Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişli: uğur və tərəqqi ünvanı

İmişli: uğur və tərəqqi ünvanı

İmişli şəhərinə bir neçə istiqamətdən giriş var. Bura bir qayda olaraq, Araz çayı üzərindəki körpüdən keçib gəlməyə üstünlük verirəm. Sanki Xan Arazdan ata-baba yurdum Zəngilanın bulaqlarının şırıltısını eşidir, gül-çiçəyinin rahiyəsini duyuram. Axı, bu məhrəm sular bu gün əlim, ünüm yetməyən doğma yerlərdən keçib gəlir. Bu dəfə də Arazın üzərindəki, təqribən, 35-40 il əvvəl inşa edilmiş körpüdən keçərkən, bir daha kövrək xatirələrə daldım. Lakin yoluma davam etdim, 6-7 kilometrdən sonra İmişlinin girəcəyinə çatdım. Sonra isə şəhərin son illər bir-birindən səliqəli, yaraşıqlı küçələrindən keçib rayon mərkəzinə gəldim. 
 

“ASAN park”da bayram coşqusu...
 

Axşamüstü idi. Yolumu “ASAN park” istirahət mərkəzinə saldım. Bu il oktyabrın 22-də Prezident İlham Əliyev İmişli rayonuna səfər edərək burada bir sıra mühüm istehsal və sosial-mədəni obyektlərin açılışında iştirak edib. Dövlət başçısının açılışını etdiyi obyektlərdən biri də şəhərin mərkəzindəki “ASAN park” istirahət guşəsidir. 
Həmin gün burada yüzlərlə şəhər sakini toplaşmışdı. Parkda uşaqlar xüsusilə çox idilər. Onlar deyib gülə-gülə qaçışırdılar. Körpələrin, uşaqların sevinci gözlərini onlardan çəkməyən anaların, baba və nəvələrin də əhvalını yüksəltmişdi. 
Burada köhnə tanışım, ­İmişli Ağsaqqallar Şurasının sədri Bəşir Bəşirovla rastlaşdım. Ağsaqqal ətrafa, buradakı qeyri-adi gözəlliklərə göz gəzdirib riqqətlə dedi: 
– Bütün bu gördüyünüz gözəlliklər İmişli sakinlərinə sevimli Prezidentimiz İlham Əliyevin hədiyyəsidir. Rayonumuzun tarixində heç vaxt hər cür şəraiti olan belə gözəl və yaraşıqlı istirahət mərkəzi olmayıb. Biz imişlililər dövlətimizin başçısından yerdən-göyə qədər razıyıq. Allah Prezidentimizi, dövlətimizi qorusun! 
Qeyd etmək lazımdır ki, “Asan-Xidmət” İmişli Kompleksi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 14-cü mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb, inşaat işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və “ASAN park” istirahət guşəsindən ibarətdir.
Dövlətimizin başçısı bu günlərdə İmişlidə Bayraq Muzeyinin açılışında da iştirak edib. Yeri gəlmişkən, İmişli Bayraq Kompleksinin ərazisində yerləşən muzey binasının inşasına ötən il başlanıb və tikinti işləri bu ilin sentyabr ayında başa çatdırılıb. Ümumi ərazisi 8 min kvadratmetr olan muzey binası sərgi zalından, elektron kitabxana, inzibati və yardımçı otaqlardan ibarətdir. 
Muzeydəki bölmələrdə ölkəmizin xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. 
Onu da deyək ki, İmişli Bayraq Muzeyinin yerləşdiyi meydanda dirəyinin hündürlüyü 100 metr olan dövlət bayrağı ucaldılıb. Bayraq dirəyinin postamentində Azərbaycan Respublikasının gerbi və ümummilli lider Heydər Əliyevin kəlamları əks olunub. İmişli Bayraq Kompleksi Prezident İlham Əliyevin 2012-ci il oktyabrın 28-də İmişli rayonuna səfəri zamanı istifadəyə verilib.

 

Sakinlər qəbuldan razı qaldılar

 

Ertəsi gün İmişli Rayon İcra Hakimiyyətinə gəldim. Fikrimdə rayonda kənd təsərrüfatı sahəsində görülən işlər barədə material hazırlamaq idi. Lakin planlarıma bəzi düzəlişlər etməli oldum. Belə ki, rayon icra hakimiyyətinin binasına gələr-gəlməz, RİH başçısı Vilyam Hacıyevlə rastlaşdım. Mənimlə çox mehriban görüşüb 10-15 dəqiqədən sonra vətəndaşların qəbulunu keçirəcəyini dedi və qəbulda iştirak etməyimi təklif etdi.
Böyük məmnuniyyətlə razı oldum. Çünki Vilyam müəllimin vətəndaşların qəbulunda qaldırılan məsələlərə diqqətlə yanaşdığı barədə dəfələrlə eşitmişdim. 
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak edirdilər. 
Rayon icra hakimiyyətinin başçısı əvvəlcə qəbula toplaşanları salamlayaraq bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.
İmişli RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirdi, rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Vilyam Hacıyev ölkə başçısı İlham Əliyevin Azərbaycanın hər bir bölgəsi kimi İmişli rayonuna, əhaliyə göstərdiyi yüksək diqqət və qayğıdan fəxrlə bəhs etdi. O vurğuladı ki, rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Sakinlər problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Qəbul bitəndə bir nəfərin ayaq saxlayaraq məni gözlədiyini hiss etdim. Görüşdüm. Özünü təqdim etdi: Azad Rəhimovam, -dedi. Dedi ki, Qaradonlu kəndindədir. Bir neçə il əvvəl istehsalat prosesində xəsarət alıb. İmişli rayon icra hakimiyyətinin başçısı dəfələrlə ona maddi yardımlar edib. A.Rəhimov dedi ki, hər dəfə minnətdarlıq etmək istəyəndə Vilyam müəllimin cavabı bu olub ki, İmişli camaatına xidmət etmək onun vəzifə borcudur. 

 

Pambıq tarlalarındaişlər səngimir 


 
İmişlidə hara getdim, kimlə görüşdüm, hamının dilində builki pambıq məhsulunun bol olduğu, yığımın yaxşı təşkil olunduğu barədə söhbətlər eşitdim. 
Bu mövsüm imişlili pambıqçılar 13 min 645 hektar sahədə pambıq yetişdiriblər. Yığıma mütəşəkkil başlayan fermerlər indiyədək plantasiyalardan 16 min tondan çox məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər. Gün ərzində sahələrdən 300-400 ton pambıq toplanılır. Qeyd edək ki, imişlili pambıqçılar bu il sahələrdən 20 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.
Məhsul istehsalçıları yetişdirdikləri pambığı qısa müddətdə və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər edirlər. Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda plantasiyalarda 10-dan artıq “Aqrolizing” ASC-nin ölkəyə gətirdiyi “John Deer” şirkətinin “9970” markalı kombayın işləyir və hər gün tədarük olunan məhsulun 70 faizi bu maşınların köməyi ilə toplanılır.
Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlhümbət Əlkişiyev bildirdi ki, kənddə fəaliyyət göstərən 55 fermer bu il 1990 hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 2600 tondan çox pambıq toplanıb. Məhsuldarlıq orta hesabla 30 sentnerdən çox olub. Hələ sahədə məhsul çoxdur. Təxmini hesablamalara görə sahibkarlar bundan sonra sahələrdən daha 1400 ton pambıq toplaya biləcəklər. 
Fermer Məhərrəm bu il əkin sahələrinin orta məhsuldarlığının artacağına da əmindir. O dedi ki, məhsuldarlığın artması əlavə gəlirin əldə olunması deməkdir. 
Məhərrəmdən bol məhsul toplamağın sirlərini soruşanda gülümsəyərək bildirdi ki, bu barədə son vaxtlar ondan başqaları da tez-tez soruşur. Sadəcə, hər bir işi lazımi aqrotexniki qaydada aparmaq lazımdır. Bax, bizim bu sahələr vaxtında şumlanıb, arat olunub, malalanıb. Əlbəttə, pambıqçılar bütün mövsüm boyu həvəslə çalışıblar. 
Aranlı kəndində fermer Yunis Vəliyevin də pambıq tarlasında oldum. Fermer bu il pambıq əkini sahəsini 20 hektar artıraraq 140 hektara çatdırıb. Yunis ölkə başçısının pambığın satınalma qiymətlərinin artırılması ilə bağlı qərarından razı qaldığı dönə-dönə söylədi:
– Çox düzgün və ədalətli qərardır. Cənab Prezident, sanki ürəyimizi oxuyub. Allah razı olsun! 

 

Ənənələr yaşayır...

 

Aranlıdan sonra Gövhərli kəndinə gələndə burada gənc fermer Faiq Şıxəliyevin sahəsində həmkarım, qocaman jurnalist, rayonda nəşr olunan “Xalq sözü” qəzetinin redaktoru Səməd İsmayılovla rastlaşdım. 
Səməd müəllim əlini Faiqin çiyninə qoyaraq dedi ki, bir vaxtlar İmişlinin Pənah Həsənov kimi adlı-sanlı pambıqçılıq briqadiri vardı. Ulu öndər Heydər Əliyev dəfələrlə onun sahəsində olmuş, yaxşı işinə görə tərifləmişdi. 
Səməd İsmayılovun sözlərinə görə, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Pənah Həsənovun bu gün davamçıları yetişib. Bunlardan biri də məhz Faiq Şıxəliyevdir. Faiq ötən il hər hektardan 35 sentnerdən çox məhsul toplayıb. Faiq əminliklə dedi ki, bu il məhsuldarlıq daha yüksək olacaq. 
Göbəktala kənd sakini, təcrübəli pambıqçı Səxavət İsmayılov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 30 hektar pambıq sahəsinin hər hektarından 62 sentner məhsul götürüb. Bu il də pambıq çoxdur.
Təqdirəlayiq haldır ki, İmişli rayonunda pambıqçılığın sürətli inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Təcrübəli alim və mütəxəssislər tez-tez rayona dəvət olunurlar. Yeri gəlmişkən, bir müddət əvvəl İmişlidə pambıqçılığın inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. 
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki-Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki-mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki qaydada becərilməsi” mövzularında çıxış ediblər. Müşavirədə fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. 
Son iki gündə rayonda şahidi olduğum abadlıq-quruculuq işlərinin vüsəti, insanların qurub-yaratmaq əzmi qəlbimdə xoş əhval-ruhiyyə yaratmışdı.  İmişlidən Bakıya qayıdanda yolumu yenə də Arazın üzərindəki körpüdən saldım. Bir an qəlbimdə dərin inam yarandı ki, yaxın gələcəkdə doğma Zəngilan, işğal altında olan bütün rayonlarımız mütləq düşmən tapdağından azad olunacaq, bu bölgələrin hər birində Bakıda, Abşeronda, Qubada və başqa rayonlarda olduğu kimi geniş abadlıq-quruculuq işləri aparılacaq. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

21 Noyabr 2018 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin