Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Sivilizasiyalar Alyansının VIII Qlobal Forumunda Azərbaycan da iştirak edir

BMT-nin Sivilizasiyalar Alyansının VIII Qlobal Forumunda Azərbaycan da iştirak edir

Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti noyabrın 19-dan 20-dək ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev və Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini – nazirliyin beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə daxil idi.
“Dialoqa sadiqlik: davamlı sülh naminə əməkdaşlıq” şüarı altında baş tutan forumun əsas məqsədi ölkələr, xalqlar və icmalar arasında sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün resursların səfərbər edilməsi, eləcə də dünyada son illər sürətlə artan ayrı-seçkilik, irqçilik, ksenofobiya, müxtəlifliyə dözümsüzlük fonunda dialoqa və sülhə sadiqliyi vurğulamaq idi.
Noyabrın 19-da başlayan forumun açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, BMT Baş Assambleyasının prezidenti, Türkiyə, İspaniya və Qətərin xarici işlər nazirləri çıxış etmişlər.
Forumda nazir Əbülfəs Qarayev Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi mövzusunda çıxış etmiş, həmçinin BMT rəsmiləri ilə görüşlər keçirmişdir.
Məlumat üçün qeyd edək ki, dünyanın 147 ölkəsindən 4 mindən artıq nümayəndənin iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında 7-ci Qlobal Forumu 2016-cı il aprelin 25-dən 27-dək Bakıda keçirilmişdi.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

21 Noyabr 2018 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə