Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyalı türkmən sənətçi – tədqiqatçı Adil Şan Azərbaycanda

Suriyalı türkmən sənətçi – tədqiqatçı Adil Şan Azərbaycanda

Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar” İctimai Birliyinin dəvəti və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş və onun kitablarının təqdimat mərasimi keçirilib.  A. Şan, həmçinin araşdırmaçı-yazar, "Türkvizyon" musiqi yarışmasının qalibi olmaqla, “Diriliş Ərtoğrul” serialından möhtəşəm səsi ilə izləyiciləri valeh edən Ozan kimi tanıdığımız aktyordur. 
Tədbiri giriş sözü ilə açan Qənirə Paşayeva qonağı Bakıda görməkdən məmnun olduğunu deyərək bildirdi ki, Adil Şan nəinki mənsub olduğu Bayırbucaq, Türkməndağı, Hələb türklərinin səsini dünyaya çatdırır, o, həm də dəyərli vətənsevər ziyalı olaraq, bütövlükdə, türk dünyasını təmsil edir, onun problemlərinə və uğurlarına da diqqətlə yanaşır. Azərbaycana olan sevgi və məhəbbətinin nəticəsidir ki, ölkəmizə səfər edib. 
Adil Şanın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva qonağın əslinin Güney Azərbaycana bağlılığını, oradan Suriyaya köç etmiş bir türkmən nəslinə mənsub olduğunu diqqətə çatdırdı. Adil Şan istər yazdığı kitablarla, istərsə də ictimai fəaliyyəti ilə hər zaman türk dünyasını narahat edən problem və məsələləri gündəmə gətirən ziyalıdır. Onun “Diriliş Ərtoğrul” serialında canlandırdığı Ozan obrazı təkcə Türkiyədə deyil, Azərbaycanda da bu serialı izləyənlər arasında rəğbətlə qarşılanıb. 
Q. Paşayeva Suriya türkmənlərinin keçmişi, bugünü, yaşadığı acınacaqlı həyat, Suriyadan zorla öz evlərindən didərgin salınan türkmən köçkün qardaş-bacılarımızla Türkiyədə keçirdiyi görüşlər barədə ətraflı məlumat verdi. 
Deputat xanım Adil Şanın təqdimatı keçirilən iki kitabı və musiqi albomu barədə də məlumat verərək bildirdi ki, bu sənət adamı indiyə kimi Suriya türkmənlərinin qan yaddaşı, etnoqrafik tarixi, adət-ənənləri, ata sözləri başda olmaqla, folklor nümunələri ilə bağlı bir çox araşdırmalar aparmış, kitablar yazmışdır. O, Suriya türkmənlərinin tarixini öyrənmək istəyənləri həmin kitabları oxumağa çağırdı.  Adilin növbəti kitabının Bakıda işıq üzü görməsi ilə bağlı artıq razılaşmanın olduğunu bildirən Qənirə Paşayeva dedi ki, onun üçüncü kitabı ölkəmizdə çap olunacaq.
Tədbirin aparıcısı, ­Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı təqdimatda iştirak edən millət vəkillərini, media nümayəndələrini, vətəndaş cəmiyyəti fəallarını bir ortaq dəyərin birləşdirdiyini qeyd etdi. Xüsusi olaraq vurğuladı ki, bu ortaq dəyər türk dünyasının uğurları, problemləri və bundan sonra görüləcək işlərin aktuallığıdır.
Adil Şan tək özünün yox, bütün türkmənlərin dünən və bugün keçdiyi həyat hekayəsini anlatdı. Dilindən məhrum insanları, əlifbasına qadağa qoyulmuş türkmənləri, türk adını çəkməyin belə yasaq olduğu şəraitdə yaşamağın, eldən-elə köç etməyin dəhşətlərini gözlərimiz önündə canlandırdı. “Amma bir an da olsa, kimliyimizi, türklüyümüzü unutdura bilmədilər”,– dedi. 
Suriya türkmənləri adından Q. Paşayevanın portretini deputata təqdim edən sənətçi Azərbaycana bir neçə günlük səfəri zamanı qardaş məhəbbəti ilə əhatə olunduğuna görə əməyi olan hər kəsə təşəkkür etdi. 
Görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu, “Həmvətənlərə dəstək” İctimai Birliyinin üzvləri, şəhid ailələri, Vətən yolunda sağlamlıqlarını itirmiş qazilərimizin və qazilərdən ibarət futbol komandası üzvlərinin, media nümayəndələrinin iştirakı türk dünyasının problemlərinin də ortaq olduğunun, Azərbaycan ictimaiyyətinin Suriyadakı həmvətənlərimizə dəstəyinin ifadəsi idi.
Tədbirdə qeyd edildi ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ortaq dəyər və maraqlarımızı, türk dünyasına olan baxışımızı unutmamalıyıq. 
Sonda tədbirin təşkilatçıları Suriya türkmənləri ilə Azərbaycanın bir çox qurumları arasında əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirdilər.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

21 Noyabr 2018 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə