Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyası –regionun ən güclü siyasi təşkilatı

Yeni Azərbaycan Partiyası –regionun ən güclü siyasi təşkilatı

Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.
Heydər ƏLİYEV 
Ümummilli lider

 

Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

 

İyirminci əsrin görkəmli siyasətçisi və dövlət xadimlərindən olan Uilyam Çörçilin müxtəlif məsələlər haqqında ayaqüstü, hansısa sualı cavablandırarkən söylədiyi fikirlərin böyük əksəriyyəti sonradan dillər əzbərinə çevrilmişdir. Məsələn, onun ətrafındakı adamlardan biri soruşubmuş ki, bu məsələnin həllini altı-yeddi ay sonraya saxladıq, sonra nə edəcəyik? Çörçill cavab verir ki, o zaman neyləyəcəyimizi altı–yeddi ay sonrakı proseslər müəyyən edəcək. 
Görkəmli dövlət xadiminin həmin cavabı sonradan dəfələrlə öz təsdiqini tapıb. Elə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsində xüsusi xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaradılması da, zamanın tələbi və xalqın istəyi nəticəsində baş vermişdi. Partiyanın yaradılmasından nəinki bir il, hətta, 7-8 ay əvvəl də heç kəs bilməzdi ki, ölkədə vəziyyət bu dərəcədə ağırlaşacaq. Ancaq bu, baş verdi.Vəziyyət elə gərginləşdi ki, qardaş qırğını da, dövlətçiliyin məhvi də təhlükəli xarakter aldı. 
O zaman böhrandan çıxış yollarını axtaran xalq öz böyük oğlu Heydər Əliyevə müraciət etdi. Çünki postsovet məkanı, Qafqaz regionu, xüsusən, Azərbaycan elə bir xaotik dövrünü yaşayırdı ki, həmin günlərdə heç kəs bir neçə ay sonra nələrin baş verəcəyini proqnozlaşdıra bilmirdi. Ancaq hamı yaranmış vəziyyətdən çıxmağı arzulayırdı. Bəs məhrumiyyətləri necə dəf etmək, böhrandan, qırğından, aclıqdan, milli dövlətçiliyin yenidən məhvindən necə xilas olmaq mümkün idi?
Bu suallara cavab axtaran ziyalılarımız – Azərbaycan xalqının düşünən beyinləri, öndə gedən insanları həmin çətin durumdan çıxmağın yeganə yolunu ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər. Çünki çoxsaylı siyasi hərəkatların, ən müxtəlif məqsədlərə və hədəflərə yönəlmiş axınların dağıdıcı fəaliyyətinin qarşısını yalnız müdrik siyasət, möhkəm iradə, güclü şəxsiyyət ətrafında xalqın birliyi ala bilərdi. 
Hamı anlayırdı ki, Heydər Əliyevin siyasi proseslərə təsir göstərməsi inandırıcı və mümkündür. Ölkədə ictimai-siyasi prosesləri düzgün istiqamətə yönəldə bilmək üçün bir siyasi təşkilata ehtiyac duyulurdu. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlanıldı. Qısa müddətdə görülən işlər öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi. 
Qeyd etdiyimiz kimi, həmin dövrdə ölkədə ictimai-siyasi prosesləri həddən artıq ziyanlı istiqamətlərə yönəldən qüvvələr var idi və onlar yeni siyasi mərkəzin yaranmasını sakitliklə qarşılaya bilməzdilər. Ona görə də ölkənin o zamankı rəhbərliyi tərəfindən elə addımlar atıldı ki, milli qurtuluşa çalışanların toplantısı Bakıda yox, Naxçıvanda keçirilməli oldu. Çünki bu tədbirin Bakıda keçirilməsinin mümkün olmaması üçün o zamankı AXC-Müsavat cütlüyü bütün “hazırlıqları görmüşdü”. 
Ulu öndərin də iştirak etdiyi həmin toplantıya ölkənin hər yerindən nümayəndələr gəlmişdi. Sonradan adına konfrans deyilən mühüm toplantıda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələr müəyyənləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. 
Ulu öndər Heydər Əliyevin yeni siyasi təşkilatın yaranmasına razılıq verməsi, onun başında dayanması, partiyanın işini təşkil etməsi, onun vasitəsilə Azərbaycanın ictimai-siyasi spektrini bir araya gətirərək ölkəni xaosdan, anarxiyadan qurtarmaq istiqamətindəki səyləri xalqın mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. 
Ötən il noyabrın 14-də – Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söyləyən Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyev partiyanın yarandığı günləri, xüsusən Naxçıvanda keçirilən konfransı yada salaraq demişdir: “Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və ulu öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi”.
Bəs nə üçün xalq öz ağır günlərində məhz Heydər Əliyevə üz tutmuş, müstəqil Azərbaycan dövlətinin taleyini ona etibar etmişdi? Çünki ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini qazanmışdı. Tarixi sənədlərdə oxuyuruq ki, sovet dönəmində ən geridə qalmış respublikalardan biri olan Azərbaycan məhz onun dövründə ən qabaqcıl respublikaya çevrilmişdir. Onun 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində fəaliyyəti nəticəsində respublikada böyük quruculuq işləri aparılmışdır və Azərbaycan, sözün əsl mənasında, hərtərəfli inkişaf edirdi. Ondan sonrakı dövrdə Moskvada yüksək vəzifədə çalışarkən həmişə Azərbaycana böyük diqqət və qayğı göstərmişdir.
Dövlət başçımız adıçəkilən mərasimdə xatırladıb ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Yəni, bu gün partiya fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.
Biz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən ­Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün beynəlxalq aləmdə fəal siyasət apararaq, Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bilmişik. Geridə qalan illərdə Azərbaycan uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Dövlət başçımızın dediyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var.
Məhz həmin rəğbət və dəstəyin nəticəsidir ki, Azərbaycanın nailiyyətləri beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Yəni, bu rəqəm deməyə əsas verir ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş vermişdir. Yəni, bir sözlə, Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib.
Onu da xüsusilə vurğulamalıyıq ki, dövlətimizin qüdrətlənməsi və beynəlxalq aləmdə yeni nüfuz qazanması ilə yanaşı Yeni Azərbaycan Partiyası da öz beynəlxalq əlaqələrini möhkəmləndirib və böyük nüfuza malik siyasi təşkilata çevrilib. Ekspertlər yazırlar ki, Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda Yeni Azərbaycan Partiyasının da beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. 
Bu partiya bir neçə istiqamətdə beynəlxalq əlaqələrini inkişaf etdirir. Həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətləri quran YAP Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə geniş əlaqələrə malikdir. Yeni Azərbaycan Partiyası həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində səmərəli fəaliyyət göstərir.
 Bundan başqa, YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın Gənclər Birliyinin nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. YAP Qadınlar Şurasının həm ölkədaxili, həm də beynəlxalq qadın hərəkatının tərkib hissəsi kimi sərgilədiyi mövqe isə təqdirəlayiqdir və hər bir qadını fəal siyasi həyata daha da ruhlandırır.
Bütün bunlar isə onu göstərir ki, Yeni Azərbaycan Partiyası regionun və dünyanın tanınmış, nüfuzlu siyasi partiyalarından biridir.

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

21 Noyabr 2018 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin