Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Camal Qaşıqçının qətli BMT-nin himayəsi altında araşdırıla bilər

Camal Qaşıqçının qətli BMT-nin himayəsi altında araşdırıla bilər

Ankara jurnalist Camal Qaşıqçının qətlinin BMT-nin himayəsi altında araşdırılmasını tələb edə bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Məlumatı “Anadolu” agentliyi yayıb. 
M.Çavuşoğlunun sözlərinə görə, bu addım Səudiyyə Ərəbistanı ilə jurnalistin ölümünün araşdırılmasındakı əməkdaşlıqda irəliləyiş olmadığı halda atılacaq. Nazir vurğulayıb ki, hazırda bu istiqamətdə əməkdaşlıq rəsmi Ankaranın görmək istədiyi səviyyədə deyil.
Yeri gəlmişkən, Vaşintqonda səfərdə olan Türkiyənin xarici işlər naziri burada ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb. M.Popmeo bu barədə Dövlət Departamentində jurnalistlər qarşısında çıxış edərkən deyib: "Mən indicə Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə görüşü başa vurdum. Biz Səudiyyə jurnalisti Camal Qaşıqçının ölümünü, Suriyada münaqişənin deeskalasiyası, həmçinin Suriya münaqişəsinin davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün BMT-nin himayəsi altında sülh prosesinin dəstəklənməsi və aktivləşdirilməsi üzrə birgə işi müzakirə etdik”.
Qeyd edək ki, jurnalist C.Qaşıqçının qətli ilə bağlı beynəlxalq təpkilər güclənməkdə davam edir. Bu günlərdə Almaniya hökuməti Səudiyyə Ərəbistanının 18 vətəndaşının Avropanın 26 ölkəsini əhatə edən Şengen ərazisinə girməsinə qadağa qoyub. 
Almaniyanın xarici işlər naziri Hayko Maasın sözlərinə görə, 18 səudiyyəlinin Şengen zonasına səyahətini qadağan edən qərar onların jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilindiklərinə görə verilib. 
Məlum olduğu kimi, Almaniya bir müddət əvvəl Qaşıqçının qətli ilə bağlı Səudiyyə Ərəbistanına silah satışını dayandırıb. Böyük Bitaniyanın da tezliklə ər-Riyada qarşı sanksiyalar tətbiq edəcəyi gözlənilir. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

21 Noyabr 2018 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin