Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın müxbir üzvü Tələt Kəngərlini 70 illik yubileyi

AMEA-nın müxbir üzvü Tələt Kəngərlini 70 illik yubileyi

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tələt Nəsrulla oğlu Kəngərlinin 70 yaşı tamam olub. O,1948-ci il noyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini bitirib. 1982-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 2010-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

science.gov.az saytı yazır ki, əmək fəaliyyətinə keçmiş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi sistemində başlayan alim burada geoloq, böyük geoloq, baş geoloq, geoloji partiya rəisi vəzifələrində çalışıb. 1994-2001-ci illərdə keçmiş İqtisadiyyat Nazirliyinin “Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiya” şöbəsinin müdiri, 2001-2010-cu illərdə isə AMEA Geologiya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərib. 2011-ci ildən indiyədək həmin institutun Geotektonika və regional geologiya şöbəsinin rəhbəridir.

Alimin iştirakı və rəhbərliyi altında Azərbaycan Respublikasının yeni geoloji, tektonik, neotektonik, struktur rayonlaşdırma və digər xəritələri işlənib hazırlanıb, “Azərbaycan Respublikasının Geoloji Ensiklopediyası”, “Naxçıvan MR-in Geoloji Ensiklopediyası”, “Qarabağın humanitar və təbiət irsi”, “Qarabağın geoloji-coğrafi atlası”, həmçinin geoloji təyinatlı müxtəlif xəritələr üzərində işlər aparılır. T.Kəngərlinin bilavasitə təşəbbüsü və iştirakı ilə beynəlxalq işçi qrupu tərəfindən ilk dəfə olaraq Qafqazın geodinamik əsaslı tektonik xəritəsi işlənib hazırlanıb və nəşr üçün təqdim edilib. 

O, 110-dan artıq elmi əsərin, o cümlədən 10 xəritə, 1 müəlliflik şəhadətnaməsi, 4 kollektiv monoqrafiyanın müəllifi və həmmüəllifidir. Alimin 57 elmi əsəri xaricdə çap olunub. Tanınmış beynəlxalq jurnallarda T.Kəngərlinin əsərlərinə istinad olunur. Alimin rəhbərliyi ilə 1 əcnəbi (İsveçrə) fəlsəfə doktoru yetişdirilib.

T.Kəngərli istehsalatdakı geoloji fəaliyyətinə görə keçmiş SSRİ Geologiya Nazirliyinin  Fəxri fərmanı, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Fərqləndirici fərmanları ilə təltif olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

21 Noyabr 2018 18:11 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin