə, iki dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsinə hərtərəfli səylərin davam etdirilməsi, regionda mövcud  olan münaqişələrin sülh yolu ilə həll edilməsində qarşılıqlı səylərini birləşdirilməsi, müxtəlif  beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti, enerji təhlükəsizliyinin təmin edilməsində hər iki dövlətin  rolu, hər iki dövlətin potensialına uyğun olaraq Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə  əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə mövzusu olmuşdur.
Danışıqlar zamanı  Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidentinin  ölkəmizə səfərini yüksək dəyərləndirmiş və bu təmasları ikitərəfli münasibətlərdə mühüm hadisə adlandırmışdır. Ölkə başçısı demişdir ki, biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük və təmaslar mütəmadi xarakter daşıyır.
Tacikistanın uğurlu inkişafını  yüksək dəyərləndirən dövlətimizin başçısı  vurğulamışdır ki, Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir: “Ölkənizin beynəlxalq nüfuzu artır. Siz dayanıqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edirsiniz. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Biz Sizin uğurlarınıza sevinirik və əminik ki, Tacikistan bundan sonra da Sizin müdrik rəhbərliyinizlə inkişaf və tərəqqi yolu ilə gedəcək”.
Səfər çərçivəsində aparılan danışıqları, müzakirə olunan məsələləri zəruri hesab edən dövlətimizin başçısı  bunun çox yaxşı nəticə verəcəyinə əminliyini ifadə etmişdir: “Bu nəticələr ölkələrimiz arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu gün bir çox mühüm sənədlər imzalanıb. Həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq”. 
Qeyd olunmuşdur ki,  imzalanan sənədlər ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini təsdiqləyir, eyni zamanda, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri orada əksini tapıb. Sənədlərdə, həmçinin ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin –2018-2028-ci illərin “Su - dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bildirildi ki, bu, çox mühüm təşəbbüsdür. Bu, imzalanan Birgə Bəyanatda əksini tapıb.
Respublikamzın rəhbəri Tacikistana Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığını bildirmişdir. Bu fakt bəyanatın mətnində  də əksini tapıb. Qeyd olunub ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır:  “Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir. Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Dost Azərbaycana rəsmi səfərə dəvətə, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tacikistan Prezidenti  xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirmişdir. Qonaq  bildirmişdir ki, bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Bu səfərdə  əldə ediləcək razılaşmalar çoxşaxəli tərəfdaşlığın yeni məzmunla zənginləşdiriləcəyinə, daha yüksək və keyfiyyətli səviyyəyə  yüksəldiləcəyinə əminlik ifadə edilmişdir.
Müstəqillik illərində öz sosial-iqtisadi inkişafında böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq arenada mövqelərinin ardıcıl surətdə möhkəmləndiyini  vurğulayan Tacikistan Prezidenti demişdir ki,  ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsində də özünü büruzə verir:  “Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır. Bütün bu nailiyyətlər Sizin cəmiyyət tərəfindən daha çox və hərtərəfli dəstəklənən uğurlu dövlət siyasətinizlə əlaqədardır”.
“Azərbaycan Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır”– deyən Tacikistan Prezidenti iki ölkə arasında  münasibətlərin uğurla genişləndirilməsi meylini xüsusi vurğulamış və demişdir ki,  dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq, ötən illər ərzində  münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. “Bu baza bu gün demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq”.
Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

11 2018 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin