Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqım da, dövlətim də qəhrəmanlarını unutmur

Xalqım da, dövlətim də qəhrəmanlarını unutmur

Bu günlərdə Prezident İlham Əliyevin fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada on bir min manat məbləğində birdəfəlik ödəmələr verilir. Belə ödəmə alanlardan biri də Quba rayon Vladimirovka kənd sakini, şəhid ailəsi Zöhrab Qaraxanovdur. Dövlətimizin başçısının bu humanist addımı barədə Zöhrab kişi bunları dedi: 
– Oğlum Mübariz 1992-ci ildə Xocavənd rayonunun Əmiralılar kəndi uğrunda ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur. O, cəbhəyə könülü yollanmışdı. Mən həyatını Vətəninə qurban verməyi bacaran igid oğul böyütdüyüm üçün hər zaman fəxr etmişəm. 
Mübarizin dünyasını dəyişdiyi vaxtdan 26 il keçir. Bu gün də onun saf, səmimi çöhrəsi gözlərim önündədir. Rəhmətlik anası da, mən də çox istəyirdik ki, Mübarizi evləndirib ailə, övlad sahibi edək. Hər dəfə toydan söz düşəndə deyirdi ki, qoy düşmənləri doğma torpağımızdan qovaq, ondan sonra evlənərəm. Qismət olmadı.
Bu gün yeganə təsəllim odur ki, nə xalqım, nə də dövlətim şəhidlərimizi unutmur. Mən dövlətimin başçısı möhtərəm İlham Əliyevə biz şəhid ailələrinə göstərdiyi bu böyük diqqət və qayğıya görə çox minnətdaram. 
Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, əbədi və əzəli torpağımız olan Qarabağımızın bir qarışı da düşmən tapdağı altında qalmayacaq. Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Milli Ordumuz, xalqımızın igid oğul və qızları ən yaxın gələcəkdə Qarabağda tarixi qələbəyə imza atacaqlar! 

 

Söhbəti yazdı: 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

21 Noyabr 2018 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə