Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyə və Gürcüstan Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilib

Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyə və Gürcüstan Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilib

Noyabrın 21-də Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın ordu rəhbərlərinin üçtərəfli toplantısı dövlətlərimizin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir. Bu toplantını üçüncü dəfədir keçiririk. Görüşün əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, üç dost və qonşu dövlətin həyata keçirdiyi strateji-iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın dərinləşməsidir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia qeyd edib ki, bizim əlaqələrimizin böyük tarixi var. Biz regionda strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız çox mühümdür. Regionda həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün bu əməkdaşlıq uğurla davam edir. Başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirərək deyib ki, bu gün üç dost və qardaş ölkənin Silahlı Qüvvələrinin komandanlığı mühüm toplantını keçirmək üçün bir araya gəliblər. Bu, bizim üçüncü görüşümüzdür. Bir-birimizlə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəyik. Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. Strateji səviyyəyə çatmış hərbi əlaqələrimizi daha da inkişaf etdirmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışacağıq. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik.

21 Noyabr 2018 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə