Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir

Şərur rayonunun Kosacan kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Xalqın və zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası ulu öndərin rəhbərliyi ilə Azərbaycanı xaos, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçilik və davamlı inkişaf mərhələsinə çıxarıb. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar Yeni Azərbaycan Partiyasının təməlində duran inkişaf, sabitlik və yüksək rifah prinsiplərinin bəhrələridir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kəndində yeni sosial obyektlər istifadəyə verilib. 

 

Kosacan kənd tam orta məktəb binası istifadəyə verilib

 

Noyabrın 21-də Kosacan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib. 
Kosacan kənd tam orta məktəbinin direktoru Asim Həsənov çıxış edərək deyib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi, Kosacan kəndində də geniş quruculuq işləri aparılıb. Kosacan kənd tam orta məktəbi əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin arzusu reallığa çevrilib. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş məktəb binası istifadəyə verilir. Asim Həsənov kənd sakinləri və kollektiv adından Ali Məclisin sədrinə minnətdarlıq edib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kosacan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir xalqın səviyyəsini onun təhsil səviyyəsi müəyyən eləyir”, – fikrini xatırladaraq deyib: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər, görülən işlər və yaradılan şərait xalqımızın gələcəyinə, onun yüksək səviyyəyə malik olmasına xidmət edir. Yeni məktəblər tikilir, tədrisdə müasir texnologiyalar tətbiq olunur, təhsil müəssisələri lazımi avadanlıq və kitablarla təmin olunur. Yaradılan şərait təhsilin inkişafına öz töhfəsini verir. 
Ali Məclisin sədri deyib: “Ölkəmizdə təhsilin inkişafını hər il ali məktəblərə qəbul olan tələbələrin səviyyəsi bir daha təsdiq edir. Kosacan kənd tam orta məktəbinin timsalında da bunu görmək mümkündür. Kollektivin əməyi hədər getməyib. Son 5 ildə Kosacan kənd tam orta məktəbinin məzunları yüksək nəticələr göstərərək muxtar respublikada və muxtar respublikadan kənarda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunublar. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseydə və peşə məktəblərində təhsillərini davam etdirirlər. Qazanılan bu nailiyyətlər məktəb kollektivinin muxtar respublikada təhsilin inkişafına verdikləri töhfədir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Kosacan kənd tam orta məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır”. 
Kollektivə təşəkkürünü bildirən Ali Məclisin sədri deyib: “Məktəb tikmək, müasir tədris şəraiti yaratmaq işin bir tərəfidir. Yaradılan şəraitdən səmərəli istifadə etmək isə qarşıda duran əsas vəzifədir. Kosacan kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, həm müəllimlər dərsləri yaxşı tədris etsinlər, həm də şagirdlər keçirilən dərsləri qavrama yolu ilə mənimsəsinlər”. 
Ali Məclisin sədri deyib: “Müasir tədris şəraiti təkcə yeni məktəb binası tikməkdən ibarət deyil. Müasir tədris şəraiti məktəbdə elektron lövhələrin quraşdırılması, internetə çıxışı olan kompüter siniflərinin, şahmat otaqlarının, idman zalının, zəngin fonda malik kitabxananın və ixtisaslı müəllim kollektivinin olması deməkdir. Bu şərait gələcəyimiz olan gənclərin təhsilli böyüməsində və ölkəmiz üçün yararlı vətəndaşlara çevrilməsində əsas amildir. Məktəbdə şagirdlər maraqlarına uyğun peşələrə yönləndirilməli, hər bir şagird özünə peşə seçməlidir. Bu vəzifələrin yerinə yetirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təhsilin inkişafı üçün qəbul olunmuş dövlət proqramları bu sahədə geniş imkanlar açır. Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında müasir şəraitlə təmin olunmuş peşə məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbin kollektivinin qarşısında duran əsas vəzifə də ondan ibarətdir ki, gələcəyimiz olan gəncləri təhsilli, peşə sahibi olan, dünyagörüşlü və vətənpərvər böyütsünlər.” 
Ali Məclisin sədri Kosacan kənd tam orta məktəbində yaradılmış şəraitdən səmərəli istifadə olunacağına və nailiyyətlərin daha da artırılacağına əminliyini bildirib, kollektivə uğurlar arzulayıb. 
Sonra Ali Məclisin sədri məktəb binasında yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, 234 şagird yerlik üçmərtəbəli məktəbdə 2-si elektron lövhəli olmaqla 15 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. 
Məktəbdə kitabxana işi günün tələbləri səviyyəsində qurulub. Hazırda kitabxana fondunda 1076-sı dərslik və 3200-ü bədii ədəbiyyat olmaqla, 4276 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Muxtar respublikanın ümumtəhsil məktəblərində kitabxana işinin təşkili mövzusunda konfrans və seminarların keçirilməsi bu sahədə fəaliyyətin səmərəli təşkilinə imkan verir. 
Məktəbdə tədrisin səviyyəsi ilə tanışlıq zamanı qeyd olunub ki, 2018-2019-cu tədris ilində Kosacan kənd  tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunub. Həmçinin ötən tədris ilində məktəbin 8 məzunu ali məktəblərə sənəd verib, onlardan 7-si tələbə adını qazanıb. 9-cu sinif bazasından 2 şagird orta ixtisas məktəbinə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub.
Laboratoriyalarda lazımi təcrübə avadanlıqları qoyulub, idman zalında, hərbi kabinədə və sinif otaqlarında müasir tədris şəraiti yaradılıb. Kompüter otağında 19 kompüter quraşdırılıb və internetə qoşulub, məktəb elektron dərsliklərlə təmin edilib. 
Şahmat sinfinə baxış zamanı qeyd olunub ki, məktəbin şagirdləri şahmata böyük maraq göstərirlər. Bu il məktəbin 3 şagirdi rayon və muxtar respublika birinciliklərində uğurlu nəticə göstərib. 
Ali Məclisin sədri şagirdlərin kitabxanaya cəlbi və onlarda mütaliə vərdişlərinin yaradılması, şahmat, fiziki tərbiyə və çağırışaqədər hazırlıq dərslərinə diqqətin artırılması barədə tapşırıqlar verib. 
Elektron lövhəli sinifdə ümumtəhsil məktəbləri ilə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi arasında keçirilən interaktiv dərs izlənilib. Eyni vaxtda distan təhsil şəbəkəsinə muxtar respublikanın 224 təhsil müəssisəsi qoşulub. 
Ali Məclisin sədri müəllimlər otağında olub, pedaqoji kollektivi təbrik edərək deyib: “Məktəbdə yaradılan şərait tədrisin düzgün təşkilinə imkan verəcəkdir. Yaxşı iş şəraiti, eyni zamanda, yaxşı əhval-ruhiyyə deməkdir. Bu gün muxtar respublikanın şəhər məktəbləri ilə kənd məktəbləri arasında fərq yoxdur. Bütün məktəblərdə eyni tədris şəraiti yaradılıb. Son 5 ildə Kosacan kənd tam orta məktəbinin məzunlarının 87 faizi ali və orta ixtisas məktəblərinə qəbul olub. Məktəbdə bütün fənlər üzrə ixtisaslı müəllimlər fəaliyyət göstərir. Bütün bunlar isə imkan verəcək ki, məktəbin nailiyyətləri daha da artsın. Təhsilin nəticəsi yalnız ali məktəblərə qəbulun səviyyəsi ilə deyil, həm də məzun olan şagirdlərin peşə sahibi olması ilə ölçülməlidir. Qarşıda duran əsas vəzifə odur ki, məktəbi bitirən hər bir şagird təhsilli və özünə peşə seçmiş vətənpərvər gənc kimi formalaşsın”. 
Məktəbin müəllimi Vəfa Məmmədova deyib: “Kosacan kənd tam orta məktəbində yaradılmış şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur. Göstərilən qayğı müəllimlərin daha yaxşı işləmələri üçün zəmin yaradır və məsuliyyəti artırır. Əmin edirik ki, məktəbdə yaradılanlardan səmərəli istifadə edəcək, savadlı və vətənpərvər gənclər yetişdirməklə göstərilən etimadı doğruldacağıq”.
Məktəbin həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

 

Kosacanda Kənd Mərkəzinin açılışı olub

 

Noyabrın 21-də Kosacanda yeni kənd mərkəzinin də açılışı olub. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub. 
Bildirilib ki, kənd mərkəzində 9 dövlət təşkilatı – inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılıb və lazımi invertarlarla təchiz edilib. Kənd kitabxanasında 2589 kitab vardır.
Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının 183 üzvündən 30-u gənc, 68-i isə qadındır. 
Ali Məclisin sədri 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunduğunu və ötən dövrdə partiyanın böyük inkişaf yolu keçdiyini bildirib, Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının üzvlərini, eləcə də onların timsalında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bütün üzvlərini və təəssübkeşlərini təbrik edib. 
Rabitə evində yeni poçt bölməsi fəaliyyətə başlayıb, 384 yerlik yeni nəsil ATS quraşdırılıb. Baxış zamanı qeyd olunub ki, kəndə 2 min metr fiber-optik xətt çəkilib, sürətli və kəsintisiz internetə çıxış imkanı yaradılıb. Kənddə 49 internet istifadəçisi vardır. 
Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilib. Qeyd olunub ki, bu il Kosacan kəndində 13 uşaq doğulub. Hazırda 15 hamilə qadın məntəqədə qeydiyyatdadır. 
Ali Məclisin sədri əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqlarda peyvənd və hamilə qadınlarda patronaj işinin təşkili ilə bağlı tapşırıqlar verib. 

 

Kənddə yeni xidmət obyekti fəaliyyətə başlayıb

 

Həmin gün Kosacan kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. 
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mərkəzdə 6 sakin işlə təmin olunub. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan meyvə şirələri, turşular, ceviz, alma, armud, soğan, kartof və digər məhsullar da satışa çıxarılıb.

 

Kosacan kənd avtomobil yolu yenidən qurulub

 

Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər ardıcıl şəkildə davam etdirilir. Xüsusilə kəndlərdə avtomobil yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri yaşayış məntəqələrinin turizm və kənd təsərrüfatı potensialını daha da artırır. 
Noyabrın 21-də Kosacan kənd avtomobil yolu istifadəyə verilib. 
Naxçıvan Muxtar ­Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolun yenidən qurulması münasibətilə sakinləri təbrik edərək deyib: Kosacan kəndi bu gün müasir yaşayış məntəqələrinin sırasına daxil oldu. Kənddə şəhər rahatlığı yaradılmış, müasir məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuşdur. Kəndin məhsuldar torpaqları, daimi suyu, zəhmətkeş insanları vardır. Kosacan kəndi öz təsərrüfat ənənələri ilə daim seçilib, muxtar respublikanın ərzaq təminatında xüsusi rolu olub. Bu gün də kənddə torpaqlar əkilir, heyvandarlıq, maldarlıq, arıçılıq və quşçuluq inkişaf etdirilir. Dövlətin yaratdığı şəraitdən səmərəli istifadə olunmalı, ailə təsərrüfatları genişləndirilməli, maldarlıq və heyvandarlıqda cins tərkibi yaxşılaşdırılmalı, əkinçilikdə məhsuldar toxum sortlarından istifadə olunmalı, aqrotexniki qaydalara əməl edilməli, məhsuldarlıq artırılmalıdır. Yaradılan şərait kəndin inkişafına və insanların rahat yaşayışına hesablanıb. Ona görə də tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır. 
Kənd ağsaqqalı ­Mehman Nəcəfov deyib: “Bu gün Kosacan kəndində aparılan quruculuq işləri və yaradılan şərait bütün sakinlər tərəfindən sevinclə qarşılanır. Çünki Sovetlər Birliyi 70 ildə belə şərait yarada bilməyib. Lakin bu gün  daimi işığımız, qazımız, internetimiz, bir sözlə, rahat yaşayışımız var. Dövlətin dəstəyi ilə təsərrüfatlarımız genişlənir, dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. Kosacan müasir inkişaf dövrünü yaşayır. Muxtar respublikada aparılan quruculuq işləri, abadlaşan kəndlər, insanların rahat yaşayışının təmin olunması ən böyük vətənpərvərlik nümunəsidir”. Mehman Nəcəfov sakinlər adından Ali Məclisin sədrinə minnətdarlıq edib. 
Sonra Ali Məclisin sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirib. 
Yolda görülən işlərlə tanışlıq zamanı məlumat verilib ki, 5,7 kilometrlik yola asfalt örtük salınıb, 6500 metr kənddaxili yol təmir olunub. Yolun üzərində 76 su keçidi və 19 suötürücü qoyulub, 1524 metr beton kanal çəkilib. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün yol-cizgi və yolgöstərici xətlər çəkilib. 
*  *  *
Muxtar respublikanın kəndlərində aparılan quruculuq işləri yeni sosial obyektlərin tikilməsi ilə məhdudlaşmır. Kəndlərdə mövcud infrastruktur da yenilənir, geniş abadlıq işləri görülür. Kosacan kəndində də 2219 metr yeraltı və 8718 metr hava rabitə xətti, 8156 metr izolyasiyalı hava elektrik xətti çəkilib, 2 transformator yarımstansiyası qurulub. Həmçinin kənddə 3011 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb, 1340 metr içməli su xətti yenilənib, mövcud subartezian quyusu əsaslı təmir olunub.

21 Noyabr 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə