Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın xarici siyasi naşılığı Ermənistanı beynəlxalq aləmdən kənarda qoyur

Nikol Paşinyanın xarici siyasi naşılığı Ermənistanı beynəlxalq aləmdən kənarda qoyur

Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın siyasi naşılığı onsuz da çökməkdə olan Ermənistanı getdikcə daha ağır vəziyyətə salır. Onun xarici siyasətinin hələ də qeyri-müəyyən olması işğalçı ölkəni beynəlxalq aləmdən uzaqlaşdırır. “Meydan lideri”nin qeyri-ciddiliyi, bir-birini təkzib edən bəyanatları onun haqqında artıq dəqiq formalaşdırıb: bu adam diplomatiyadan tam uzaq, məhdud siyasi baxışları olan, dövlət idarəçiliyində “meydan adamı”dır. Paşinyanın baş nazir olandan sonra xarici ölkələrə səfərləri, bu zaman etdiyi çıxışlar, verdiyi bəyanatlar onun daxili aləmini bir daha ortaya qoydu.
Hazırda Ermənistanda ciddi hakimiyyət böhranı var. Artıq parlament, demək olar ki, fəaliyyət göstərmir. Ölkə Prezidenti baş verən hadisələri kənardan seyr etməklə məşğuldur. Paşinyan isə beynəlxalq təşkilatlarda həm özünü rüsvay etməklə, həm də ölkəsinin iç üzünü açmaqdadır. Təbii ki, özündən ixtiyarsız. Bu fakt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana Sammitində də özünü büruzə verdi. Ermənistan rəhbərliyi Yerevan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını nümayiş etdirməklə siyasətdə piyada olduğunu yenidən göstərdi. Təbii ki, buna qədər də “diplomatik savadını” və dövlət idarəçiliyindəki qeyri-peşəkarlığını bir neçə dəfə nümayiş etdirmişdi. Əslində, Ermənistan nümayəndəsinin KTMT-dən vaxtından əvvəl uzaqlaşdırılması Paşinyan hökumətinə ciddi xəbərdarlıq mesajı idi. Eyni zamanda, həmin qərar bu təşkilatın Ermənistana cəza tətbiq etmək istiqamətində başlanğıc addımı kimi dəyərləndirilməlidir. 
Hadisələrin gedişi göstərir ki, artıq beynəlxalq təşkilatlar işğalçı ölkənin nazı ilə oynamaqdan təngə gəlib. Görünür baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın “ərköyünlüyü” bu ölkə ilə bağlı hələ çox siyasi qərarlar qəbul edilməsinə rəvac verəcək və gələcəkdə daha ciddi addımların atılacağına gətirib çıxaracaq.
Digər ölkələrin KTMT-yə müşahidəçi statusunda qəbulu ilə bağlı informasiyaların dövriyyəyə buraxılması da təsadüfi deyil. Azərbaycanın ciddi bir alternativ olması artıq Ermənistanın həm regionda, həm də birbaşa Dağlıq Qarabağ problemi ilə bağlı cəzalandırılması anlamını reallaşdıracaq.
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu ölkənin nümayəndəsinin KTMT-in baş katibliyindən vaxtından əvvəl uzaqlaşdırılması ilə əlaqədar Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini bildirməsi onun dövlət idarəçiliyindəki qeyri-peşəkarlığının və səriştəsizliyinin daha bir sübutudur. Bu, həm də onu göstərdi ki, ermənilərin tarixən də dövlətçilik ənənəsi olmayıb. Eyni zamanda, bu. Paşinyanın siyasi cəhətdən yetkin olmadığını təsdiqləyir. Axı Ermənistan Belarusun və ya Qazaxıstanın bir vilayəti boydadır. 
Təbii ki, küçədən gəlmiş bir adamın səviyyəsi bundan artıq ola bilməzdi. Necə deyərlər, özü yıxılan ağlamaz. Paşinyan dərk etməli idi ki, KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlikdir. Həmçinin, Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyil. Bu, həm də yarandığı gündən bu vaxta qədər KTMT-yə vurulan ən ağır zərbə idi. 
Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edərkən də gündəmə gətirildi. Həmin görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibinin rəhbərlik etdiyi və Ermənistan ordusu üçün ağır məğlubiyyətlə nəticələnən Azərbaycan və Ermənistan ordularının döyüş qarşıdurmaları zamanı rüsvayçı davranışı xatırladıldı. Qeyd edildi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mühüm beynəlxalq quruma bu şəxsin təyinatı təşkilata açıq-aşkar hörmətsizlik idi. Bu adamın cinayətə görə təqib olunaraq, sürgün edilməsi isə beynəlxalq təcrübədə nadir hadisədir – beynəlxalq məmur bu minvalla məsuliyyətə cəlb olunur və üzv ölkələrə heç bir xəbər verilmir. Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan rəhbərliyinin dediyi kimi, hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir.

 

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı, 
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

21 Noyabr 2018 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə