Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bugünkü gənclər sabahın liderləridir

Bugünkü gənclər sabahın liderləridir

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması üçün məqsədyönlü islahatlara başlanıldı. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci ildə imzalanan fərmana əsasən, fevralın 2-si ölkədə Gənclər Günü kimi qeyd edildi. Bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 
Prezident İlham Əliyev də gənclərə böyük diqqət və qayğı ilə yanaşır. Gənclərə yüksək şərait yaradılması istiqamətində 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər), “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı”nın, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi dövlətin gənclərə göstərdiyi dəstəyin əyani sübutudur. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində mühüm nailiyyətlər əldə olunub.
Bu günlərdə Bakı Konqres Mərkəzində Gənclərin VIII Forumu keçirildi. Azərbaycan gəncləri bir sırada mühüm məsələləri müzakirə etdilər. Sirr deyil ki, gənclərin fikirləri, ideyaları, onların enerjisi həm bu gün, həm də gələcək üçün böyük əhəmiyyət daşıyır. Gənclər yalnız gələcəyin yox, bu günün də liderləridir. Çünki gənclərin birlikdə olması yeni şirkətlərin, təşkilatların, ideyaların, layihələrin yaranması deməkdir.
Mən 15 yaşımdan könüllü olaraq fəaliyyət göstərmişəm. Son 10 il ərzində təşkilatlardakı könüllülük fəaliyyətim fərdi və peşəkar inkişafımda mühüm rol oynamışdır. Əminəm ki, digər təşkilat rəhbərləri də bu çətin yolu keçmişlər.  Gənclərə məsləhətimiz odur ki, tez bir zamanda hər hansı təşəbbüs uğurlu nəticə vermədikdə, hər hansı bir layihəyə donor və ya sponsor tərəfindən dəstək olmadıqda ruhdan düşməsinlər. Heç bir ideya, cəhd birinci və ya ikinci dəfədən uğur qazanmır, bəzən onuncu, hətta on beşinci dəfədən nailiyyət əldə edilir.
Forum çərçivəsində çıxışlarda da qeyd edildi ki, hər bir uğurun arxasında böyük əmək, fədakarlıq, çətin bir yol dayanır. Və bu çətinliklər bizi həm bir fərd, həm də bir peşəkar kimi formalaşdırır. Belə möhtəşəm tədbirlərin keçirilməsi cəmiyyətimiz, dövlətimiz və ən əsası gəncliyimiz üçün böyük əhəmiyyət daşıyır. Forumda iştirak edən gənclər spikerlərlə, həmçinin panel iştirakçıları ilə tanış olmağa və əlaqələr qurmağa şans əldə edirlər.
Nəzərə alsaq ki, gənclər təşkilatlarının böyük əksəriyyəti Bakıda yerləşir və paytaxtda yaşayan gənclərin inkişafını təmin edir. Belə konfranslar, forumlar region gəncləri üçün xüsusi önəm daşıyır və biz Gənclər Təşkilatının Milli Şurası (NAYORA) olaraq region gənclərinin də inkişafını daim diqqətdə saxlayırıq. Artıq forumda regionda fəaliyyət göstərən gənclər təşkilatlarından bizə üzv olmayan bir neçəsinin bizimlə sıx əməkdaşlıqda olmaq istəyi bizi həqiqətən sevindirir və təbii ki, biz istənilən gənclər təşkilatı ilə əməkdaşlığa hazırıq.
Nümunə olaraq qeyd edim ki, dekabrın 2-də Gəncədə, 22-də Biləsuvarda və 23-də Lənkəranda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “AXC-nin 100 illiyinin qeyri-formal təbliği” layihəsini həyata keçirəcəyik. Məqsədlərimizdən biri də regionlarda fəaliyyət göstərən təşkilatların tədbirdən sonra kiçik layihələri icra etmələridir. Sözsüz ki, layihələrin yazılması və icra olunmasında da biz əlimizdən gələni edəcəyik.
Eyni zamanda, dekabr ayında Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Gənclər təşkilatlarının konfransı” keçiriləcək. Bu forumda da regionlardakı və Bakıdan olan gənclər yenidən bir araya gələcək və balanslaşdırılmaya xüsusi diqqət yetiriləcək.

 

Məryəm MƏCİDOVA,
Gənclər Təşkilatları Milli Şurasının sədri

21 Noyabr 2018 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə