Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı başa çatdı

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı başa çatdı

Bakıda IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı Prezident İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamına dair tədbirlər çərçivəsində keçirilib.
Festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala dəstək verib.
Yekun mərasimində festivalın direktoru Fehruz Şamıyev çıxış edərək tədbir barədə məlumat verib. Qeyd edib ki, festival 35 yaşadək rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini nəzərdə tutmuşdu. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunmuşdu. Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət seçim komissiyasının qərarına əsasən, beynəlxalq və yerli müsabiqədə “Qızıl nar” uğrunda 30 ölkədən 100 film mübarizə aparırdı. Onlardan 72-si beynəlxalq müsabiqənin proqramına daxil edilmişdi. Qaliblər beynəlxalq münsiflər heyətinin üzvləri - Ayaz Salayev (Azərbaycan), Kambuzia Partovi (İran), Gülbara Tolomuşova (Qırğızıstan), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) tərəfindən qiymətləndiriliblər.
Diqqətə çatdırıldı ki, seçim komissiyası festivalın yerli müsabiqə bölməsinə 28 film daxil etmişdi. Bu müsabiqədə qalibləri üç yerli mütəxəssis – Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün daxil olduğu münsiflər heyəti seçib.
Sonra qaliblərin adları açıqlanıb. Beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı uğrunda “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları üzrə qaliblər elan edilib. Onlar müvafiq olaraq türkiyəli rejissor Onur Yağızın “Topraq”, iranlı rejissor İman Behruzinin “Əsl məhəbbət”, almaniyalı rejissor Conatan Şvenqin “Daşqın”, türkiyəli rejissor Alican Durbaşın “Torpaq” filmidir.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

21 Noyabr 2018 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin