Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya davam edir

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya davam edir

Gəncə


Ötən 4 gün ərzində Gəncə şəhəri, Göygöl və Şəmkir rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Abşeron, Binəqədi, Sabunçu, Nərimanov, Şuşa, Zəngilan, Neftçala, Salyan, Şirvan və İmişli məktəbliləri arasında intellektual oyun keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü keçirilən oyunda məktəblilər biliklərini nümayiş etdiriblər. 
Məlumat verilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq təşkil edilən bu intellektual oyunun keçirilməsində əsas məqsəd şagirdlərin indiyədək qazandığı bilikləri və onların dünyagörüşünü artırmaq, ən savadlı gəncləri aşkara çıxarmaqdır.
Sonra intellektual oyunlara start verilib. İki saat davam edən yarışda 42 komanda iştirak edib. Məktəblilər hər birinin tərkibində 6 nəfərin olduğu 6 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.
Oyunun nəticələrinə görə, İmişli məktəbliləri birinci, Şirvan rayonunun şagirdləri ikinci, Neftçala məktəbliləri isə üçüncü yeri tutub. Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.

 

Lənkəran

 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş maarifləndirici tur-aksiyaların növbəti mərhələsi başa çatıb. Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar. 
Noyabrın 21-də tur-aksiyanın Bakının Suraxanı, Xəzər, Pirallahı və Qaradağ, eləcə də Xocalı, Qax, Mingəçevir, Zaqatala, Balakən, Kəlbəcər rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri yaşadıqları şəhər və rayonlara yola düşüblər.Humanitar aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.
Cənub bölgəsindən zəngin təəssüratla ayrılan məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə təşkilatçılara  minnətdarlıqlarını bildiriblər.

 

Qəbələ

 

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb. Noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edən 10-cu tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3190 nəfər iştirak edib.
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə artıq beşinci ildir ki, təşkil edilən bu tur-aksiyalar Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Layihə çərçivəsində noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayan 10 rayonun – Ağdaş, Füzuli, Göygöl, Siyəzən, Tovuz, Quba, Qusar, Şabran, Xaçmaz və Xızı məktəblilərindən ibarət qruplar noyabrın 21-də ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Qəbələ şəhərindəki “Karvansaray” və “Qafqaz Sport” otellərində qalan 400 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.
Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, “Gilan Qida Şəhərciyi”nə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidəki yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Tur-aksiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur.
Aksiya çərçivəsində məktəblilər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə yarış da keçirilib. Oyunun nəticələrinə görə, Quba, Siyəzən və Xaçmaz məktəbliləri müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblərə kubok, medal və xatirə hədiyyələri təqdim olunub.
Məktəblilər respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.

 

Xaçmaz

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 400-dən çox şagirdin şimal bölgəsi ilə tanışlığı Xaçmaz şəhərində başa çatıb.Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ağsu, Qobustan və Yevlax məktəblərinin şagirdləri ekskursiyanın sonuncu günü muzeylər və parklar şəhəri adlanan Xaçmazın görməli yerləri ilə tanış olublar.
Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri şəhərin mərkəzindəki Heydər Əliyev parkında qarşılanıb, buradakı Heydər Əliyev Mərkəzində olublar. Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var. Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.
Meydan və Çənlibel parkında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq, yaşadıqları şəhər və rayonlara yola düşüblər.

 

AZƏRTAC

21 Noyabr 2018 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə