Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəsmi Kanberra BMT-nin Qlobal Miqrasiya Paktına qoşulmaq istəmir

Rəsmi Kanberra BMT-nin Qlobal Miqrasiya Paktına qoşulmaq istəmir

 “Reuters” agentliyinin yaydığı  məlumata görə, Avstraliyanın Baş naziri Skott Morrison bildirib ki, BMT-nin Qlobal Miqrasiya Paktı onun ölkəsinin milli təhlükəsizliyi üçün təhdid mənbəyidir və Kanberra bu sənədi imzalamaq istəmir. 
Mənbənin məlumatına görə, Avstraliya bu addımı ilə paktı imzalamaqdan imtina edən ABŞ, İsrail və bir sıra Avropa ölkələri ilə həmrəylik nümayiş etdirib. S.Morrison Kanberrada “2GB Radio”ya müsahibəsində deyib ki, Avstraliyanın yeni işçi qüvvəsinə ehtiyacı olsa da, onun rəhbərlik etdiyi hökumət qanunsuz miqrasiyanın əleyhinədir. Ölkənin təhlükəsizlik qüvvələri qayıqlar və gəmilərlə ölkəyə gələn qeyri-leqal miqrantların qarşısını qətiyyətlə alacaq.
Analitiklər Morrisonun bu qərarını gələn ilin mayında ölkədə keçiriləcək seçkilərlə əlaqələndirirlər. Belə ki, keçirilmiş sorğunun nəticələrinə görə, avstraliyalıların 40 faizi miqrasiyanın əleyhinə, 20 faizi isə lehinə çıxış edirlər. Əhalinin qalan 40 faizi bu məsələdə bitərəf mövqe tutub.
Baş nazir Morrison Avstraliyanın illik 190 min immiqrasiya yerinin də azaldılacağını, qanuni əsaslarla daha az köçkünün qəbul ediləcəyini də vurğulayıb.
Xatırladaq ki, BMT-yə üzv ölkələrin hökumətləri səviyyəsində razılaşdırılan Qlobal Miqrasiya Paktı bu il dekabrın 10-11-də Mərakeşdə keçiriləcək konfransda imzalanmalıdır. Paktın mətnində deyilir ki, üzv ölkələrin suverenliyinə və qaçqınlarla bağlı milli siyasətinin müstəqil təşkilinə müdaxilə olunmur, həmçinin bu sənəd beynəlxalq hüquqla heç bir icbari funksiya daşımır.

 

Rövşən ATAKİŞİYEV, 
Xalq qəzeti”

21 Noyabr 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin