Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiyanın yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və bu gün qazandığı möhtəşəm nailiyyətlər barədə danışıb. O bildirib ki, YAP-ın yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycanın ən önəmli hadisələri sırasındadır. YAP təkcə Azərbaycan tarixində deyil, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər.
Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Bildirilib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Vurğulanıb ki, Azərbaycan hazırda regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan  iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əlindən verməyəcək.
Sonra çıxış edən Baş nazirin müavini, YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov partiyanın yaranması dövrünə nəzər salaraq o zamanlar xalqımızın çox çətin sınaqlarla üz-üzə qaldığını xatırladıb. Qeyd edib ki, məhz belə bir vaxtda Azərbaycanın gələcəyini düşünən ziyalılar ümummilli lider Heydər Əliyevə müraciət etdilər. YAP-ın yaranmasından qısa müddət sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığını deyən Baş nazirin müavini ümummilli liderimizin Azərbaycanı bütün təhlükələrdən xilas etdiyini söyləyib.
Qeyd edilib ki, ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, ölkə ­Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da çıxışında Yeni Azərbaycan Partiyasının ötən 26 il ərzində keçdiyi şərəfli yol, cəmiyyətdəki mövqeyi və qazandığı uğurlar barədə danışıb. YAP-ın yaranmasının çətin dövrə təsadüf etdiyini deyən parlament sədrinin müavini o dövrdə partiyanın yaradılması uğrunda mübarizə aparan insanların fədakarlığını xüsusilə qeyd edib. Bahar Muradova Heydər Əliyev ideyalarının bu gün ­Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. O əlavə edib ki, qazanılan uğurlarda partiya üzvlərinin özünəməxsus rolu var.  
Sonra çıxış edən YAP-ın gənc üzvü Mehman Musayev Heydər Əliyev irsinin Azərbaycan gəncliyi üçün böyük məktəb olduğunu bildirib.

21 Noyabr 2018 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin