Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın İrana qarşı sanksiyalarının Cənub Qaz Dəhlizinə aid edilməməsi bu layihənin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir

ABŞ-ın İrana qarşı sanksiyalarının Cənub Qaz Dəhlizinə aid edilməməsi bu layihənin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir

Bu il avqustun 7-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə minməsinə dair fərman imzalayıb. Fərmana əsasən, sanksiyaların birinci mərhələsində İranın qızıl və digər qiymətli metallarla ticarət aparmasına məhdudiyyətlər qoyulur,  İran hökuməti tərəfindən beynəlxalq bazarlarda dollar və qiymətli metal alınması qadağan edilir.
Sanksiyalar, həmçinin İran sənayesinin inkişafına təsir göstərəcək ixrac və idxal əməliyyatlarının qarşısının alınmasına yönəlib, bu ölkənin qida sənayesinin ixracını məhdudlaşdırmağa xidmət edir. İranın dövlət borclarının alınmasına, o cümlədən avtomobil maşınqayırma sənayesi məhsullarının xarici bazarlarda satışına qadağa qoyur.
Bəzi ekspertlər tərəfindən ABŞ sanksiyalarının ikinci mərhələsində İran şirkətinin payçısı olduğu “Şahdəniz” layihəsinin əngəllənəcəyi də iddia edilirdi. Lakin bu, baş vermədi, müstəsna hal kimi “Şahdəniz” layihəsi və Azərbaycandan Avropaya qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi  ABŞ-ın İrana qarşı sanksiyalarının təsirindən azad edildi.  
“S&P Global Platts” agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda bildirilir ki,  İrana qarşı yeni sanksiyalar  Cənub Qaz Dəhlizi  layihəsinə aid edilməyib. Məlumatda, həmçinin vurğulanır ki, layihənin əsas məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların Cənubi Qaz Dəhlizinin təbii qaz mənbəyi olan “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. ABŞ Prezidentinin bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində də məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur. Bu isə o deməkdir ki, Cənubi Qaz Dəhlizi  layihəsi dünya səviyyəsində dəstəklənərək, yüksək qiymətləndirilir, onun beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə mühüm töhfə olduğu bir daha təsdiqlənir. 
“S&P Global Platts” agentliyinin məlumatında, eyni zamanda, vurğulanır ki,  BP, həm də ABŞ hökumətinə Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi layihəsinin sanksiyalardan kənarda saxlanılması üçün müraciət edib. Xatırladaq ki, İranın NİOC şirkəti bu konsorsiumda 10 faizlik paya malikdir və bu da potensial olaraq ABŞ-ın İranın neft sektoruna tətbiq etdiyi sanksiyaların təsiri altına düşə bilərdi. Lakin Trampın müvafiq fərmanında Cənub Qaz Dəhlizinə işarə ilə bildirilir ki, “təbii qaz layihəsi istisnadır”. Bunun ardınca isə fərmanda 2012-ci ildə qəbul edilən akta istinad edilir. Həmin aktda “Azərbaycanda qaz hasilatının,  Türkiyəyə və Avropaya təbii qazın nəqlinin sanksiyalardan azad edilməsi” nəzərdə tutulur. Bu qanuna əsasən, Cənub Qaz Dəhlizi Avropanın Rusiyadan energetika asılılığını azaltmağa xidmət etdiyi üçün istisna təşkil edir.
Enerji layihələri üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın mətbuata açıqlamasında bildirilir ki,   ABŞ-ın indiki  sanksiyaları əvvəlkilərdən sərtliyinə görə daha kəskin fərqlənir: “Bu sərtlik ondan ibarətdir ki, birinci sanksiyalar  (2012-2015-ci illərdə) yalnız İran şirkətlərinə aid edilirdi. İndi isə həm İran şirkətləri, həm də onlarla əməkdaşlıq edəcək xarici şirkətlər sanksiyaların əhatə dairəsinə düşəcək. Bu məqamın İran üçün çox ciddi nəticələrə səbəb olacağı da  gözlənilir. Sanksiyaların birinci mərhələsi avqustun 6-da qüvvəyə minib və dərhal da özünü göstərib: İran rialı kəskin məzənnə itkisi ilə üzləşib. Bu il noyabr ayının 3-dən 4-nə keçən gecədən qüvvəyə minəcək sanksiyaların ikinci mərhələsi isə əsasən, İranın neft-qaz sektoruna qarşı yönələcək. Həmin mərhələdə İrandan neft idxalına qadağa qoyulacaq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri daha sonra diqqətə çatdırır ki, istisnanın yalnız “Şahdəniz” layihəsi ilə bağlı edilməsi onunla əlaqədardır ki, İran bu layihədə yalnız payçıdır. Həmin layihə ilə bağlı məsələ hələ birinci sanksiyalar dövründə qaldırılmışdı. Onda İranın Britaniyadakı layihəsi dayandırıldı, amma ”Şahdəniz” fəaliyyət göstərməkdə davam etdi. Sadəcə, İran şirkətinə sanksiyalar dövründə layihədəki payına uyğun mənfəəti almaq qadağan olundu. Həmin mənfəət layihənin o zamankı maliyyə operatoru olan Norveçin “Statoil” şirkətinin hesabına yığıldı, sanksiyalar qaldırılandan sonra İran şirkətinə ödənildi. İndi yenidən İranın iştirakçısı olduğu bu layihə gündəmə gəldi. 
Enerji layihələri üzrə mütəxəssis daha sonra bildirir ki, İrana qarşı sanksiyaların bərpa olunması açıqlanandan sonra ABŞ Dövlət Departamenti iki dəfə “Şahdəniz -2” layihəsi və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığına dair açıqlama ilə çıxış edib. Eyni mövqeni Avropa Komissiyası da sərgiləyib. Yəni bu layihələrin əhəmiyyəti enerji təhlükəsizliyi fonunda Avropanın milli təhlükəsizliyi kimi də dəyərləndirilir. Buna görə də nə Avropa Komissiyası (birinci mərhələdə Avropa da İrana qarşı sanksiyalar tətbiq etmişdi), nə də ABŞ hökuməti uzun illər bu layihələrə kölgə salmayacaq.  
ABŞ-ın İrana qarşı sanksiyalarının Cənub Qaz Dəhlizinə aid edilməməsi, həm də Azərbaycanın  Avropada  enerji təhlükəsizliyinə təminat yaradan ölkə kimi tanınması ilə bağlıdır. Başqa sözlə, bu qaz dəhlizi ölkəmizin regionda və Avropada əhəmiyyətini artırıb, respublikamızla  Qərb arasında münasibətlərin daha yüksək səviyyəyə yüksəlməsini şərtləndirib.    
Yeri gəlmişkən, haqqında danışılan layihə Azərbaycanı enerji ixrac edən dövlət olmaqla yanaşı, həm də qaz nəqlini gerçəkləşdirən və tranzit ölkə kimi tanıdır. Həmçinin Azərbaycan tərəfindən bu layihəni həyata keçirilməsi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizə böyük nüfuz qazandırır. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına, regionda sabitliyin təmin olunmasına ciddi təsir göstərir. 
Sözügedən layihənin əhəmiyyətini artıran səbəblərdən biri də layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin mənfəət əldə etməsi, yeni iş yerlərinin yaradılması  və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərməsi ilə bağlıdır.  
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk bu il iyunun 12-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin Əskişəhər bölgəsində keçirilən açılış mərasimində ABŞ-ın Avropanın enerji təchizatının şaxələndirilməsində bu layihənin mühüm rolunu dəyərləndirərək, hələ 10 il bundan əvvəl təklif olunan Cənub Qaz Dəhlizi barədə təşəbbüsü dəstəklədiyini diqqətə çatdırıb.  
Xanım S.Oudkirk, eyni zamanda, Prezident Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Prezident İlham Əliyevə göndərdiyi məktubunda Cənub Qaz Dəhlizinin inanılmaz nailiyyət olduğunu və bunun Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğuladığını xatırladıb, sözügedən layihəyə güclü dəstəyini diqqətə çatdırıb.  
Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 

 

11 2018 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin