Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarusla Azərbaycan arasında səmimi dostluq və qarşılıqlı etimad daha da güclənir

Belarusla Azərbaycan arasında səmimi dostluq və qarşılıqlı etimad daha da güclənir

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev noyabrın 19-da Belarusa rəsmi səfərə getmişdir. Bu, dövlət başçımızın prezidentliyi dövründə dost Belarus Respublikasına 5-ci səfəri idi. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə rəsmi səfərə gəlmişdir.
Xatırlatmaq yerinə düşər ki, müstəqillik qazandıqları vaxtdan bəri Azərbaycanla Belarus arasında sıx dostluq, əməkdaşlıq münasibətləri yaranıb və bu, hər iki ölkənin maraqlarına uyğun şəkildə inkişaf edir. Hazırda dövlət başçıları arasında da möhkəm şəxsi dostluq münasibətləri var. Bunu budəfəki səfər də sübut etdi. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü, protokola görə, 45 dəqiqə nəzərdə tutulsa da, təkbətək görüş 2 saatdan artıq davam etdi. Bu, prezidentlər arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçılarının səmimi dostluğu mühüm rol oynayır.
Prezidentlərin rəhbərliyi altında geniş tərkibli görüş də qarşılıqlı hörmət əsasında keçdi. Bu görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin göstəricisidir. Prezident İlham Əliyev səfər zamanı Minskdə açılmış Azərbaycan Ticarət Evinə də baş çəkdi.
Səfər nəticəsində iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. Bəyanatda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunur. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətləri  olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər. Bu, bir daha göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Tərəflər ATƏT-in Minsk qrupunun bu istiqamətdə səylərini artırmasının vacibliyini bildiriblər.
Prezident İlham Əliyev birgə mətbuat konfransında demişdir: “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır – hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir”. 
Aleksandr Lukaşenkonun birgə mətbuat konfransındakı nitqindən: “2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik, deməliyəm ki, Sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq Sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm”.
İnanırıq ki, Belarusla münasibətlərimiz dövlət başçılarının siyasi iradəsi nəticəsində daha da möhkəmlənəcək və işğalçı Ermənistanın ciddi şəkildə qıcıqlanmasına baxmayaraq, yeni yüksək nəticələrə gətirib çıxaracaq. 

 

Nizami SÜLEYMANOV, 
UNEC-in professoru, tarix elmləri doktoru

21 Noyabr 2018 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin