Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriya türkməni sənətçi, tədqiqatçı Adil Şan Azərbaycanda

Suriya türkməni sənətçi, tədqiqatçı Adil Şan Azərbaycanda

Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Aradırmalar” İctimai Birliyinin dəvətilə və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş və onun kitablarının təqdimat mərasimi keçirilib.  A. Şan, həmçinin araşdırmaçı-yazar, "Türkvizyon" musiqi yarışmasının qalibi olmaqla, “Diriliş Ərtoğrul” serialından möhtəşəm səsi ilə izləyiciləri valeh edən, Ozan kimi tanıdığımız aktyordur.

Tədbiri giriş sözü ilə açan Qənirə Paşayeva qonağı Bakıda görməkdən məmnun olduğunu deyərək bildirdi ki, Adil Şan nəinki mənsub olduğu Bayırbucaq, Türkməndağı, Hələb türklərinin səsini dünyaya çatdırır, o, dəyərli vətənsevər ziyalı olaraq, bütövlükdə türk dünyasını təmsil edir, onun problemlərinə və uğurlarına da diqqətlə yanaşır. Onun qardaş Azərbaycana olan sevgi və məhəbbətinin nəticəsidir ki, Adil Şan ölkəmizə səfər edib. Adil Şanın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva qonağın əslinin Güney Azərbaycana bağlı olub ordan Suriyaya köç etmiş bir türkmən nəslinə mənsub olduğunu diqqətə çatdırdı. Adil Şan istər yazdığı kitablarla, istərsə də ictimai fəaliyyəti ilə hər zaman türk dünyasını narahat edən problem və məsələləri gündəmə gətirən ziyalıdır. Onun “Diriliş Ərtoğrul” serialında canlandırdığı Ozan obrazı təkcə Türkiyədə olan tamaşaçıları arasında deyil, Azərbaycanda da bu serialı izləyənlər arasında rəğbətlə qarşılanıb.

Q.Paşayeva Suriya türkmənlərinin keçmişi, bugünü, yaşadığı acınacaqlı həyat, Suriyadan zorla öz evlərindən didərgin salınan Türkmən köçkün qardaş-bacılarımızla Türkiyədə keçirdiyi görüşlər barədə ətraflı məlumat verdi. "Bu insanlar bizim qardaş-bacılarımızdır,  onların yanında olmaq bizim  borcumuz və vəzifəmizdir. Hər zaman Suriya türkmənləri-- qardaş-bacılarımızın yanındayıq",--deyən millət vəkili Q.Paşayeva onun bir neçə gün əvvəl Azərbaycana səfəri, keçirdiyi görüşlər, tədbirlərdən söz açdı: “Bu görüşlər Suriya türkmənləri ilə Azərbaycan arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək və hər zaman sizi və digər türkmən qardaş-bacılarımızı azərbaycanda  görməyə şad olarıq".

Deputat Adil Şanın  təqdimatı keçirilən iki kitabı və musiqi albomu barədə də məlumat verərək bildirdi ki, Adil Şan indiyə kimi Suriya türkmənlərinin qan yaddaşı, etnoqrafik tarixi, adət-ənənləri, ata sözləri başda olmaqla folklor nümunələri ilə bağlı bir çox araşdırmalar aparmış, kitablar yazmışdır. Suriya türkmənlərinin tarixini oyrənmək istəyənləri həmin kitabları oxumağa çağırdı.  Adilin növbəti kitabının Bakıda işıq üzü görməsi ilə bağlı artıq razılaşmanın olduğunu bildirərək dedi ki, Adil Şanın üçüncü kitabı ölkəmizdə çap olunacaq.

Tədbirin aparıcısı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı təqdimatda iştirak edən millət vəkillərini, media nümayəndələrini, vətəndaş cəmiyyəti fəallarını bir ortaq dəyərin birləşdirdiyini qeyd etdi. Xüsusi olaraq vurğuladı ki, bu ortaq dəyər türk dünyasının uğurları, problemləri və bundan sonra görüləcək işlərin aktuallığıdır.

Adil Şan tək özünün yox, bütün türkmənlərin dünən və bugün keçdiyi həyat hekayəsini anlatdı. Dilindən məhrum insanları, əlifbasına qadağa türkmənləri, türk adını çəkməyin belə yasaq olduğu şəraitdə yaşamağın, eldən-elə köç etməyin dəhşətlərini gözlərimiz önündə canlandırdı. “Amma bir an da olsa, kimliyimizi, türklüyümüzü unutdura bilmədilər”,--dedi. “Əlimizdən tutan olmadı...”--deyə oxuduğu türkü ilə tədbir iştirakçılarını xəyalən keçmişə--Göytürklərin dövrünə apardı, xaqanları, sultanları  xatırlatdı. Maraqlı odur ki, yeganə türk musiqisidir ki, səslənəndə notlar türklüyün yaşadığını, yaşayacağını musiqinin dili ilə nəinki anladır, həm də qanımıza, canımıza hopdurur.

Suriya türkmənləri adından Q. Paşayevanın əl işi olan fotosunu deputata təqdim edən sənətçi Azərbaycana bir neçə günlük səfəri zamanı qardaş məhəbbəti ilə əhatə olunduğuna görə əməyi olan hər kəsə təşəkkür etdi. Suriya türkmənlərinin məruz qaldığı problemləri Azərbaycan ictimaiyyətinın canıyananlıqla dinləməsi və oradakı soydaşlarımızın probleminə şərik çıxmasını xüsusi qeyd etdi. Adil Şan iştirakçıları maraqlandıran sualları da cavablandırdı.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu, “Həmvətənlərə dəstək” İctimai Birliyinin üzvləri, şəhid ailələri, vətən yolunda sağlamlıqlarını itirmiş qazilərimizin və qazilərdən ibarət futbol komandası üzvləri, media nümayəndələrinin görüşdə iştirakı türk dünyasının problemlərinin də ortaq olduğunun, Azərbaycan ictimaiyyətinin Suriyadakı həmvətənlərimizə dəstəyin ifadəsi idi.

Tədbirdə qeyd edildi ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ortaq dəyər və maraqlarımızı, türk dünyasına olan baxışımızı unutmamalıyıq. Böyük bir coğrafiyanı əhatə edən türk dünyasında mövcud olan problemlərin əksəriyyəti eyni xarakterlidir. Odur ki, onların bir daha təkrar olunmaması və qarşısının alınması üçün türk xalqları arasında həmrəyliyin daha da güclənməsi vacibdir.

Sonda tədbirin təşkilatçıları Suriya türkmənləri ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirdilər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Noyabr 2018 12:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin